18/09/2019 22:34
728 x 90

Bəs deyirdilər Bakıdakı Avropa Oyunları ilk və son olacaq... Belarus yolu davam etdirdi...

“Əlbəttə, bədxahlarımızın apardığı çirkin kampaniya öz bəhrəsini vermədi və II Avropa Oyunları Belarusun evsahibliyi ilə uğurla davam edir”

img

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra özünün tamamilə yeni bir dövrünə qədəm qoydu. Bu gün dünyada özünə böyük nüfuz qazanan ölkəmiz idman, mədəniyyət və digər sahələrdə beynəlxalq aləmə bir sıra ilklər bəxş edib. Lakin bəzi xarici qüvvələr ölkəmizin bu addımlarına qarşı təxribatçı hərəkətlərə yol verib, bu ətrafda qarayaxma kampaniyası aparıblar.

2015-ci ildə ölkəmizin təşəbbüsü və evsahibliyi ilə keçirilən I Avropa Oyunlarına qarşı da bədxahlarımız qara piar kampaniyası aparıb, ümumiyyətlə, bu oyunların baş tutmayacağını, baş tutsa belə, perspektivinin olmadığını deyirdilər. Əlbəttə, İlk Avropa Oyunlarının ölkəmiz tərəfindən çox yüksək səviyyədə təşkil edilməsi, böyük uğurla başa çatması bədxahlarımızın niyyətlərini gözündə qoydu.

Qeyd edək ki, 2015-ci il 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışı olub və bu yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb.

Bu gün II Avropa Oyunları Belarus Respublikasında keçirilir və bu da “bu yarışın heç bir perspektivi olmayacaq, Azərbaycandan sonra başqa ölkələrdə keçirilməyəcək” iddiası ilə çıxış edən anti-Azərbaycan qüvvələrinin üzünə vurulan sərt bir sillədir.

Belarusda II Avropa Oyunları davam edir və Azərbaycanın başlatdığı bu mötəbər idman yarışı dünyanın diqqət mərkəzindədir.

  • Elçin Mirzəbəyli: “Bu baxımdan da Avropa Oyunlarının davamlı olacağı heç bir şübhə doğurmur”

 “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, Azərbaycanın başlatdığı bütün beynəlxalq tədbirlər bədxahlarımızı narahat etsə də, onların uğurla başa çatması ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb olub. “Əlbəttə, bədxahlarımızın apardığı çirkin kampaniya öz bəhrəsini vermədi və II Avropa Oyunları Belarusun evsahibliyi ilə uğurla davam edir. Artıq III Avropa Oyunlarının keçiriləcəyi ölkə də məlumdur, bu, Polşadır. Bu baxımdan da Avropa Oyunlarının davamlı olacağı heç bir şübhə doğurmur. Avropa Oyunları artıq öz yerini tutub, o ən nüfuzlu beynəlxalq idman yarışları sırasındadır. Ümumiyyətlə, keçirilən yarışın yüksək səviyyədə təşkili Azərbaycanın önəmli bir məsələni başlatdığını önə çəkdi. Ölkəmizin bütün başlanğıcları Azərbaycanı sevməyən dairələr tərəfindən hər zaman aqressiv formada qarşılanıb. Daha sonradan isə əks münasibətin şahidi olmuşuq. Vicdanı olanlar həyata keçirdikləri qara piar kampaniyasına görə Azərbaycandan üzr istəyiblər, xüsusi təlimat əsasında ölkəmizə qarşı antitəbliğat aparan qüvvələr isə öz əməllərini ənənəvi davam etdiriblər. Bakıda keçirilən UEFA kubokunun son final oyunu ərəfəsində ölkəmizə qarşı qara piar kampaniyasını xatırlayın. Madriddə keçirilən Avropa Çempionlar Liqasının finalından sonra artıq bir çoxu Azərbaycandan buna görə üzr istəyib və bəyan ediblər ki, möhtəşəm bir təşkilatçılıq həyata keçirilib. Bu bizim, bir növ, taleyimizdir. Müstəqilliyimizi əldə etdikdən sonra mübarizə apara-apara, savaşa-savaşa dövlətimizi irəliyə doğru aparırıq. Azərbaycan siyasi hakimiyyəti də, Azərbaycan xalqı da bizə qarşı aparılan bu kampaniyanın mahiyyətində nə dayandığını kifayət qədər yaxşı başa düşür.  Bütün bu faktorların qabağında isə təbii ki, dövlət və xalq birliyi dayanır”.

E.Mirzəbəyli qeyd etdi ki, bundan sonra da ölkəmizə qarşı aparılan bütün çirkin kampaniyalar iflasa uğrayacaq. Onun sözlərinə görə, III, IV, V, VI və digər Avropa Oyunları uğurla keçiriləcək. “Amma bütün bunların hər birində ilk dəfə Bakının buna cəsarət etdiyi və belə bir önəmli yarışı Avropaya bəxş etdiyi hər zaman vurğulanacaq” - deyə E.Mirzəbəyli bildirdi.

İradə SARIYEVA

Son xəbərlər