17/07/2019 09:15
728 x 90

Paşinyanın məhkəmələri cəza alətinə çevirən “islahatlarına” Avropa Şurasının baş katibindən inanılmaz dəstək...

“Paşinyanın məqsədi odur ki, məhkəmələr onun hakimiyyətinin diqtəsi ilə fəaliyyət göstərsinlər”

img

Avropa Şurasının baş katibi Torbyorn Yaqland  Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib. Sözügedən məktubda Avropa Şurası tərəfindən Paşinyanın məhkəmə islahatları ilə bağlı təşəbbüsləri, səyləri yüksək qiymətləndirilib: “Biz sizin korrupsiyaya qarşı mübarizə üçün səylərinizi artırmağınızı, həmçinin, Ermənistan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq məhkəmə sisteminin islahatını və yenidən qurulması zəruriliyini qiymətləndiririk”.

Məktubda o da qeyd edilib ki, hərtərəfli və perspektivli bir məhkəmə islahatı üçün sürətli və həlledici bir strategiya hökumətin qanuni məqsədlərini, qanuni olaraq yerinə yetirəcək: “Hökumətin islahatı üçün sürətlə və qətiyyətlə tətbiq olunan hərtərəfli və perspektivli bir strategiya hökumətin qanuni məqsədlərini düzgün yerinə yetirəcək. Oxşar strategiya isə islahatlara olan inamı və beynəlxalq yardımın davamını təmin edəcək. Avropa Şurası aktivliklə həmin islahatların həyata keçirilməsində iştirak etməyə hazırdır”.

Ermənistanda hansı məhkəmə islahatlarından söhbət gedə bilər ki, bu günlərdə Paşinyan cəmiyyəti məhkəmələrə qarşı, onların fəaliyyətini iflic etməyə çağırdı. Açıq-aşkar məhkəmələri təhdid edərək bildirdi ki, vətəndaşların haqlarını pozan qərarlar verən bütün hakimlər qovulmalıdır. Həmçinin, hazırkı məhkəmələri əvvəlki korrupsiyalaşmış sistemin qalığı olmaqda ittiham etdi. Paşinyan, əslində, bununla məhkəmələrin müstəqil fəaliyyət göstərməsinə deyil, ondan asılı olmasına səy göstərir. Onun bununla bağlı aparmaq istədiyi “islahatlar”, əslində, məhkəmələrin mövcud hakimiyyətin cəza alətinə çevrilməsini özündə ehtiva edir. Yəni icraedici hakimiyyətdən asılı olan bir quruma çevrilsin və onun sifarişləri ilə işləsin. Təəssüflər olsun ki, bütün bunları görməzdən gələn Yaqland Paşinyana dəstək verdiyini bəyan edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Yaqland Azərbaycana qarşı mənfi mövqedən yanaşan şəxsdir. Bütün hallarda, AŞ baş katibinin Ermənistanla bağlı bu yanaşmasını ekspertlər necə dəyərləndirirlər?

  • Ramil Hüseynov: “Ancaq Yaqland nümayişkəranə şəkildə bunları görmək istəmir”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynov Yaqlandın məktubunun reallığı əks etdirmədiyini bildirdi: “Paşinyanın gördüyü işlərə islahat adı vermək özü tamamilə gülünc yanaşmadır. Ən azından ona görə ki, ortadakı real nəticəyə baxmaq lazımdır. Ermənistanda məhkəmələrin əvvəlki hakimiyyətin siyasi iradəsinə xidmət etdikləri sirr deyil. Məhkəmələr hakimiyyətin konyukturasına görə fəaliyyət göstəriblər. Ancaq bir il əvvəl Paşinyan hakimiyyətə gələndən sonra istədi ki, məhkəmələr onun iradəsinə uyğun fəaliyyət göstərsinlər. Sadəcə, komandası yetərli olmadığı üçün, məhkəmələri əvəzləyə bilmədi. Ondan sonra “islahat” adı altında hər vasitə ilə məhkəmələrin müstəqil fəaliyyət göstərməsini məhdudlaşdıran addımlar atmağa başladı. Eyni zamanda, məhkəmələri pressinq etdi və bu minvalla onları təzyiq altında saxlayır. Sabiq prezident Köçəryanın həbsdən azad edilməsindən sonra isə Paşinyan açıq şəkildə məhkəmələrin üzərinə hücuma keçdi. Hansı ki, bu, açıq-aydın icraedici hakimiyyətin məhkəmələrin işinə müdaxilə etməsi demək idi. Ən başlıcası isə bütün bunlarda Paşinyanın məqsədi odur ki, məhkəmələr onun hakimiyyətinin diqtəsi ilə fəaliyyət göstərsinlər. Ancaq, göründüyü kimi, Yaqland nümayişkəranə şəkildə bunları görmək istəmir. Fikrimcə, Yaqlandın məktubu sırf siyasi motivlərə söykənir. O mənada ki, Rusiyapərəst klan Paşinyan hakimiyyətini devirməsin. Yoxsa ortada islahat deyilən bir şey yoxdur. Eyni zamanda, məhkəmələrin müstəqilliyinə xidmət edən siyasi iradə də mövcud deyil”.

Vidadi ORDAHALLI

Son xəbərlər