Yaponiyanın Osaka şəhərində başlanan və dünyada G-20-lər adlı formatdan böyük gözləntilər var. Bu format 1999-cu ildə Berlində təsis olunub və 2008-ci ildən etibarən hər il liderlər səviyyəsində sammitlər keçirilir. Hətta bəzi illərdə yaranmış dünyəvi vəziyyətlərlə əlaqədar iki dəfə keçirildiyinə dair də faktlar var. Bu forumlarda adətən investisiya, iqtisadiyyat, təhlükəsizlik, terrorla mübarizə, qanunsuz miqrasiya, separatizm kimi məsələlər, mövcud konfliktli regionlar və ölkələr barədə müzakirə aparılır.
Budəfəki sammitdə əsas diqqət ABŞ və Rusiya prezidentlərinin görüşünə yönəlib. Məlumdur ki, bundan qabaq, 2018-ci ildəki Argentina zirvəsində Putinlə Trampın görüşü baş tutmamışdı. Baxmayaraq ki, ilkin razılıq var idi. Ukrayna dənizçilərinin Kerç boğazında Rusiya tərəfindən tutulması bu görüşü pozdu.
Bu sammitdə Rusiya-Britaniya münasibətlərinə dair hansısa yeniliklərin ola biləcəyi də diqqətlə izlənir. Ən maraqlı məqam sammit çərçivəsində ikitərəfli görüşlərdir. Artıq Tramp-Putin, Putin-Mey görüşləri olub. Putin-Tramp görüşü saatyarım davam edib. Məlumatlara görə, onlar dünyanın taleyinin iki dövlətin münasibətlərindən çox asılı olduğu barədə vahid mövqe ifadə ediblər, təhlükəsizlik problemləri ilə bağlı fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini vurğulayıblar, 21-ci əsrdə silahlara yeni nəzarət mexanizmlərinin yaradılmasına Çinin də cəlb olunması barədə razılaşma əldə ediblər. Putin Trampı gələn il Moskvada İkinci Dünya Müharibəsində qələbənin 75 illiyinə dəvət edib və Tramp dəvəti məmnuniyyətlə qəbul edib. Ən maraqlısı odur ki, şəkil çəkdirmə mərasimində Putinlə Tramp yanaşı durmaq istəsələr də, protokol işçiləri buna imkan verməyib və hər kəs öz yerində dayanıb.
Sammitə qədər Putin Amerika ilə münasibətlərin gərgin olduğunu desə də, yaxınlaşmanın vacib olduğunu vurğulamışdı. Eynilə də Tramp həm Rusiya, həm də Çinlə razılığa gəlmək istəyində olduğunu demişdi. Ən maraqlı bəyanatı Tramp İranla bağlı səsləndirib. Deyib ki, İran məsələsində tələsmirik və vaxt problemi yoxdur. Analitiklərin qənaətincə, Tramp İranla məsələnin müharibəsiz həlli üçün Rusiyanın rol oynaya biləcəyinə ümidlidir və əslində, istəyir ki, Rusiya Amerikaya hazırda gəlib dayandığı təhlükəli nöqtədən geri qayıtmaqda kömək etsin. Putin Britaniya ilə münasibətlərin də qaydaya düşəcəyinə ümidli olduğuna eyham vurub. Deyib ki, inanmıram Mey adi casus qalmaqalına görə iki ölkə arasında münasibətlərin dalana dirənməsi ilə razılaşsın.
Sammitdə Putinlə Trampın zarafatlaşması da nəzərdən qaçmayıb. Tramp jurnalistlərin "Rusiyanın Amerika seçkilərinə müdaxilə məsələsinə toxunacaqsınızmı" sualına dərhal yumorla üzünü Putinə tutaraq belə deyib: "Putin, seçkilərə müdaxilə etmə". Təbii ki, bunu gülərək deyib. Ümumiyyətlə, analitiklər Putin və Trampın yaxşı əhvalda olmasından belə nəticələr çıxarırlar ki, sammitdə razılaşmalara yaxın vəziyyət əldə etmək mümkün olacaq. Ancaq Putinlə Trampın Suriya, İraq, Ukrayna,Venesuela, “Şimal axını” kimi problemlər, habelə strateji hücum silahları-3 üzrə və orta mənzilli raketlər barədə müqavilə üzrə razılaşmaya gələ biləcəklərini bu gün söyləmək çətindir.
Sammitdə Dünya Ticarət Təşkilatında islahatlar, qlobal istiləşmə, ticarət, investisiya, bərpa olunan enerji və sair məsələlərin müzakirəsi də gözlənir. Sammitin 3 böyük panel, ikitərəfli görüşlər formatında keçirilməsi planlaşdırılıb və iki gün davam edəcək.
Baki-xeber.com