18/07/2019 09:25
728 x 90

Venesiya Komissiyası Ermənistanda demokratiya adı altında məhkəmə “islahatlarına” hələ susur...

“Venesiya Komissiyasının verdiyi tövsiyələr bükülüb kənara tullandı”

img

Venesiya Komissiyası Ermənistanda həyata keçirilən məhkəmə “islahatları” ilə bağlı hesabat hazırlamağa qərar verib. Avropa İttifaqının rəsmi saytında bu barədə məlumat verilib. Dərc edilən sənəddə deyilir ki, Komissiya Ermənistanda baş verən son hadisələrlə bağlı məlumatlanıb. Qərar verilib ki, Komissiyanın nümayəndəsi baş verənləri yaxından izləsin.

Bildirilir ki, hazırlanacaq hesabat AB-nin oktyabr ayında keçiriləcək plenar iclasına təqdim ediləcək. Maraqlıdır ki, Venesiya Komissiyası Ermənistandakı nəinki məhkəmə islahatları ilə bağlı mövqe bildirməkdə gecikib, eləcə də parlament seçkiləri və seçki siteminin təkmilləşdirilməsi ilə bağlı verilən tövsiyələrin Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmədiyi barədə hələ ki, münasibətini açıqlamayıb. Azərbaycanla bağlı isə dərhal tənqidi mövqe ortaya qoyan Komissiyanın bu ikili mövqeyi başadüşülən deyil. Ermənistanla bağlı hesabatları Venesiya Komissiyası niyə gecikdirir?

  • Nəzakət Məmmədova: “Buna yalnız Venesiya Komissiyası deyil, həm də insan haqları, demokratiyanı dəstəkləyən nüfuzlu təşkilatlar münasibət bildirməlidirlər”

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi ikili standratlarla bağlıdır: “Bu, məsələnin bizə aid olan tərəfidir. Ermənistanla bağlı göstərdikləri passivlik isə Paşinyan hakimiyyətinin mahiyyəti ilə bağlıdır. Çünki həmin adamı xarici qüvvələr hakimiyyətə gətirib. Bu səbəbdən də orada baş verənləri qulaqardına vururlar. Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı Venesiya Komissiyasının verdiyi tövsiyələr bükülüb kənara tullandı. Orada qeyd edilən heç bir tövsiyəyə əməl olunmadı. Məhz buna görə də Paşinyan hakimiyyəti demokratiya adı altında öz istədiklərini ən iyrənc formada həyata keçirdi. Siyasi rəqiblərinə qarşı bütün amansız vasitələrdən istifadə etdilər. Az-çox onun iradəsinə tabe olmayan məhkəmələrin üzərinə isə səlib yürüşü Köçəryanın azad edilməsindən sonra başladı. Artıq Venesiya Komissiyası görür ki, Paşinyanın hərəkətləri açıq diktatura ilə müşahidə edilir. Buna görə də bir qədər onu sıxmaq qərarına gəliblər. Ermənistanda siyasi maraqları olan böyük güclər də Paşinyan hakimiyyətinin dalana dirənməsini istəməyiblər. Komissiyanın aktivləşməsi həm də Paşinyanın Qərbə verdiyi vədləri yerinə yetirə bilməməsi ilə bağlıdır. Çünki o, Rusiyanın maraqlarını zərrə qədər də olsun sıxışdıra bilmədi. Bundan bir daha görünür ki, bəzi beynəlxalq təşkilatlar ədalət prinsipləri ilə deyil, öz maraqlarına uyğun şəkildə fəaliyyət göstərirlər. Paşinyan məhkəmələrdən, faktiki olaraq, Köçəryanı azad etməyin acığını çıxmaq istəyir. Ancaq hakimiyyətin tamamilə ayrı qolu olan məhkəmələrlə bu üsullarla mübarizə ən diktator hökumətlərə məxsusdur. Buna yalnız Venesiya Komissiyası deyil, həm də insan haqları, demokratiyanı dəstəkləyən nüfuzlu təşkilatlar münasibət bildirməlidirlər. Təəssüf ki, bunu görmürük. Bir daha əmin oluruq ki, şəxsi maraqlar qalan dəyərləri üstələyir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər