Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində proseslərin hələ də qeyri-müəyyən məcrada inkişaf etdiyi bir vaxtda məsələnin güc müstəvisində çözümünü özündə ehtiva edən müxtəlif ssenarilər cızılmaqdadır. Hesab edilir ki, Ermənistanın mövqeyi üzündən danışıqlarda heç bir irəliləyişin olmaması savaşı tətikləyən başlıca faktora çevrilməkdədir. Rusiyanın “vladtime” saytı da bu fonda iddia edir ki, yaranmış durumda Dağlıq Qarabağda müharibəyə intensiv hazırlıq gedir.
Bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir: “Azərbaycan tərəfi ermənilərin vaxtaşırı təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Ermənistan tərəfindən zəbt olunub. Amma bu, ötən əsrin 90-cı illərinin əvvəllərində olub. O vaxtdan indiyə qədər çox şey dəyişib. Azərbaycan bütün parametrlər, o cümlədən hərbi güc baxımından Ermənistanı çox qabaqlayır. Azərbaycan ordusu bu gün daha çox inkişaf edib, nəinki Ermənistan ordusu. Azərbaycan ordusu T-90S müasir Rusiya tankları ilə silahlanıb. AN-29 və Su-25-lər Hərbi Hava Qüvvələrinin əsas bombardmançılarıdır. Quru qoşunları AK-74 M avtomatları ilə yanaşı, İsrail istehsalı olan TAR-21-lərlə də təchiz olunub. Ermənistan ordusu isə daha kasıb silahlanıb. Ermənistan ordusunun əsas döyüş tankı T-72-lərdir və bu, Azərbaycanın T-90S-ləri ilə müqayisədə köhnəlmiş texnikadır. Ermənistanda 229 tank var və bunun 200 ədədi T-72-dir. Azərbaycanda isə 962 tank var, onların da 100-dən çoxu T-90S-dir. Ermənistanın hərbi hava qüvvələrində cəmi 16 döyüş təyyarəsi var, onlar da köhnədir. Azərbaycan daha müasir təyyarələrə və hava hücumundan müdafiə sistemlərinə malikdir. Döyüş qabiliyyəti və şəxsi heyətlə təminat baxımından da Azərbaycan açıq fərqlə irəlidədir”. O da vurğulanır ki, belə şəraitdə üstünlüklərindən istifadə etməyə hazırlaşan Azərbaycan işğal faktının uzanmasına səbr etmək niyyətində deyil. Elə rusiyalı politoloq Qriqori Trofimçuk da hadisələrin məhz bu səpkidə inkişafını istisna etmir. Onun sözlərinə görə, hadisələrin inkişafı gec-tez Qarabağda silahlı toqquşmaya gətirib çıxaracaq: “Paşinyan “sülh əvəzinə əraziləri qaytarmırıq” deyəndən sonra danışıqlar prosesi sual altına düşdü və Bakıda Ermənistanın baş nazirinin bütün bəyanatları neqativ qarşılanır. Azərbaycan hesab edir ki, “aprel müharibəsi”ndən sonra başlanan sülh danışıqlarında ona yalan deyilib. Buna görə də Azərbaycan ordusu proseslərdən kənarda dayanmayacaq, xüsusilə ordu hesab edir ki, uzun müddət gözləyib”.
