Paşinyanın xarici dövlətə satılması fikri Ermənistanda sürətlə yayılır - Baş nazirin reaksiyası...

Ermənistanın daxili ictimai rəyində Nikol Paşinyanın xarici ölkələrin casusu olması ilə bağlı iddialar ciddi xarakter almağa başlayıb. Əgər əvvəl bu söz-söhbətlər şayiə kimi yayılırdısa, artıq mövzu siyasi kuluarlarda müzakirə olunur. Hətta vəziyyət o yerə çatıb ki, N.Paşinyanın özü bu məsələyə reaksiya vermək məcburiyyətində qalıb.
Paşinyan bildirib ki, onun barəsində deyilənlər həqiqəti əks etdirmir: “Əgər belə faktlar varsa, onda məni mühakimə etməlidirlər. Ucqar bir kənddə yaşayan kəndli bu iddiaları televizorda eşidirsə, o bunun araşdırılmasında maraqlı olacaq. Buyursunlar. Belə faktlar varsa, ortaya qoysunlar”.
Paşinyanla bağlı olan casus söhbətinin qızışması və onun məsələyə şəxsən reaksiya verməsi nəyin əlaməti sayıla bilər?
- Hatəm Cabbarlı: “Qarşıda Paşinyanı daha ciddi sınaqlar gözlədiyi üçün, bunu hadisələrin jurnalı saymaq olar”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar Nikol Paşinyan və onun hakimiyyətinə qarşı sabiq hakimiyyət və digər nümayəndələrin çıxışları intensiv və radikal məzmun almağa başlayıb: “Bura casus və xarici ölkələrlə əməkdaşlıq məsələsini də aid edə bilərik. Hətta Ermənistan mətbuatında belə yazılar gedir ki, Paşinyanı hakimiyyətə xarici qüvvələr şərtlə gətiriblər. İddia olunur ki, Baş nazir indi həmin qüvvələrlə əməkdaşlıq etməyə razıdır. Əslində, Paşinyan özünü cavab vermək məcburiyyətində hiss edərək belə bəyanat verib. Deyilənləri təkzib edib. Bildirib ki, bu üsullarla onu Ermənistanda gördüyü işlərdən çəkindirmək istəyirlər. Hətta jurnalist “niyə məhkəməyə vermirsiniz” kimi sual da ünvanlayıb. O, cavabında deyib ki, onda söz azadlığına basqı etdiyimi deyərlər. Əlbəttə, bu ciddi iddianı sübut etmək üçün ortaya sənəd qoyulmalıdır. Hələ ki, belə bir sənəd ortada yoxdur. Paşinyan da buna əsaslanaraq söhbətdən yayına bilir. Mənə elə gəlir ki, bu, iddiadan o tərəfə keçməyəcək. Çünki Paşinyan son bir ildə hakimiyyətdə lazımınca möhkəmlənə bilməyib. Bundan sonra da bunu bacarmayacaq. Belə təşəbbüs göstərsə də, bunu bacara biləcəyi mümkün deyil. Bu qalmaqalı Paşinyan iqtidarına yönəlik bir psixoloji təsir üsulu kimi də dəyərləndirmək mümkündür. Qarşıda Paşinyanı daha ciddi sınaqlar gözlədiyi üçün, bunu hadisələrin jurnalı saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