18/07/2019 09:25
728 x 90

BMT Baş katibinin müavini Mehriban Əliyeva ilə görüşdə Azərbaycanın dövlət xidmətlərini təşkil etmək səviyyəsinə böyük qiymət verdi və Mehriban xanıma BMT-nin xüsusi mükafatını təqdim etdi

img

İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak və çıxış edib.

2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunan bu Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıb.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenminlə görüşüb.

Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun ölkəmizdə keçirilməsi barədə verilən qərara görə minnətdarlığını ifadə edib və forumun nəticələrinin dövlət xidmətlərinin islahatları ilə bağlı proseslərə, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasında iştirakçı ölkələrə faydalı olacağına ümid etdiyini bildirib. Azərbaycanın BMT ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edən Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünə BMT tərəfindən göstərilən yardımı yüksək qiymətləndirib. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun da uğurla keçəcəyinə əminliyini ifadə edib.

Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önəmini qeyd edib. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində mümkün olduğunu vurğulayıb. Liu Cenmin BMT-nin təşkilata üzv 193 dövlətlə birgə 2032-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd edib və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Sonda BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Birinci vitse-prezident Mehriban Əliyevaya ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafına görə BMT-nin xüsusi mükafatını təqdim edib.

Son xəbərlər