22/10/2019 09:01
728 x 90

Ermənistanın artan hərbi təxribatlarının ölkədaxili siyasi vəziyyətlə bağlılığı getdikcə dəqiqləşir

img

Son dövrlərdə cəbhə xəttində baş verənlər burada yeni bir savaşa intensiv hazırlıq getməsinə dair təəssüratlar yaradır. Özü də belə görünür ki, daxili problemlər içində boğulan Ermənistan cəbhədə gərgin vəziyyətin yaranmasında olduqca maraqlı tərəf qismində çıxış edir. Elə bu səbəbdən düşmənin cəbhə təxribatları əhəmiyyətli dərəcədə artıb. Məhz bundan irəli gəlir ki, son bir neçə həftə ərzində cəbhə xəttində ciddi gərginlik müşahidə olunur.

Ermənistan ordusu müntəzəm təxribatlara əl atır. Nəticədə Azərbaycan ordusunun mayoru Aqil Ömərov və hərbçisi Elşən Xəlilov həlak olub. Düzdür, düşmənin təxribatları cavabsız qalmır. Elə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində daha bir erməni əsgəri məhv edilib. Qeyd olunur ki, iyunun 13-də saat 17:05 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryanın meyiti aşkar edilib. Onun qarşı tərəfdən aldığı güllə yarasından öldüyü bildirilir. İndilikdə belə görünür ki, düşmən aldığı bütün dərslərə rəğmən, atəşkəsi pozmaqda davam edəcək. Özü də məsələnin maraqlı tərəflərindən biri budur ki, atəşkəsin pozulması zamanı artıq ağır silahlardan da istfiadə olunur. Düşmənin elə bu günlərdə minaatanlardan istifadə etməklə atəşkəsi pozması bunun əyani təsdiqidir. Digər tərəfdən artıq o da məlumdur ki, cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilən zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Düzdür, düşmən istəyinə nail ola bilməyib. Amma baş verənlər erməni tərəfinin xeyli azğınlaşdığını göstərir.  Ehtiyatda olan polkovnik Şair Ramaldanov da məsələyə bu prizmadan yanaşır: "Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrini OSA zenit-raket kompleksindən atəşə tutdurmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirmək istəyir. Düşmənin bundan sonra da belə təxribatlara əl atacağı istisna deyil".

Onun fikrincə, Ermənistan bu gərginlikdən istifadə edərək danışıqlara təsir göstərmək istəyir: "Bu onu göstərir ki, Dağlıq Qarabağda gərginlik artmaqda davam edir. Ermənilər belə təxribatlar törədəcəyini gizlətmirdi. Digər tərəfdən, biz Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq görərik ki, Ermənistanda daxili gərginlik yarandıqda və ya danışıqlar ərəfəsində düşmən cəbhə bölgəsində təxribatların sayını artırır və atəşkəs daha çox pozulur. Sadəcə, ermənilər heç vaxt bizim pilotlarımıza atəş açmırdılar. Düşmən son illərdə ilk dəfədir hava hücumundan müdafiə sistemini işə salıb və raketlə Azərbaycanın aviasiya vasitələrini vurmağa uğursuz cəhd edib. Bizim pilotlarımız da məharətlə bu vəziyyətdən çıxa biliblər və düşmən istəyinə çata bilməyib”. 

Ş.Ramaldanov əlavə edib ki, Azərbaycan müharibə şəraitindədir və belə hadisələr gözləniləndir: “Bizim Silahlı Qüvvələrimiz cəbhə bölgəsində hər an düşmənin istənilən təxribatına cavab verməyə hazır vəziyyətdədir. Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır. Düşmən ağıllanmasa, Azərbaycan bundan nəticə çıxarmalıdır və düşmənə öz gücünü göstərərək torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etməlidir”. 

