23/09/2019 05:42
728 x 90

Zakir Həsənovun ermənilərdə rezonans doğurmuş fikri - “Müharibəyə imkan verməyən beynəlxalq şərait”...

“Biz həmin beynəlxalq maneəni aradan qaldırmaq üzərində ciddi işləməliyik”

img

Müdafiə naziri Zakir Həsənovun bir neçə gün əvvəl işlətdiyi fikir ətrafında erməni KİV-i müxtəlif təhlillər aparır. Qeyd edək ki, həmin çıxışında nazir bildirib ki, Azərbaycan Ordusu istənilən an 2016-cı ilin aprel qələbəsini təkrar etməyə hazırdır. Nazir bəyan edib ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar keçirib torpaqlarımızı erməni işğalından azad etmək gücündədir. Amma hələlik beynəlxalq şərait bunu etməyə imkan vermir, dövlət başçısı isə münaqişənin sülh yolu ilə nizamlanması üzrə böyük işlər aparır.

Zakir Həsənov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri daim möhkəmlənir, yeni silah növləri əldə edir, müntəzəm olaraq döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şəraitdə irimiqyaslı təlimlər keçirilir. Qeyd edək ki, beynəlxalq şəraitin müharibəyə başlamağımıza imkan vermədiyi fikri müdafiə nazirinin dilindən məhz ilk dəfədir səslənir. Bu tip açıqlamaları indiyə qədər adətən xarici işlər naziri, diplomatlar, politoloqlar, deputatlar veriblər.

Bu baxımdan da maraqlıdır, Zakir Həsənovun müharibənin başlanmasına mane olan beynəlxalq şəraitin detalları nədən ibarət ola bilər?

  • Fikrət Sadıqov: “Hərbi əməliyyatlar başlayacağı halda yalnız Rusiya çox ciddi reaksiya verə bilər”

Politoloq Fikrət Sadıqov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan problemin sülh yolu ilə həllini ATƏT-in Minsk Qrupuna həvalə edib və tərəflərə problemin müharibə vasitəsilə həllindən çəkinmək tövsiyə olunur: “Görünür, müdafiə naziri həm də bu məqamı nəzərdə tutur. Burada söhbət müharibədən gedə bilməz. Çünki bizim işğal edilmiş torpaqlarımızı azad etmək üçün öz ərazimizdə antiterror əməliyyatlarına başlamaq kimi ixtiyarımız var. Bunun adı müharibə deyil. Ancaq real danışsaq, etiraf etməliyik ki, status-kvonun pozulması bəzi aparıcı ölkələrə sərf etmir. Biz bunu 2016-cı ilin aprel döyüşlərində də hiss etdik. Proses məhz həmin ölkələrin təkidi ilə dayandı. Ermənistanın arxasında Rusiya durur. Amma bu o demək deyil ki, digər ölkələr onları dəstəkləmir. Əksinə, onlar da biganəlik nümayiş etdirirlər. Üzərimizə  bərabər məsuliyyət qoyaraq, sülhə çağırırlar. Amma bu  heç də o anlama gəlmir ki, sonu bəlli olmayan müddətə gözləməliyik. Bu gün biz hərbi əməliyyatlarla torpaqlarımızı azad etməyə başlasaq, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar təbii ki, bizi qınayacaqlar, növbətçi bəyanatlar verəcəklər və sair.

Hazırda dünyada baş verən beynəlxalq proseslərin içində Dağlıq Qarabağ məsələsi çox kiçik görünür. Bu səbəbdən də biz həmin beynəlxalq maneəni aradan qaldırmaq üzərində ciddi işləməliyik. Hərbi əməliyyatlar başlayacağı halda yalnız Rusiya çox ciddi reaksiya verə bilər. Digər ölkələrin reaksiyası ona adekvat olan deyil. Bu təsirləri neytrallaşdırıb, BMT qətnamələrinin icrasını təmin etməliyik. Əlimizdə bizim xeyrimizə olan beynəlxalq sənəd də var”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər