17/07/2019 09:16
728 x 90

Ermənistan kommunistləri Putindən Qarabağa qoşun yeritməyi istədi...

“Ermənistan Kommunist Partiyasının Rusiya Prezidentinə müraciəti regionda sülh və təhlükəsizliyə zərbə vurur”

img

Ermənistan Kommunist Partiyası Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün danışıqlar prosesinə birbaşa müdaxilə etməyə çağırıb.

Məktubda beynəlxalq vasitəçilərin münaqişə tərəfləri – Azərbaycan və Ermənistan arasında konsensus əldə edə bilmədiyi qeyd edilib. Müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər Qarabağda yaranacaq eskalasiyanın qarşısını yalnız Putinin ala biləcəyini bildiriblər: “Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər”.

Onu da qeyd edək ki, Ermənistan Kommunist Partiyası hər zaman Rusiyapərəst mövqe sərgiləyir. Sözügedən partiyanın Ermənistanda tərəfdarları elə də çox olmasa da, adıçəkilən siyasi təşkilat aktiv fəaliyyət göstərir. Bir neçə dəfə İrəvanda yerləşən Avropa qurumları qarşısında aksiya keçirib.

O da məlum olub ki, erməni kommunistlərinin bu müraciəti Ermənistanda birmənalı qarşılanmayıb. Bəzi erməni mətbuat orqanları bunu ölkəyə xəyanət kimi təqdim ediblər. Onların təbirincə, guya bu, müstəqil Ermənistanın mənafeyinə uyğun deyil.

Maraqlıdır, bəs ekspertlər Ermənistan kommunistlərinin Putinə məlum müraciətini necə dəyərləndirirlər?

  • Məhəmməd Əsədullazadə: “Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsi və regionda aktivliyi işğalçı ölkədə təşviş yaradır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsi və regionda aktivliyi Ermənistanda təşviş yaradır. Çünki bizim müasir silahlar əldə etməyimiz Qarabağı hər gün Azərbaycana yaxınlaşdırır. Mənfur erməni siyasi dairələri daim Rusiyaya arxalanaraq torpaqlarımızın işğalını davam etdiriblər. Hesab edirəm ki, Ermənistan Kommunist Partiyasının Rusiya Prezidentinə müraciəti regionda sülh və təhlükəsizliyə zərbə vurur. Bu həm də birbaşa sözügedən ölkənin işğalçı siyasətini ortaya qoyur. Erməni cəmiyyəti isterikaya düşüb və Türkiyə-Azərbaycan birgə təlimlərindən narahatlıq keçirir. Rusiya onsuz da Ermənistan üzərindən bizimlə vəkalət müharibəsi aparır. Qarabağ münaqişəsi məhz bu kontekstdədir. Buna baxmayaraq, Rusiya ordusunun rəsmi şəkildə Qarabağa yerləşməsi ciddi geosiyasi qarşıdurmaya gətirə bilər. Hesab edirəm ki, ermənilərin bu avantürası baş tutmayacaq və Rusiya buna getməz. Baxmayaraq ki, ermənilərin belə bir istəyi var”.

Vidadi ORDAHALLI

Son xəbərlər