Digər ekspertlər də bu qənaətdədir ki, yaranmış vəziyyətdə hansısa dəyişiklik olmasa, Azərbaycan düşmənə hərbi gücünü nümayiş etdirməli olacaq. Çünki  Ermənistan tərəfi sərhəddən xeyli uzaq məsafədə təlim keçirən, təmas xəttini keçməyən və erməni hərbi hissələrinin üzərindən uçmayan hərbi təyyarələri vurmağa cəhd edirsə, bu, atəşkəsin kobud şəkildə pozuntusu olmaqla bərabər, yeni savaşa açıq çağrışdır. Elə politoloq Qabil Hüseynli də vurğulayır ki, İrəvan daxili təzyiqlərdən yaxa qurtarmaq üçün cəbhədə müəyyən lokal savaşın olmasına can atır. Ekspert atəş açılan təyyarələrin mürəkkəb müharibə şəraitinə yaxın döyüş hazırlıqları, bomba, raket atma, eləcə də digər növlü silahlardan atəş açmaq təlimləri həyata keçirdiyini bildirib: “Birdən-birə Azərbaycan ərazisi üzərində, təmas xəttindən xeyli kənarda aviasiya vasitələrinə atəş açılması beynəlxalq hüquq normalarına, eləcə də müharibə ilə bağlı razılaşmalara kökündən ziddir. Bu, erməni tərəfinin növbəti provokasiyasıdır. Əvvəla, bu təyyarələr təmas xətti boyunca uçsa belə, ən azından təyyarənin uçuş xətti ilə sərhəd xətti arasında 50 kilometr məsafə olur. Hərbi təlimlər əsasən döyüş hazırlığı xarakteri daşıyır. Bu təyyarələr çox böyük səs gücünə malikdir və cəbhəboyu xəttində erməni əsgərlərinə və burada yaşayan erməni əhalisinə mesaj məqsədi güdür. Azərbaycanın hərbi aviasiya təlimlərini keçirməkdə əsas niyyəti müharibə başlayacağı təqdirdə aviasiyanın gücündən tam istifadə ediləcəyini göstərməkdir”. Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin növbəti dəfə belə təxribatçı addım atması Azərbaycanı müharibəyə təhrik etmək məqsədi daşıyır: “Bütün bunlar onu göstərir ki, ermənilər özlərini həddindən artıq həyasız və davakar ruhda aparırlar. Onlar Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər, amma Azərbaycan bilir ki, bu prosesləri nə vaxt və necə yerinə yetirmək lazımdır. Bu gün aviasiya sahəsində tam üstünlük Azərbaycana məxsusdur. Azərbaycanın qırıcı, bombardmançı eləcə də pilotsuz kamikadze təyyarələri Ermənistan ərazisində istənilən nöqtəni vurmaq qabiliyyətinə malikdir”. Q.Hüseynlinin fikrincə, sonuncu təxribat cəhdi həm də bir növ bizim aviasiya üçün özünütəsdiq imkanıdır: “Düşünürəm ki, bu uçuşlar ermənilərin potensial imkanlarını öyrənmək üçün yaxşı bir şəraitdir. Onsuz da aviasiya təlimləri artıq bir neçə gündür başlayıb. Ordumuzun istismarında olan bütün qırıcı, qırıcı-bombardmançı, həmçinin pilotsuz kamikadze təyyarələrindən geniş istifadə edilir. Bu, indiyə qədər keçirilən yerüstü hərbi təlimlərin sonuncu fazasıdır. Bu təlimlər həm əməliyyat şəraitinin öyrənilməsi, həm də düşmən tərəfinin özünün əhval-ruhiyyəsinə təsir üçün çox prinsipial əhəmiyyətə malikdir”.

