İran, Türkiyə və Gürcüstan Azərbaycanın işğal altında olan Qarabağ ərazisində keçirilən “erməni oyunları”na nümayəndə heyəti göndərməkdən imtina ediblər. Bu məlumatı Ermənistanın məşhur “Jamanak” qəzeti yayıb.
Qəzet bildirib ki, artıq İran da bundan imtina edib: “İran nümayəndə heyəti də “erməni oyunları”nda iştirak etməyəcək. Məsələ odur ki, oyunlar Qarabağda baş tutacaq və İran hakimiyyəti bunun üçün Azərbaycanla münasibətləri pozmaq istəmir. Hazırda bəllidir ki, Gürcüstan və Türkiyədən olan erməni nümayəndə heyətləri də oyunlarda iştirakdan imtina ediblər”.
Qəzet, həmçinin, bu ölkələrdəki erməni icmalarının Ermənistan hökumətinə müraciət edərək, onların bu tədbirlərdə nümayəndələrinin iştirakının təmin olunmasını xahiş etdiklərini vurğulayıb.
Qeyd edək ki, Ermənistan və erməni diasporu tərəfindən 2 ildən bir keçirilən sözügedən “idman yarışları”nda məqsəd dünyada yaşayan erməniləri idman vasitəsilə bir araya toplamaqdır. Budəfəki “yarışlar” Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində təşkil olunacaq. Həmin “oyunlar”a 5 min erməninin qatılacağı gözlənir. Onların arasında ABŞ, Rusiya, Fransa, Livan, Misir, Avstraliyada yaşayan ermənilər var. “Ümumerməni idman oyunları” 6 avqustda işğal altındakı Xankəndidə start götürəcək.
Müsbət haldır ki, bir sıra qonşu ölkələr həmin “oyunlar”da iştirakdan imtina edirlər. Yaxşı olardı ki, digər ölkələr də bənzər addımlar atsınlar. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
Akif Nağı: “Paralel olaraq beynəlxalq idman mərkəzlərinə də müraciət etməliyik ki, ermənilərin idmandan siyasi məqsədlər üçün istifadə etmələrinə imkan verməsinlər”
Sözügedən məsələni şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, bəzi ölkələrin bundan imtina etməsi müsbət haldır: “Bununla bağlı dəfələrlə xəbərdarlıq edilib, mövqe ortaya qoyulub. Hökumətə müraciət etmişik ki, qonşu ölkələrdəki səfirliklərə müvafiq tapşırıqlar verilsin. Erməni mediasının yazdığına görə, Gürcüstan öz vətəndaşlarına Qarabağa getməyi qadağan edib. Məlumata görə, İran tərəfi də buna bənzər addım atıb. Hesab edirəm ki, həm dövlət, həm də cəmiyyət səviyyəsində düzgün iş aparmaqla bu təxribatın qarşısını ala bilərik. Ancaq ermənilərin oyunu davam edir. Qeyd edim ki, bir müddət əvvəl Türkiyənin Hatay vilayətində, Musa dağının ətəyində “olimpiya oyunları” ilə bağlı Ermənistanla yanaşı, qondarma rejimin də “bayrağı” qaldırıldı, məşəl yandırıldı. Daha sonra həmin məşəli Şuşada, Pənahəli xan qalasında yandırdılar. Yəni düşmən tərəf təxribatçı oyunun keçirilməsində israrlı olduğunu nümayiş etdirdi. “Ümumerməni oyunları”nın keçirilməsinə cəhd edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistan tərəfdən çox böyük bir təhdiddir. İndiyə kimi bu cür “oyunlar”ı Ermənistan ərazisində keçirirdilər. Budəfəki “oyun”u Dağlıq Qarabağda keçirməklə işğal olunmuş torpaqların Ermənistan ərazisi olduğunu göstərməyə çalışırlar. Ona görə də qətiyyən arxayın olmamalıyıq və çalışmalıyıq ki, qonşu ölkələr ermənilərin təxribatına uymasınlar. Elə etməliyik ki, Qarabağa bir nəfər də getməsin və düşmənin oyunu alınmasın. Paralel olaraq beynəlxalq idman mərkəzlərinə də müraciət etməliyik ki, ermənilərin idmandan siyasi məqsədlər üçün istifadə etmələrinə imkan verməsinlər”.
Vidadi ORDAHALLI