İqtisadi inkişaf göstəricilərinə görə, bölgədə lider dövlət olan Azərbaycan beynəlxalq iqtisadi tədbirlərdə, forumlarda böyük uğurla iştirak edir.
Məlum olduğu kimi Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" sammiti (G20) keçirilir. Bu sammitdən dünya ölkələrinin gözləntiləri çoxdur.
Azərbaycan özünün nail olduğu iqtisadi inkişaf göstəriciləri ilə hansısa statusla "Böyük 20-lər" formatında iştirakçı ola bilərmi?
Fikrət Yusifov: “Azərbaycan “Böyük 20-lər” sammitində qonaq qismiandə iştirak edə bilər”
Tanınmış iqtisadçı Fikrət Yusifov baki-xeber.com-a bildirdi ki, ölkəmiz “Böyük 20-lər” sammitində hələlik qonaq qismində iştirak edə bilər. “Yadınıza gəlirsə, bir dəfə bu sammitə evsahibliyi edən Türkiyə Azərbaycanı da qonaq qismində tədbirə dəvət etmişdi. G-20-yə daxil olan ölkələrin Türkiyədə keçirilən sammitində Azərbaycan qonaq kimi iştirak etmişdi. Ümumiyyətlə, Azərbaycan “Böyük 20-lər” sammitində qonaq qismində iştirak edə bilər. Bu statusa malik olmaq üçün inkişaf etmiş ölkələr sırasına gəlib çatmaq lazımdır. Biz hələ ki, inkişaf etməkdə olan ölkələr sırasındayıq. Təbii, bu sırada da çox ölkələri geridə qoya bilmişik. Sadəcə olaraq, fakt budur, biz hələ inkişaf etməkdə olan ölkələrdənik. Biz bu sammitdə tam statusla təmsil olunmaq üçün inkişaf etmiş ölkələr sırasına gəlib çatmalıyıq”.
Azərbaycanın bölgənin nüfuzlu ölkəsi olaraq, iqtisadi islahatlar aparan bir dövlət kimi bu formatda qonaq kimi iştirakımız təmin oluna bilər. G-20-lər formatında söz sahibi olmaq hələ Azərbaycan üçün tezdir” - deyə F.Yusifov qeyd etdi.
Elçin Mirzəbəyli: “Azərbaycanın gələcəkdə “Böyük 20-lər” sammitində söz sahibi olması ehtimalı böyükdür”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Azərbaycan son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə, bu istiqamətdə həyata keçirdiyi islahatlara görə, nə zamansa bu formatda söz sahibi ola bilər. “Təbii ki, ölkə iqtisadiyyatında baş verən dəyişikliklər, ölkəmizin beynəlxalq reytinq cədvəllərində ən önəmli yerləri tutması, eləcə də ölkənin iqtisadi sektor sahəsində nailiyyətlər qazanması Azərbaycan üçün gələcəkdə iqtisadi güclərin bu və digər formatlarında yer almaq imkanı yaradır. Bizim belə bir gözləntilərimiz var. Əslində ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafında görülən tədbirlər, Azərbaycanın bütün beynəlxalq reytinq cədvəllərində mövqelərini möhkəmləndirməsi, daha çox investisiyaların ölkəmizə cəlb edilməsi kimi amillər ölkəmizin beynəlxalq nüfuzunun artmasından ibarətdir. Bütün bunlar bir-biri ilə zəncirvari şəkildə bağlı olan məsələlərdir. Bizim hədəflərimiz həddindən artıq böyükdür. Bu özünü ölkənin yürütdüyü siyasətdə də qabarıq şəkildə biruzə verir. Bu hədəflərin bizi eyni zamanda daha ciddi statuslu qurumlara daşıyacağına şübhə etmirəm. Azərbaycan siyasi müstəvidə artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu şuraya müəyyən zaman kəsiyində rəhbərlik edən bir ölkədir. Bu baxımdan da, əgər qlobal proseslərin idarə edilməsində ölkəmiz iştirak edirsə və Azərbaycanda keçirilən humanitar, eləcə də digər forumların ölkəmizin mövqelərinin istər sabitlik, istərsə də təhlükəsizlik baxımından möhkəmliyinin nə qədər əhəmiyyətli olduğunu ortaya çıxarırsa, nəticə etibarilə də iqtisadi sektorda da gələcəkdə belə bir gözləntinin olduğu mümkündür. Yəni Azərbaycan gələcəkdə bu formatda təmsil oluna bilər. Azərbaycanın gələcəkdə “Böyük 20-lər” sammitində söz sahibi olması ehtimalı böyükdür” - deyə E.Mirzəbəyli bildirdi.
İradə SARIYEVA