Əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir.
Bu günümüzə, həmçinin, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərə nəzər yetirdikdə bu istiqamətdə atılan addımların sistemli xarakter daşıdığını, islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyini daha aydın görürük. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi və s. kimi tədbirlər vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir.
Dövlət başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirilən «2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır» əminliyi də ötən illərin uğurlarına əsaslanır.
Prezident imzaladığı 17 sərəncamla bu islahatları daha da dərinləşdirdi. Hətta demək olar ki, inqilabi bir vəziyyətə gətirdi. Sosial islahat paketinin iqtisadi tərəfləri, əhaliyə faydası ilə bağlı çoxlu fikirlər səslənib, müxtəlif rəqəmlər təqdim edilib. Onların hamısından bu nəticəyə gəlinir ki, inqilabi xarakter daşıyan sosial paketin icrası hətta əhalinin kapital toplama qabiliyyətini də artıracaq. İlin əvvəlindən start götürən bu islahatlarla siyasi manipulyasiyalar edənlər də tapıldı. Radikal müxalifət iddia edirdi ki, yanvar ayından başlayaraq start götürən islahatlar onların təzyiqi nəticəsində həyata keçirilir. Yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqə əvvəlkilərdən 5-10 nəfər çox adamın gəlməsindən həvəslənən müxalif liderlər açıq iddia edirdilər ki, hakimiyyət məhz aksiyada səslənən tələblər üzrə hərəkət edir. İctimai asayişin kobud şəkildə pozulduğu həmin aksiyadan sonra əlaqədar qurumlar radikal dairələrə bir dəfə də olsun aksiya keçirməyə icazə verməyib. Ancaq islahatlar davam edir. Onda isə maraqlı sual yaranır: iyun paketini hakimiyyət kimdən “qorxub” və ya kimin tələbini dinləyib həyata keçirdi?
Fəzail Ağamalı: “Sosial dayaqlarını tamamilə itirən həmin cameə müxtəlif ucuz fikirlərlə özünü gündəmdə saxlamaq istəyir”
Millət vəkili Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti heç vaxt nə daxili, nə də xarici təhdidlərdən çəkinib qəraralar vermir: “Radikal müxalifətin Azərbaycanda real gücə malik olmadığı hamıya məlumdur. Onlar bir neçə nəfərdən ibarət olan ofis partiyaları kimi yalnız Bakıda fəaliyyət göstərirlər. Sosial dayaqlarını tamamilə itirən həmin cameə müxtəlif ucuz fikirlərlə özünü gündəmdə saxlamaq istəyir. Əgər həqiqətən hakimiyyətin onlarla hesablaşdığını iddia edirlərsə, onda heç olmasa meydana 10-20 min etirazçı çıxarsınlar. Biz də görək ki, bunların az da olsa gücü var. Bunu da edə bilmirlər axı. Onlar dərk etməlidirlər ki, 2018-ci il aprel ayındakı seçkilərin öncəsi Prezident bu islahatların anonsunu vermişdi. Həmin vədinə söykənən Prezident ölkə miqyasında dərin islahatlara start verib. Bu, idarəetmənin təkmilləşdirilməsindən tutmuş, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına kimi məsələlərdə özünü göstərməyə başladı. İdarəetmədən az-çox anlayışı olan adamlar belə fikir səsləndirməz. Çünki mitinq yanvar ayında olub, ondan bir neçə gün sonra ilk islahat paketi cəmiyyətə təqdim edilib. Bu mümkün olan məsələ deyil ki, həmin tələblər bir neçə gün sonra sərəncama salınsın. Sərəncamın hazırlanması ən azı 3-4 ay vaxt aparır. Çünki bütün detallar tədqiq olunur. Bir daha qeyd edirəm ki, həmin sərəncamın hazırlanmasına start ötən ilin aprel seçkilərindən sonra götürülmüşdü. Hazırda bu proses davam edir. Amma uzun müddətdir mitinq yoxdur. İndi bu nəyin əlaməti sayılmalıdır? Müxalifət bilməlidir ki, ölkə Prezidentinin qarşısında müəyyən etdiyi hədəflər və proqramlar var. Həmin proqramı reallaşdıracaq iradə mövcuddur. İradəni yerinə yetirməyə isə formalaşmış komanda var. Yaxşı olar ki, nüfuzunu itirmiş müxalifət manipulyasiya etmək üçün özünə başqa mövzular tapsın. Sosial şəbəkə qəhrəmanlarına çox da fikir vermək lazım deyil”.
Məhəmmədəli QƏRİBLİ