Ümumiyyətlə, indi dünya miqyasında bu fikir hakimdir ki, Azərbaycan ordusu istənilən vaxt işğal altında olan torpaqları azad etmək əzmindədir. Artıq məlum aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərib. İndi də ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə, öz gücünü növbəti dəfə sübut etməyə hazırdır. Ekspertlər səviyyəsində isə belə vəziyyətdə Ermənistana açıq xəbərdarlıqlar edilir ki, Bakının səbrini çox sınamayaraq, Qarabağ məsələsinin dinc yolla tənzimlənməsinə getsin. Yaxın Şərq və Qafqaz ölkələri üzrə rus ekspert Stanislav Tarasov qeyd edir ki, Bakının əsas gözləntisi xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündən sonra Ermənistanın məsələnin dinc həlli üçün müvafiq addımlar atmasıdır: “Çünki bunlar olmayacağı təqdirdə Azərbaycan məsələnin həllinə ordusunu cəlb edəcək. Hələlik Bakı gözləmə mövqeyindədir və məsələnin sülh yolu ilə həllində də maraqlıdır. Vaşinqtonda erməni həmkarı ilə görüşən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uzun illərdir qarşı tərəflə danışıqlar aparır, həmçinin gizli diplomatiya həyata keçirir. Tərəflərdən biri danışıqlar prosesinin detalları haqqında məlumat verdiyi halda, Mnatsakanyan Vaşinqton görüşündən sonra erməni jurnalistlərlə görüşərək uzun-uzadı danışsa da, faktiki olaraq heç bir şey haqqında məlumat verməyib. Lakin Məmmədyarov bəyan edib ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkün ola bilər. Bu yeni bir ideya deyil. Məlum olduğu kimi, “Madrid prinsipləri” belə bir addımı nəzərdə tutsa da, bunun necə baş verəcəyi sual doğurur. Azərbaycan bu məsələyə qəflətən qayıtmağa qərar verib və bu sənədin təşəbbüskarlığı Azərbaycan tərəfinə keçməkdədir. Bu durumda, istər-istəməz, bəlkə bəzi rayonların azad edilməsində söhbət gedə bilər. Ermənistan tərəfi bu rayonların strateji müdafiəni təmin etdiyini bildirsə də, ATƏT-in Minsk Qrupu bildirir ki, sülhməramlılar peyda olduqda dərinləşdirilmiş təhlükəsizliyə zərurət aradan qaldırılacaq. Amma faktdır ki, danışıqların səmərəsiz olduğunu dərk edərək, Azərbaycan tərəfi bir tərəfdən risqli, digər tərəfdən təşəbbüsü öz əlinə alma istiqamətində hərəkət edir. Azərbaycan tərəfinin atdığı addım çox güclü və məntiqlidir. Erməni tərəfi yalnız təkzib etməklə bu oyunu başa vura bilməz. Təklif edilən oyunu konkret oynamaq lazımdır. Həmsədrlər Azərbaycan tərəfinin açıqlamalarını təkzib etmirsə, bu o deməkdir ki, Məmmədyarovla həmsədrlərin oyunu eyni oyundur. Həmsədrlər belə bir bəyanatla çıxış etmirsə, bu o deməkdir ki, ATƏT-in Minsk Qrupu təkliflər verib və bu təkliflər mənzərəni dəyişir. Erməni diplomatiyasını qərar qəbul edilmə zərurəti olan bir vəziyyətə salır. Azərbaycan tərəfi səmimi çıxış edir, diplomatik texnologiyanı izah edir. İndi əsas məsələ erməni tərəfinin də buna qarşılıq verməsidir. Əks təqdirdə Azərbaycanın gücə əl atmasını, həmsədrlər də daxil olmaqla, bütün dünya qəbul etməli olacaq. Çünki buna qədər Azərbaycan məsələnin dinc həlli üçün bütün səyləri göstərib”. Ekspert vurğulayır ki, əslində, Bakı hərb yoluna əl atacağı təqdirdə məsələni daha tez istədiyi çərçivədə həll etmək imkanına malikdir: “İlk növbədə o baxımdan ki, Azərbaycan hərbi cəhətdən Ermənistanı əhəmiyyətli dərəcədə üstələyir. Bunu Ermənistanda da yaxşı bilirlər”.
