Məlum olduğu kimi, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin təşkilatın işində iştirak etməsinə imkan verən qətnaməni səs çoxluğu ilə qəbul edib. Rusiya nümayəndə heyətinin qayıtmasına Assambleyanın işində iştirak edən 190 deputatdan 118-i səs verib. Daha 62 nəfər qətnamənin əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Rusiyanın əleyhinə səs verən ölkələrdən biri də Ermənistan olub.
Belə ki, AŞPA-dakı erməni nümayəndə heyətində müxalifət fraksiyalarının nümayəndələri Naira Zöhrabyan ("Çiçəklənən Ermənistan") və Edmon Marukyan ("İşıqlı Ermənistan") Rusiyanın AŞPA-ya qayıtması üçün səs veriblər, amma hakim "Mənim addımım" partiyasının iki deputatı Rusiyanın AŞPA-ya qayıtmasına imkan verən qətnaməni dəstəkləməyib. Daha dəqiq desək, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri Ruben Rubinyan qətnamənin qəbul edilməsinin əleyhinə səs verib, deputat Hovannes İgityan isə səsvermədə ümumiyyətlə iştirak etməyib. Onun adı lehinə və əleyhinə səs verən deputatların siyahısında yoxdur. Faktiki olaraq, sözügedən məsələdə erməni nümayəndə heyəti parçalanıb.
Qeyd edək ki, “Mənim addımım” fraksiyası parlamentin mütləq əksəriyyətini təşkil edən Ermənistan siyasi qüvvəsidir. Onlar bütün dünyanın qarşısında Rusiyanı dəstəkləməkdən imtina etdilər. Rusiya nümayəndə heyəti Krım məsələsi ilə əlaqədar AŞPA heyətində 2014-cü ildən iştirak etmirdi. O vaxta qədər erməni nümayəndə heyəti Rusiyanı dəstəkləyib. O baxımdan yaşanan bu rəzaləti ekspertlər necə dəyərləndirirlər?
Fikrət Sadıqov: “Mənə elə gəlir ki, məsələyə hansı tərəfdən yanaşsaq, bu, Ermənistanın imicinə böyük zərbədir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu, Paşinyan hakimiyyətinin uğursuz siyasətindən irəli gələn biabırçılıqdır: “Rusiyanın AŞPA-ya qayıdışı bır sıra dövlətlərin razılığı ilə olub. Bir sıra dövlətlər, o cümlədən, iri Avropa dövlətləri – Fransa, İtaliya Rusiyanın lehinə səs veriblər. Bu özlüyündə reallığı əks etdirən bir seçim idi. Ermənistan isə səsvermədə biabırçı bir mövqe sərgilədi. Onlar bununla həm Rusiyaya, həm də Qərbə yaxın olmaq istədilər. Bir növ, belə görünməyə çalışdılar. Ancaq bu tamamilə cəfəng yanaşmadır. Çünki Qərb buna səmimi yanaşmır. Onlar yaxşı bilirlər ki, Ermənistanın əsas sponsoru Rusiyadır. Ermənistan isə belə ikili oynamaqla Rusiyaya “şıllaq” atdı. Ona görə də erməni nümayəndə heyəti Rusiya ilə bağlı səsvermədə bu addımı atmaqla gülünc vəziyyətə düşdü. Çünki hamı yaxşı bilir ki, Ermənistana güzəştli şərtlərlə qazı, silahı satan Rusiyadır. O zaman bu komediya kimə lazım idi? Mənə elə gəlir ki, məsələyə hansı tərəfdən yanaşsaq, bu, Ermənistanın imicinə böyük zərbədir”.
Vidadi ORDAHALLI