22/07/2019 04:06
728 x 90

Prezident Azərbaycanda "yuxarıdan sosial inqilab" siyasətində yeni mərhələ başlatdı

Minimum əməkhaqqı və maaşlar yenidən qaldırıldı

img

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın

Prezident İlham Əliyevin dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı ilə onların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

Prezident İlham Əliyevin digər sərəncamları ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılıb.

Son xəbərlər