Ermənistanda baş verən son olaylar bu ölkənin daxilində ziddiyyətlərin daha da dərinləşməsi ilə yanaşı, İrəvan-Moskva münasibətlərində də artıq böyük çatlar yaradır. Xüsusən də Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın yenidən həbsə atılması artıq işğalçı ölkədə heç də sakit günlərin hökm sürməyəcəyinin növbəti başlanğıcı sayılır.
Xatırladaq ki, Ermənistan Apellyasiya Məhkəməsi Robert Köçəryanın azadlığa buraxılması haqqında qərarı ləğv edib. Apellyasiya Məhkəməsi, həmçinin, Qarabağ separatçılarının liderlərinin Köçəryanın azadlığa çıxması üçün ödədikləri girovun onların özlərinə qaytarılması haqqında da qərar qəbul edib. Qeyd edək ki, məhkəmə qərarından sonra Köçəryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə gedərək təslim olub. Köçəryanın tərəfdarları onun həbsinə etiraz olaraq Milli Təhlükəsizlik Xidmətinin binası önündə davamlı aksiya keçirir. Aksiya iştirakçıları Köçəryanın azadlığa buraxılmasını tələb edərək, əslində bu addımın hökumətin xalqın diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədilə atıldığını bildirirlər. Onlar sonadək mübarizə aparacaqlarını bəyan ediblər. Hesab olunur ki, baş verənlər fonunda "Qarabağ klanı" baş nazir Nikol Paşinyana qarşı daha aktiv şəkildə hərəkətə keçəcək. Onların əsas niyyəti Robert Köçəryanın həbsi fonunda yaranan gərginliyi daha da genişəndirmək, Paşinyanın hakimiyyətdə möhkəmlənməsinin qarşısını almaqdır. "Jamanak" nəşri öz mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan "Qarabağ klanı"nı əzib prezident olmağı düşünür: "Ermənistan rəhbərliyi Vaqe Qriqoryanın Konstitusiya Məhkəməsinin rəhbəri təyin edilməsindən sonra Konstitusiya islahatları keçirmək niyyətindədir. Onların məqsədi prezident idarə-üsuluna qayıtmaqdır. Baş nazir Nikol Paşinyan əmindir ki, ciddi rəqabətin olmadığı şəraitdə onu asanlıqla prezident seçəcəklər". "Qarabağ klanı" başa düşür ki, baş nazirdən sonra Paşinyan prezident postunu tutsa, bu klanın yenidən hakimiyyətə qayıtmaq şansı olmayacaq. Elə bu səbəbdən indidən Robert Köçəryanın ətrafında baş verənlərdən istifadə edib vəziyyəti gərginləşdirmək və Paşinyanı iqtidardan uzaqlaşdırmağı düşünürlər. Bunun üçün klan Rusiyanın da onlara yardım edəcəyini düşünür. "Jamanak" yazır: "Paşinyanın ilk hakimiyyəti dövründən etibarən özünü müxtəlif üsullarla biruzə verən rus-erməni münasibətlərinin axarında olmadığı sirr deyil. Köçəryanın həbsindən sonra Rusiya hakimiyyəti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan vasitəsilə Nikol Paşinyana qarşı bir neçə tələb irəli sürüb. Təbii ki, ilk növbədə irəli sürülən tələbə Robert Köçəryanın məsələsi daxildir. Putinin dostunun məsələsi, nə qədər qəribə olsa da, müttəffiq ölkələr arasında münasibətlərin pozulmasına səbəb ola bilər. İkincisi sorosçuların hakimiyyətdən uzaqlaşdırılması, üçüncüsü isə Gümrüdəki məlum ABŞ laboratoriyalarının bağlanmasıdır".
