Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbat Suriya ilə bağlı üçtərəfli danışıqlara yekun vurublar.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Baş nazir Benyamin Netanyahu ilə görüşməzdən əvvəl verdiyi açıqlamada Rusiyanın İsrailin təhlükəsizliyinə xüsusi maraq göstərdiyini ifadə edib. Patruşev bildirib: “Biz İsrailin təhlükəsizliyini təmin etməyə xüsusi diqqət yetiririk. Çünki bu ölkədə 2 milyon soydaşımız yaşayır”.
Patruşev açıqlamasında Netanyahu ilə danışıqlar əsnasında bu formata razılaşan Rusiya dövlət başçısı Vladimir Putinin təlimatı ilə İsraildə olduğunu söyləyib. Patruşev deyib: “Suriyadakı vəziyyəti həll etmək üçün bölgədə və Suriyada sülh şəraiti bərpa edilməlidir. Bu məqsədlərə çatmaq üçün Suriyada asayiş bərqərar olunmalı və orada qalan terrorçu qruplar məhv edilməlidir”.
Patruşev qeyd edib ki, onlar Suriya məsələsi ilə bağlı tam razılığa gəliblər. Xüsusilə də İranın rolu ilə bağlı məsələnin də müzakirə edildiyi deyilir. Hətta bildirilir ki, İsrail və ABŞ İranla bağlı istəklərini Rusiya nümayəndəsinə çatdırıblar. Onlar bəyan ediblər ki, İran qoşunları Suriyanı tərk edəcəyi halda, Bəşər Əsədin hakimiyyətdə qalması ilə razılaşırlar.
Məlumdur ki, Suriya ilə bağlı məsələdə anti-ABŞ koalisiyası formalaşmışdı. Uzun müddət Rusiya-İran-Türkiyə vahid mövqedən çıxış edərək ABŞ və onun müttəfiqlərini dalana dirəyə bildi. Suriya ilə bağlı son danışıqlarda, demək olar ki, tərəflərin hamısı ilə ortaq nöqtəyə gəlinib, hətta İranın da mövqeyi nəzərə alınıb. Amma münaqişədə əsas aktor olan Türkiyə ilə bağlı hər hansı bir fikir və ya təklif səslənməyib. Türkiyənin çox önəmli olan Suriya prosesindən kənarda saxlanması nəyin əlaməti sayıla bilər?
Fikrət Sadıqov: “Türkiyə elə oyunçu deyil ki, payını almadan sakit dursun və ya onu oyundan kənarda saxlasınlar”
Politoloq Fikrət Sadıqov qəzetimizə bildirdi ki, Türkiyə həmin problemdə çox vacib oyunçudur: “Onun maraqlarını kənarda saxlamaq mümkün deyil. Eləcə də problemin indiki həll masasına yatırılmasında Türkiyənin vacib əməyi və dayanıqlı mövqeyi olub. Bunu kimsə dana bilməz. Hadisələr birbaşa Türkiyənin sərhədində cərəyan edir. Türkiyənin maraqları orada tam təmin olunmasaydı, belə sakit qalmazdı. Türkiyə istəyirdi ki, sərhədlərini qorusun. Ora toplaşan və Türkiyənin daxilindəki PKK dəstələrinə kömək edən kürdlərdən ibarət silahlı qruplaşmaları məhv edə bildi. Bu istiqamətdə həm Qərb, həm də Rusiya Türkiyəni birmənalı olaraq dəstəklədi. Türkiyə Əsədin qalmasını istəmir. Ancaq digər tərəflər buna razılıq verirlərsə, deməli, Türkiyəyə də hansısa məsələdə güzəşt edilib. Danışıqlarda əldə olunan razılaşmaların heç də bütün detalları açıqlanmır. Artıq Suriyadakı vəziyyət lazımi məcraya salınıb. ABŞ və Rusiya birgə fəaliyyətlə İŞİD-i tam sıradan çıxardı. Bəşər Əsəd hökuməti hakimiyyətdə qala bilirsə, demək ki, Rusiya və İranın marağı təmin edilir. Bu cür detalların Türkiyə ilə razılaşdırılmaması mümkün deyil. Suriya son zamanların ən qlobal konfliktidir. Oradakı sakitlik və razılıq bütün oyunçuların marağının təmin olunması nəticəsində mümkündür. Bu da olub. Türkiyə elə oyunçu deyil ki, payını almadan sakit dursun və ya onu oyundan kənarda saxlasınlar. Sadəcə, tərəflər arasında keçirilən görüşün yekununa dair media üçün açıqlamada Türkiyə ilə bağlı danışmağa lüzum olmayıb”.
Məhəmmədəli QƏRİBLİ