Ermənistanın Fransadakı səfiri bildirib ki, yaxın aylarda Makronun Ermənistana səfəri reallaşa bilər. Onun sözlərinə görə, iki ölkə arsındakı münasibətlərin inkişafı çox vacib xarakter daşıyır. Hətta bu səfərin zəruriliyi də vurğulanır. Erməni mediası iddia edir ki, Ermənistan yaxından əməkdaşlıq etdiyi Ermənistan-Yunanıstan-Kipr formatına Fransanı da qoşub trionu kvartetə çevirmək niyyətinin olduğunu gizlətmir.
Çox maraqlıdır ki, ermənilər bu formatla bağlı müzakirələri Türkiyədə keçirilən son bələdiyyə seçkilərində müxalif namizədin qələbəsi ilə də əlaqələndirməyə çalışırlar. Ermənilərin Fransanı da həmin trioya qatmaq cəhdləri səmərə verəcəkmi?
Elşən Həsənov: “Bunların hamısı məkrli erməni təbliğatından qaynaqlanır”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar düşməni əməlli-başlı təlaşa salır: “Bu səbəbdən də onlar müxtəlif alterantivlər axtarmağa çalışırlar. Bilirsiniz ki, Azərbaycan müxtəlif ölkələrlə iki və üçtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Hətta həmin formatların əksəriyyətinin təşəbbüskarı belə ölkəmizdir. Ermənistan bu addımları ata bilmir. Ona görə də özünü gülməli vəziyyətə salır.
Bu sırada Ermənistan-Yunanıstan-Kipr "sivil platforması" kimi absurd və mənasız bir ifadəni belə işlətməkdən utanmırlar. Ermənistanın "sivilliyi" qətlə yetirilən günahsız insanların qanlarında yerini tutub. Ondan başqa ermənilərin "sivilliyi"ni sübut edən fakt yoxdur. Bütün bunların fonunda, regionun geosiyasi mənzərəsi üzərində geniş dayanmağa ehtiyac duyuruq. İndi də bu formatda Fransanın da təmsil olunacağına dair fərziyə irəli sürürlər. Onları kökündən narahat edən məsələ başqadır. Çünki bilirlər ki, Fransadakı mövqeləri ciddi sarsılıb. Oradakı güclü erməni diasporu belə ermənilərin üzləşdikləri “problemi” yoluna qoya bilmədi. Söhbət qondarma rejimin ərazisində olan və işğal altında saxlanan şəhərlərin Fransanın əyalətləri ilə “qardaşlaşması”ndan gedir. Bilirsiniz ki, son vaxtlar Fransa məhkəməsi bu məsələdə obyektiv mövqe tutaraq həmin “müqavilələri” ləğv edib. Faktiki olaraq, Fransanın bəzi əyalətləri ilə qondarma rejim arasındakı bağlar kəsilib. İndi ermənilər düşünürlər ki, Makronu ölkəsinə dəvət etməklə bu məsələdə irəliləyişə nail ola bilərlər. Makronun səfəri ilə bağlı dəqiq məlumat yoxdur. Hətta belə səfər olsa belə, bu o demək deyil ki, Fransa mütləq mənada hansısa, özünə heç bir aidiyyəti olmayan əməkdaşlıq formatında təmsil olunacaq. Çünki hiss edilir ki, ermənilər həmin formata antitürk mövqeyində olan ölkələri cəmləyiblər. Fransa Avropanın böyük ölkəsidir. Onun Türkiyə ilə çox geniş münasibətləri mövcuddur. Bu, bütün sahələri əhatə edir. Fransa, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədridir. Bütün bu müqayisələrdən belə nəticə çıxarmaq olar ki, Fransa həmin lazımsız formatda təmsil olunaraq Türkiyə kimi ölkə ilə münasibətlərini gərginləşdirmək istəməz. Eyni zamanda, bu addımı ilə həmsədr kimi olan neytrallığına şübhə salmaqda maraqlı olmaz. Bunların hamısı, sadəcə, məkrli erməni təbliğatından qaynaqlanır. Onlar Fransa məhkəmələrindən aldıqları son zərbələri heç cür həzm edə bilmədikləri üçün, belə addımlar atmaq istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