İndi maraq doğuran məqam bundan ibarətdir ki, Ermənistanın təxribatları davam etdiyi şəraitdə Azərbaycan nədən düşməndən hərbi cəhətdən də kiyfayət qədər üstün olduğu halda genişmiqyaslı əməliyyatlara start vermir.  Ekspertlər hesab edir ki, Azərbaycan, əslində danışıqlar prosesinin növbəti mərhələsini gözləyir. Bu mərhələdə də istənilən nəticə əldə olunmazsa, Bakı hərbi müstəvidə İrəvana yenidən dərs keçməli olacaq. Bu arada xatırladaq ki, cari ilin 20 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Zöhrab Mnatsakanyanla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçiriləcək. Məhz bu görüşdən sonra istənilən nəticə əldə olunmayacağı təqdirdə cəbhədə genişmiqyaslı savaşın başlanmasını gözləmək olar. Bunu Ermənistanın “1in.am” portpalı da xüsusi olaraq vurğulayır: “Proseslər hər şeyin savaşa doğru getdiyini göstərir. Özü də baş verənlərdən belə çıxır ki, savaşın başlanmasına rəvac verən tərəf Ermənistandır. Belə ki, bu günlərdə  Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsun Ovhannisyan məlumat yayaraq bildirib ki, müdafiə naziri Davit Tonoyan rəqibin açdığı atəş nəticəsində ölən Sipan Melkonyanın qətlinin qisasını almaq üçün cəza tədbirlərinin yerinə yetirilməsində fərqlənən hərbi qulluqçuları yüksək mükafata layiq görüb. Faktiki olaraq erməni tərəfi bu addımla Azərbaycan ordusunun itkilərinə görə məsuliyyəti öz üzərinə götürüb.
Azərbycanın buna münasibəti özünü çox gözlətməyib. İlk növbədə bir neçə dəqiqə sonra XİN bəyanat yayaraq bildirdi ki, nazirlərin görüşündən əvvəl bu kimi fəaliyyətlər gərginliyi artıracaq. Vəziyyətdəki yeganə yenilik rəsmi İrəvanın ictimai şəkildə davranış tərzidir. Keçmişdə də cavab tədbirlərinin görülməsinə dair vədlər və təhdidlər olsa da, heç zaman faktiki olaraq məsuliyyətin, həm də ictimai şəkildə öz üzərinə götürülməsi halı olmayıb. Ölkənin baş naziri gərginliyin azaldılmasına ümid etdiyini açıqlayır. Bundan 3 gün sonra İrəvan rəqibin itkilərini rəsmi olaraq öz üzərinə götürür. Belə bir vəziyyətdə baş verən faktı necə şərh etmək olar? İrəvan faktiki olaraq müharibə elan edir, baş verənlərin başqa bir izahı yoxdur. Yaxud Paşinyan ordunun ona tabe olmaqdan boyun qaçırdığına dair açıqlama verməyə məcburdur”. Portal daha sonra yazır ki, hadisələrin bu səpkidə inkişafı Vyana və Sankt-Peterburq görüşlərinin nəticələrinin də arxa plana keçməsinə zəmin yaradır və bundan Rusiya da ciddi narahatdır: “Rusiya səfiri Sergey Kopırkin İrəvanda mətbuat konfransında bəyan edib: “Məncə, Vyana və Sankt-Peterburq gündəlikləri tənzimləmə prosesində aktiv müzakirə edilir”. Səfir, əlbəttə, onu da bildirib ki,  İrəvanda səfirdir və prosesin detalları haqqında məlumatlandırılmayıb. Adətən, belə cavabı Fransa və ABŞ-ın, həmçinin ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin səfirləri  də verir. Lakin diqqətçəkəndir ki, məlumatlandırılmamasına baxmayaraq, diplomat Vyana və Sankt-Peterburq gündəliklərinin müzakirə edildiyini bəyan edir. Səfirin bu bəyanatı son günlərdə cəbhədə vəziyyətin kəskinləşməsinə işarədir. Bunun ardınca məhz İrəvanın sərt cavabı – erməni əsgərinin öldürülməsinə görə Azərbaycandan intiqam alınması və bu tapşırığın icraçılarının yüksək mükafata təqdim edilməsi gəlib. Azərbaycan da bəyanatla çıxış edib ki, erməni tərəfi danışıqlar prosesini pozmaq istəyir. İndi danışıqlar prosesi pozulsa, bunun müharibə ilə əvəzlənməsi qaçılmazdır. Cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatların başlanması təhlükəsi artır. Özü də bu dəfə vəziyyət elə gətirib ki, Azərbaycan bütün məsuliyyəti erməni tərəfinin üzərinə qoyacaq”.

Ekspertlər hesab edir ki, bu dəfə savaş başlanacağı təqdirdə onu kimsə dayandıra bilməyəcək və bu, Azərbaycanın qələbəsindək davam edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər