22/07/2019 03:58
728 x 90

Ankara-Bakı qardaşlaşması Türkiyə-Azərbaycan qardaşlığına nələri əlavə edə biləcək...

“Hər iki dövlətin paytaxtlarının qardaşlaşması istiqamətində atılacaq addımlar müsbət haldır”

img

Azərbaycan və Türkiyə arasında tarixən sarsılmaz qardaşlıq bağları mövcud olub. Bu gün o bağların, əlaqələrin daha da möhkəmlənməsi istiqamətində müxtəlif formalarda qarşılıqlı işlər həyata keçirilir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığının əbədi olması heç kəsdə kiçik də olsa şübhə doğurmur.   

Bu gün Ankara və Bakının qardaşlaşmış şəhərlər olması gündəmdədir. Ankaranın meri Mənsur Yavaş Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib ki, iki paytaxt şəhər arasında qardaşlaşma barədə sazişin məhz onun rəhbərliyi dövründə imzalanacağı qürurvericidir.

M.Yavaş, həmçinin, qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın uğurları ilə fəxr edir: “Qardaş Azərbaycanın bayrağını harada görsəm, ürəkdən sevinirəm”.

Ankara və Bakının qardaşlaşmış şəhər olması Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına əlavə olaraq nə kimi faydalar verəcək?

Ekspertlər qeyd edirlər ki, tarixən Azərbaycanın paytaxtı Bakı və Türkiyənin paytaxtı Ankara arasında müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq, qarşılıqlı isti əlaqələr mövcuddur, hər iki şəhərin qardaşlaşmasına dair sənədin imzalanması bu əlaqələrin daha yüksək formada inkişafına şərait yaradacaq.

  • Faiq Ələkbərli: “Ankara və Bakı qardaşlığının simvolu olan abidələrimizlə bağlı bir muzeyin yaradılması da yerinə düşərdi”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Bakı və Ankaranın rəsmən qardaşlaşmış şəhər olması olduqca əhəmiyyətlidir. O hesab edir ki, Bakı və Ankara qardaşlığının rəmzi olan bir muzeyin yaradılması da yaxşı olardı: “Əlbəttə, bu, iki dövlətin və iki paytaxt şəhərin daha da yaxınlaşması baxımından böyük əhəmiyyətə malikdir. Hər iki dövlətin paytaxtlarının qardaşlaşması istiqamətində atılacaq addımlar müsbət haldır. Həm Bakı, həm də Ankara hər iki dövlətin mədəni, iqtisadi, hərbi, elmi, digər sahələrdə yaxınlaşmasında mühüm rol oynayıb. Bakı və Ankara arasındakı münasibətlərin belə bir formada da davam etdirilməsi hər iki dövlətin gələcəkdə atacağı bütün addımlara müsbət təsir göstərəcək. Bilirsiniz ki, Azərbaycan türklərinin Ankarada saysız dəyərləri var. Bu dəyərlər muzeylərdə, müxtəlif kitabxanalarda yüksək səviyyədə qorunur və təbliğ edilir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin məzarı da Ankarada yerləşir. Bizim şəhərdə də türk əsgərlərinin məzarları var, onların xatirə kompleksi mövcuddur. Fikrimcə, Ankara və Bakı qardaşlığı nəticəsində abidələrimizlə bağlı bir muzeyin yaradılması da yerinə düşərdi. Bakı və Ankaranın birgə qardaşlıq muzeyinin yaradılması olduqca vacibdir. Çünki qardaşlığımızın rəmzi olan bir sıra abidələr mövcuddur”. 

Ankara və Bakı arasında qardaşlıq tellərinin daha da möhkəmlənməsinin belə həssas dönəmdə böyük əhəmiyyətə malik olduğunu qeyd edən F.Ələkbərlinin sözlərinə görə, bu gün erməni məsələsinin meydana çıxması bunu zəruri edir. “Bu qardaşlaşma iki dövlətin bir-birilə daha da yaxınlaşmasına şərait yaratmaqla yanaşı, həm də ortada olan bəzi söz-söhbətlərin aradan qaldırılmasına səbəb olacaq” - deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA

Son xəbərlər