Ölkədə sabitliyin pozulmasına nail olmaq, siyasi şou yaratmaqda mahir olan bir qrup radikal müxalifətçinin müxtəlif təxribatlar törətmək cəhdlərində bulunduğu məlumdur. Son günlər isə “Xeyriyyə marafonu” adı altında aksiya keçirən radikal müxalifətçilərin qanunsuz əməlləri cəmiyyəti ciddi narahat edir.
Məlum olduğu kimi, qanunsuz marafon keçirməyə cəhd edən Əli Kərimli polis tərəfindən saxlanıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Müşahidəçilər bildirir ki, radikal düşərgənin qanunsuz marafon təşkil etməsi ölkənin siyasi əmin-amanlığını pozmağa cəhddən başqa bir şey deyil.
Azərbaycanda radikal müxalifətin son günlərdə fəallaşmaq cəhdləri Tiflisdəki hadisələrdən ruhlanmağın nəticəsi sayıla bilərmi? Və yaxud, Azərbaycanda prosesləri başqa ölkələrin reallıqları əsasında aparmağa çalışmaq ağıllı siyasətçilərə yaraşan işdirmi?
Əli Orucov: “Radikal müxalifətin kor-koranə, üst-üstə düşdü-düşmədi eyni hadisələrin təkrarını həyata keçirmək cəhdləri təbii ki, hər dəfə də fiaskoya uğrayır və nəticəsiz qalır”
AMİP funksioneri Əli Orucov baki-xeber.com-a açıqlamasında son günlər aktivləşməyə cəhd göstərən bəzi radikal müxalifətçilərin davranışlarından təəssüfləndiyini bildirdi. “Təəssüflər olsun ki, Azərbaycan müxalifətində, radikal düşərgədə regionda və regiondan bir qədər kənarda gedən proseslərin təsirinə düşmə halları mövcuddur. Belə hallar əvvəllər də olub. Xatırlayırsınızsa Ukraynada “Narıncı inqilab” baş verəndə də, Azərbaycanda müxalifətçilər aktivləşməyə cəhd göstərdilər, hətta geyimlərini də narıncı rəngdə geyindilər. Onlar düşündülər ki, Ukraynada “Narıncı inqilab” baş veribsə Azərbaycanda da bu prosesləri həyata keçirmək olar. Eyni zamanda da hansısa ölkələrdə hakimiyyət dəyişikliyi olursa və siyasi proseslərdə canlanma yaranırsa, dərhal həmin hadisələrin bənzərinin bizim ölkəmizdə də həyata keçirilməsinə cəhd olunur. Təbii ki, bunlar yanlış yanaşmalardır. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın, eləcə də, hər bir dövlətin özünün spesifik xüsusiyyətləri var və yanaşmalar da fərqlidir. Radikal müxalifətin kor-koranə, üst-üstə düşdü-düşmədi eyni hadisələrin təkrarını həyata keçirmək cəhdləri təbii ki, hər dəfə də fiaskoya uğrayır və nəticəsiz qalır. Sözsüz ki, bizim müxalifətin gözləntiləri xaricdən deyil. Yəni xaricdən kiminsə dəstəyi, kiminsə nümunəsi ilə deyil, daxildən bu proseslər yaradılmalıdır, həyata keçirilməlidir. Bunun üçün də cəmiyyətlə, xalqla, müəyyən qruplarla işləmək lazımdır və onların maraqlarını təmin edəcək vədlər verilməlidir, addımlar atılmalıdır. Təbii ki, burada mütərəqqi beynəlxalq ictimaiyyətin dəstəyini almaq öz yerində. Amma hər şeyi Qərbdən gözləmək ki, gəlib bizə dəstək göstərəcəklər, ölkədə siyasi hakimiyyətin dəyişməsinə rəvac verəcəklər, bunlar yanlış təsəvvürlərdir. Çünki bu gün Azərbaycanla Qərbin arasında müəyyən ziddiyyətlər, fikir ayrılıqlarının olmasına baxmayaraq, əsaslı məsələlərdə Qərb Azərbaycan iqtidarını dəstəkləyib. 1993-cü ildən üzü bu yana biz həmin dəstəyin şahidi oluruq. Düzdür, bəzən tənqidlər çox olur, bəzən az olur. Ancaq bütün hallarda radikal müxalifət Qərbdən dəstək ala bilmir”.
Ə.Orucov qeyd etdi ki, müxalifətin hansı səbəbdən Qərbin və daxili auditoriyanın, ictimaiyyətin dəstəyini ala bilməməsi aydınlaşmalıdır. Ə.Orucov hesab edir ki, radikal müxalifət köhnə metodlardan uzaqlaşa bilmir. “Hər halda Tiflisdə elə də ciddi proseslər getmir və bu proseslərin gedişi tədricən səngiyəcək. Amma mənə görə, regionda proseslər qarşıdakı aylarda sürətlənəcək. Nəzərə alaq ki, regionda gedən proseslər, İran-ABŞ qarşıdurması və Rusiya ilə bağlı məsələlər o səviyyəyə gələcək ki, regionda ictimai-siyasi proseslər sürətlənəcək. Azərbaycanda bu il bələdiyyə seçkiləri keçiriləcək, biz buna sıradan bir seçki kimi yanaşırıq, ancaq bu böyük bir kampaniyadır, tədbirdir, daha doğrusu, prosesdir. Bu məsələlərə diqqət yetirilməlidir” - deyə Ə.Orucov qeyd etdi.
İradə SARIYEVA