Son vaxtlar sosial şəbəkələrin imkanlarından müəyyən fırıldaqçı məqsədlərlə istifadə olunduğu danılmaz reallığa çevrilib. Biz daha çox müxtəlif şəxslərin əhalinin həssas duyğularından istifadə edərək, sosial şəbəkələr vasitəsilə pul topladıqlarına tez-tez rast gəlirik.
Məsələn, bu yaxınlarda bir vətəndaşın uçuq evinin fonunda fotosu yayıldı. Təşkil edilən kampaniyada qeyd edilirdi ki, şəxs həm də xəstədir, müalicəyə ehtiyacı var. Sonra məlum oldu ki, həmin fotoların Azərbaycana heç bir aidiyyəti yoxdur, mənzərə Türkiyədə çəkilib. Kampaniya ifşa olundu, ancaq pulu toplayan aradan çıxa bildi.
İndi də siyasi mövzulardan istifadə edərək müxalifətçilik adı ilə vəsait toplamaq dəbə minib. Son belə bir kampaniya "xeyriyyə marafonu" adı ilə start götürüb. Bildirilir ki, kampaniya vasitəsilə əldə olunan pullar guya kasıb müxalifətçilərin cərimələrinin ödənilməsinə sərf olunacaq. Lazım olan məbləğ isə 11 min manat göstərilir. Əslində, belə kampaniyanın şəffaflığı şübhə doğurduğu kimi, gerçək məqsədi də qaranlıq qalır. Tutaq ki, cərimələrin verilməsi üçün həqiqətən pul lazımdırsa, nə qədər pulun toplanacağı, onlardan nə qədərinin xərclənəcəyi, nə qədərinin isə qalacağı və yerdə qalan məbləğin gələcək taleyinin necə olacağı şübhə doğurur. Hamıya yaxşı bəllidir ki, radikal müxalifətə xaricdən qrant şəklində güclü maliyyə yardımları edilir. Onda isə niyə bu cür imkanlara sahib olanlar 11 min manatı öz aralarında yığmağa deyil, səs-küylü kampaniyaya start veriblər?
Yeganə Hacıyeva: “İnsanların heysiyyəti ilə oynayıb siyasət yürütmək doğru taktika deyil”
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, hansısa kampaniyanın aparılması taktikasından başqa ölkələrdə də istifadə edirlər: “Amma burada siyasi məqsəd az olur. Daha çox ehtiyacı olanlara, kimsəsizlərə yardımların edilməsi məqəsdilə belə kampaniyaların aparıldığının şahidi oluruq. İndiki halda, biz sosial şəbəkələrin Azərbaycan seqmentində fərqli bir pultoplama metodunu görürük. Adını da qoyublar icazəsiz aksiyalarda cərimələnən şəxslərə yardım kampaniyası. Əvvəla partiyalar öz üzv və tərəfdarlarının qeydinə belə qalırsa, onda elə həmin pulu sakit şəkildə ödəyə bilərlər. Elə də böyük məbləğ deyil. Amma görünən budur ki, bundan siyasi məqsədlər üçün istifadə edirlər. Bu ad altında səs-küy yaradırlar. Əgər bu pulu verə bilməyəcəksə, niyə partiya həmin adamları icazəsiz aksiyada iştiraka təhrik edir?
Sonra sosial şəbəkədə dırnaqarası kampaniya başladıb mərhəmətli insanlara əl açmağa başlayırlar. Adını da qoyurlar "xeyriyyə marafonu". Nəticədə həm gündəmdə qalırlar, həm də yaxşı pul qoparırlar. Biz bunu Əli Kərimli ətrafında yaradılan ajiotajda da gördük. Həmin kampaniyanın adı ilə qatıldıqları tədbirdə ictimai asayişi pozdular. Polis işə qarışanda “Əli Kərimli həbs edildi” xəbərini tirajladılar. Qısa müddət sonra məlum oldu ki, Əli Kərimli azadlıqdadır. Görürsünüzmü, burada məqsəd pul toplamaq deyil. Virtual olaraq aparılan kampaniyada kimin nə qədər pul ödədiyi, nə qədər hara xərcləndiyi də qeyd olunmursa, bunun şəffaflığı ciddi şübhə doğurur. Əminəm ki, bəzi həssas insanlar ora pul da ödəyirlər. Hesab edirəm ki, insanların heysiyyəti ilə oynayıb siyasət yürütmək doğru taktika deyil”.
Məhəmmədəli QƏRİBLİ