Ermənistanın “Qraparak” nəşri də yazır ki, Paşinyana qarşı "Qarabağ klanı" Rusiyadan yararlanmağa çalışır: “Paşinyanın Rusiya ilə münasibətlərin parlaq olduğunu deməsinə baxmayaraq, real siyasət bunun tam əksini sübut edir. Robert Köçəryanla Rusiya səfirinin görüşməsinin ardından Xarici İşlər Nazirliyi səviyyəsində hesabat tələb olunması ətrafında yaranan qalmaqal səngiməmiş erməni-rus münasibətlərində yeni “parıltı” qeydə alınıb. Bu dəfə bu özünü AŞPA-da Ermənistan nümayəndə heyətinin Rusiya Federasiyasının nümayəndə heyətinə AŞPA-ya qayıtması qərarının səsverməsi zamanı qərarın əleyhinə səs verməsi, yaxud səsvermədə iştirak etməməsi ilə büruzə verib. Avropa Şurası Krım yarmadasının anneksiyasından sonra rusları səsvermə hüququndan və bir sıra digər hüquqlarından məhrum edib. Maraqlıdır ki, Ermənistan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ olan 2 müxalifət deputatı Edmon Marukyan və Naira Zöhrabyan qərarın lehinə, nümayəndə heyətinin rəhbəri Rubinyan əleyhinə səs verib, digər nümayəndə Ovhanes İgidyan naməlum səbəbdən səsvermədə iştirak etməyib”. Nəşr qeyd edir ki, bu qərar Rusiya səfirinin Köçəryanla görüş təşəbbüsünə cavab olaraq verilib: “Deyilənlərə görə, əslində Rubinyan səsvermə zamanı səhv etməyib. O, Paşinyan səviyyəsində qəbul edilən qərarı ifadə edib. Bu qərarın Rusiya səfirinin Köçəryanla görüş təşəbbüsünə cavab olaraq verildiyi bildirilir. Lakin onlar bu addımın erməni-rus münasibətlərində gərginlik yaradacağını dərk edərək “fırlatma” janrına keçiblər.
Əslində, AŞPA-nın tarixində ilk dəfə Ermənistan hakimiyyət nümayəndəsi Rusiyanın maraqlarına cavab verən təşəbbüsün əleyhinə səs verib. Elə bundan sonra Rusiyadan edilən müvafiq zəng Paşinyan hakimiyyətini “sudan quru” çıxmaq üçün yollar axtarmağa məcbur edib. Təlaşa düşən erməni hakimiyyətinin bəhanələrini isə Rusiya çətin qəbul edə. AŞPA-da səsvermə zamanı Rubinyan ruslara dərs vermək istəsə də, onun sevinci qısa sürüb. “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan bildirib ki, Ermənistan nümayəndə heyəti tam tərkibdə qərarın lehinədir və Rubinyanla bağlı baş verən məsələ texniki xarakter daşıyır. Müxalifət deputatı olan Marukyan Rubinyanın qərarını təzyiq altında dəyişmədiyinə əmin etməyə çalışıb. Amma Rusiyada başqa cür fikirləşirlər”.
İndi hesab edilir ki, "Qarabağ klanı" Rusiyadan yardım alaraq, ilk növbədə Ermənistan daxilində vəziyyəti gərginləşdirməyə çalışacaq. Bunun üçün sosial-iqtisadi probldemlər, Qarabağ münaqişəsi ətrafında baş verənlər yenidən qabardılır. Robert Köçəryan özü də iddia edir ki, indiki hakimiyyət Qarabağla bağlı təhlükəli siyasət aparır. O hesab edir ki, Qarabağ indiki hakimiyyət üçün dəyər deyil: “İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər deyil. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub. Şüuraltı olaraq, hakimiyyət düşünür ki, canını bu ağır yükdən necə qurtarsın”. Eks-prezident deyib ki, onun həbsi də Qarabağa dair mövqeyi ilə əlaqədardır: “Mənim keçmişim o qüvvələri narahat edir ki, onlar Qarabağ münaqişəsinin ermənilərin maraqlarına uyğun şəkildə həllinin baş tutmamasına can atırlar”. Bütün bunlar fonunda Ermənistanda qarşıdakı dövr ərzində gərgin vəziyyətin davam edərək yeni qarşıdurma həddinə çatması gözlənir.
Tahir TAĞIYEV