Digər ekspertlərin də fikri budur ki, Qarabağ məsələsinin güc müstəvisində həlli erməni tərəfi üçün sarsıdıcı bir zərbəyə çevriləcək. Çünki Azərbaycan güc müstəvisində işğalçı ölkədən böyük fərqlə irəlidədir. Hətta iş o yerə çatıb ki, indi Ermənistanın ordusunu artıq Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə etmək, ən azından, sadəlövhlük kimi qiymətləndirilir. Yaranmış vəziyyətdə Azərbaycan ordusu əsas etibarı ilə dünyanın ən inkişaf etmiş dövlətlərinin silahlı qüvvələri ilə müqayisə olunur. Hazırda Azərbaycan ordusunun ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texniki bazası və bu texnikanı işlətməyə, ən əsası, hərbi birləşmələrlə istənilən döyüşdən qalib çıxmağa qadir olan peşəkar zabit korpusu var. Yəni Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətin peşəkarlığı və müasir silahlarla da fərqlənməkdədir. Ermənistanda isə tamam fərqli mənzərə hökm sürməkdə, düşmən ordusunda xaos dərinləşməkdədir. Burada ordu sözün əsl mənasında əvvəlki kimi cinayətkarlıq yuvası sayılır. Elə bu günlərdə Ermənistan ordusunun daha bir hərbçisi ölüb. “Shamshyan.com” saytı əsgərin odlu silahdan açılan atəş nəticəsində ölümcül yara aldığını və orduda belə halların tez-tez təkrar olunduğunu yazır: “Ölkədə son hakimiyyət dəyişikliyi də ordudakı problemləri düzəltmədi. Cinayət xarakterli hallar yenə orduda kifayət qədərdir. Ermənistan silahlı qüvvələrinin bölmələrində nəinki əsgərlərin, hətta zabitlərin də tez-tez özünə qəsd etməsi nəticəsində ölməsi artıq adi hal alıb. Bu reallıq uzun illərdir dəyişmir”. Bu arada bir maraqlı məqamı qeyd edək ki,
rəsmi İrəvan çox vaxt qarabağlı erməni hərbçılərin ölüm hallarını gizlətsə də, ermənistanlı hərbçilərin ölümlərini müxtəlif yollarla rəsmi olaraq ictimailəşdirməyə məcbur olur. Belə ki, işğalçı ölkənin sosial mediasında gizlədilən özünəqəsd, yaxud özünü öldürmə həddinə çatdırılma faktları haqqında ölən hərbi qulluqçuların yaxınları tərəfindən məlumatlar yayılır. Sosial şəbəkələrdə yer alan xəbərlərdən bəlli olur ki, son bir neçə gün ərzində hərbi xidmətdə üzləşdikləri haqsızlıq, təhqir və təzyiqlər səbəbindən Ermənistan ordusunun 4 hərbçisi özünə qəsd edib. Məlumatlara görə, kəşfiyyat bölüyünün hərbi qulluqçusu Ardak Lalayan, adı gizlədilən daha iki hərbçi də özünə qəsd edib. Qohumlarının verdiyi xəbərə görə, özünü öldürmək istəyən bir zabitin isə həyatını xilas edə biliblər və o indi hospitaldadır. Valideynləri xəsarət alan zabitə lazımi diqqət yetirilməsi qarşılığında hadisənin gizli saxlanmasına razı olublar. Özünü asmaqla həyatına qəsd edən və adı gizlədilən hərbi qulluqçu da əslən Qarabağdandır. Yuxarıda qeyd edilən faktlardan yalnız biri, Ardak Lalayanın təlim mərkəzində özünü öldürməsi xəbəri rəsmi İrəvan tərəfindən ictimailəşdirilib. Qalan faktların gizli saxlanmasına cəhdlər edilib. Erməni mediasında aktual şəkildə müzakirə olunan məqam isə budur ki, belə ordu ilə Qarabağ münaqişəsi ətrafında status-kvonu necə saxlamaq olar. Hesab edilir ki, Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçsə, Azərbaycan istəyinə çox asanlıqla nail olacaq. Hərbçiləri narahat edən başlıca məqam bu reallığın hələ də erməni siyasətçiləri tərəfindən tam dərk edilməməsidir. O da etiraf edilir ki, yeni hərbi əməliyyatlar başlansa, ölkə siyasətçiləri erməni ordusuna etimadın əbəs olmasına, 2016-cı ilin aprelində olduğu kimi, yenidən şahidlik etməli olacaq. Azərbaycan tərəfi də məsələnin bu istiqamətdə mümkün inkiaşfını nəzərə alıb, yeni hərbi əməliyyatlara intensiv hazırlıq görür. Çünki danışıqlar istənilən nəticəni verməyəcəyi təqdirdə Qarabağ məsələsinin güc müstəvisində həlli qaçılmaz olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.