22/10/2019 08:46
728 x 90

Yeni avro əskinaslarının üstündə Məmməd Əmin Rəsulzadənin və Nuru paşanın şəkilləri...

“Türk dünyasının iki böyük şəxsiyyətinin şəkilləri əks olunan pul nişanının basılmasını ancaq müsbət tərəfdən dəyərləndirmək olar”

img

Azərbaycanın, Türk dünyasının görkəmli şəxsiyyətlərinin Avropa ölkələrində xatirələrinin müxtəlif formalarda əbədiləşdirilməsi prosesi başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının da şəxsiyyəti diqqətdən kənarda saxlanmır.

Məlumatlara görə, Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri - Məmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın fotoları olan avro xatirə pul nişanı basılıb. Bu barədə “Bakı-Xəbər”ə məlumat verən tanınmış tədqiqatçı-jurnalist Rəsmiyyə Rzalı-Qarayevanın bildirdiyinə görə, türkiyəli kolleksiyaçı Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli avro pul nişanı dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.

Onun bildirdiyinə görə, bundan əvvəl Avropa Mərkəzi Bankında Mustafa Kamal Atatürk və şanlı tariximizlə bağlı daha bir neçə bu cür xatirə nişanları basılmağa nail olunub.  

Məlumatlara görə, bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir, eyni məqsədlə Azərbaycana da edilən hədiyyə də 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 mini Avropada yayılacaq, 3 mini də Türkiyəyə gətiriləcək.

  • Məhərrəm Zülfüqarlı: “Bu, Azərbaycana, ümumilikdə, Türk dünyasına böyük hörmət və ehtiramın təzahürüdür”

Avropa Mərkəzi Bankında üzərində M.Ə.Rəsulzadənin və Nuru paşanın şəkilləri olan avro pul nişanının basılmasını müsbət dəyərləndirən tarixçi-alim, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, bu, Türk dünyasına böyük hörmətin göstəricisidir. “Hesab edirəm ki, bunun olduqca tarixi əhəmiyyəti var. Türk dünyasının iki böyük şəxsiyyətinin şəkilləri əks olunan pul nişanının basılmasını ancaq müsbət tərəfdən dəyərləndirmək olar. Bu, Azərbaycana, ümumilikdə, Türk dünyasına böyük hörmət və ehtiramın təzahürüdür. Bunu Azərbaycan dövlətinə, tarixinə xüsusi müsbət münasibətin göstəricisi sayıram. Avropa Mərkəzi Bankının bu işini, eləcə də bu layihənin müəlliflərini, təşəbbüskarlarını hər bir Azərbaycan vətəndaşı alqışlamalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadənin şəklinin əks olunduğu pul nişanının basılması müsbət haldır. Düşünürəm ki, digər böyük şəxsiyyətlərin şəkli olan pul nişanları da buraxılsa yaxşı olar”.

M.Zülfüqarlı, həmçinin, qeyd etdi ki, Bakının xilaskarı olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın da şəkli olan pul nişanının basılması qürurverici hadisədir. Nuru Paşanın Türk dünyası üçün önəmli şəxsiyyət olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında bu böyük şəxsiyyətin də rolu danılmazdır: “Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu gəlib bizi növbəti soyqırımdan qurtarıb. Azərbaycan Xalq Cümhiyyətinin 23 ay yaşamasında məhz Qafqaz İslam Ordusunun böyük rolu olub. Yoxsa Cümhuriyyət beşikdəcə boğulacaqdı. Biz də bu nümunədən istifadə etməliyik. Nuru Paşanın Bakıda heykəlinin qoyulması çox aktualdır. Düşünürəm ki, ona heykəl qoymalıyıq. M.Ə.Rəsulzadənin də bir neçə yerdə heykəli var, o heykəllərin də sayını artırmaq lazımdır. Biz bu cür nümunələri inkişaf etdirməliyik”.

İradə SARIYEVA

Son xəbərlər