Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə evsahibliyi etməyə hazırlaşır. Məlum olduğu kimi, iyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək.
Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, artıq Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi üçün həyata keçirilən tədbirlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında Təşkilat Komitəsi də yaradılıb. Komissiya bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün məqsədyönlü işlər həyata keçirib.
Bir neçə gün sonra paytaxtımızda keçiriləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqların yekunlaşdığı bir ərəfədə ermənilər Azərbaycana qarşı yeni təxribat, şər-böhtan kampaniyası aparmağa başlayıblar. Bədnam qonşularımız əsassız olaraq iddia edirlər ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilə bilməz, guya ki, Azərbaycanda “erməni abidələri məhv edilib, dağıdılıb”. Əlbəttə, bu, növbəti erməni saxtakarlığından başqa bir şey deyil.
Faiq İsmayılov: “Azərbaycanda ermənilərin heç bir tarixi maddi abidəsi yoxdur, bu halda onlar necə dağıntıya məruz qala bilər?”
Ermənilərin UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə qarşı həyata keçirdikləri şər-böhtan kampaniyası ilə bağlı Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə bildirdilər ki, onların bu cəhdləri heç bir fayda verməyəcək. Bunun növbəti erməni təxribatı olduğunu deyən nazirlik təmsilçilərinin verdikləri məlumata görə, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq işləri çox yüksək səviyyədə aparılıb. Nazirlikdən bildirdilər ki, digər tədbirlər kimi, bu tədbirə də Azərbaycan böyük uğurla evsahibliyi edəcək.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bizimlə söhbətində bildirdi ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi erməniləri əndişələndirdiyi üçün, onlar bu cür qara piar kampaniyasına başlayıblar. “Qara məni basınca, mən qaranı basım” prinsipini irəli sürən ermənilər növbəti dəfə ifşa olunacaqları üçün, Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
“Azərbaycan tarixindən az-çox məlumatı olan insanlar bilirlər ki, ermənilər XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçürülüblər. Bu baxımdan ermənilərin yaratdığı hansısa bir tarixi-mədəni irsdən söhbət gedə bilməz. Onların Azərbaycanda heç bir maddi-mədəni irsi yoxdur. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi erməniləri möhkəm narahat edir. Belə bir mötəbər tədbirin Bakının evsahibliyi ilə keçirilməsi onları qıcıqlandırır. Bilirik ki, Azərbaycan həm idman, həm iqtisadi, siyasi, həm də humanitar sahədə bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi edib. Bir neçə gün sonra isə keçiriləcək tədbirə də Azərbaycanın uğurla evsahibliyi edəcəyi qətiyyən şübhə doğurmur. Həqiqət bundan ibarətdir ki, Azərbaycanda ermənilərin heç bir tarixi maddi abidəsi yoxdur, bu halda onlar necə dağıntıya məruz qala bilər? Amma Azərbaycanın saysız tarixi-mədəniyyət abidəsi erməni vandalizminin qurbanı olub. Biz özümüz UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında təqdim etmək üçün sərgi hazırlamışıq. 25-30 ildir ermənilər tərəfindən işğal altında saxlanan Azərbaycan torpaqlarında erməni tapdağındakı abidələrimizin təkcə 2645-i memarlıq və arxeoloji abidələrdir. Bundan başqa, bizim xatirə komplekslərimiz, heykəltəraşlıq abidələrimiz də ermənilər tərəfindən dağıdılıb, məhv edilib. Bu gün əlimizdə bunu sübut edən faktlar, sənədlər kifayət qədərdir. Ermənilərin də qorxusu budur ki, bu faktlar UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında təqdim edilsə, onlar növbəti dəfə ifşa olunacaqlar. İşğal altında olan abidələrimizə qarşı ermənilərin törətdikləri vəhşilikləri xaricdən Dağlıq Qarabağa gedən turistlər, blogerlər də çox yaxşı bilirlər. Hətta onlar şəkillərində də bunu paylaşırlar. İşğal altında olan torpaqlarımızda abidələrimiz var ki, ermənilər o abidələri güllələyiblər, dağıdıblar. Bu abidələrlə bağlı da sənədlər əlimizdədir. Əlimizdə güllələnmiş heykəllərimizlə bağlı faktlar da var. Bundan başqa, digər abidələrimizin saxtakarlığa məruz qaldığı faktdır. Ermənilər 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasının müvafiq bəndlərini də pozublar. Həmin Konvensiyaya görə, müharibə bölgəsində yerləşən abidələrin toxunulmazlıq təminatı var”.
Ancaq ermənilərin bu qaydaları gözləmədiyini deyən F.İsmayılovun sözlərinə görə, onlar abidələrimizə qarşı vəhşiliklər törətməklə cinayətə əl atıblar. Ermənilərin Əsgəran qalasında, eləcə də alban dövrü xristian abidələrinə qarşı saxtakarlıqlar etdiyini deyən F.İsmayılovun sözlərinə görə, onlar dağıtdıqları abidələri indi də “bərpa” etmək istəyirlər. “Hesab edirəm ki, ermənilər bu cür şər-böhtan kampaniyası aparmaqla UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinin qarşısını ala bilməzlər. Bu tədbir keçiriləcək, biz də orada öz sözümüzü deyəcəyik və bir daha erməni yalanını, saxtakarlığını ifşa edəcəyik” - deyə F.İsmayılov qeyd etdi.
İradə SARIYEVA