22/08/2019 20:34
728 x 90

Heydər Əliyev gəlməsəydi - Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin indikindən köklü fərqli mənzərəsi...

“O zaman gəlməsəydi, qonşu dövlətlərlə münasibətlər indiki səviyyədə olmazdı”

img

Azərbaycanın müstəqillik dövrü xarici siyasət xəttinə nəzər saldığımız zaman 3 mərhələni müşahidə etmək mümkündür. Birinci mərhələ suverenliyini və müstəqilliyini elan etməsinə baxmayaraq, hələ də SSRİ-nin və onun varisi olan Rusiyanın təsirindən çıxa bilməyən Azərbaycanın yeni şəraitdə məhdud xarici əlaqələri ilə xarakterizə edilə bilər.

1992-1993-cü illərin ortalarına qədər olan dövrü əhatə edən ikinci mərhələ isə, birmənalı şəkildə, qərbmeyilli siyasət yürütmək cəhdləri, regionun iri gücləri ilə münasibətlərin gözardı edilməsi şəraitində milli dövlətçiliyin ciddi təhlükələr girdabına sürüklənməsi ilə xarakterizə olunur.

Naşı AXC-Müsavat hakimiyyətinin apardığı uğursuz xarici siyasət səbəbindən regiondaki bəzi qonşu dövlətlərlə münasibətlər pisləşmişdi. Qərbə inteqrasiya xəttini seçən cəbhə hakimiyyəti, faktiki olaraq, Rusiya hakimiyyətini Azərbaycana qarşı qıcıqlandırırdı. Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz siyasət kursu ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Nəticədə məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Bununla yanaşı, o vaxtkı hakimiyyətin mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Sözügedən hakimiyyətin yarıtmaz siyasəti nəticəsində, faktiki olaraq, Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü.

1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gəlməklə Azərbaycanı təkcə parçalanmaq təhlükəsindən xilas etmədi, eyni zamanda, qonşularla olan münasibətləri yoluna qoydu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xarici siyasətdə yeni bir mərhələ başlandı. Bu mərhələ dünyanın geosiyasi güclərinin strateji və iqtisadi maraqlarının kəsişdiyi regionda yerləşən Azərbaycanın xilası mərhələsi idi. Aparılan balanslaşdırılmış xarici siyasət nəticəsində işğalçı Ermənistan xaric, bütün qonşu dövlətlərlə normal münasibətlər quruldu.

Maraqlıdır, Heydər Əliyev gəlməsəydi, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri indiki səviyyədə olardımı?

  • Fikrət Sadıqov: “Aparılan balanslı siyasət böyük və qonşu dövlətlərlə münasibətlərin qurulmasında öz töhfəsini verdi”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov bunu istisna etdi. Onun fikrincə, Heydər Əliyev gəlməsəydi, qonşu dövlətlərlə münasibətlər indiki səviyyədə olmazdı: “90-cı illərin əvvəli ziddiyyətli bir dövr idi. Ölkədə hərcmərclik, qarşıdurma mövcud idi. Faktiki olaraq ölkə dağılmaq və vətəndaş müharibəsi ərəfəsində idi. Heydər Əliyev hakimiyyətə qayıtmaqla nəinki ölkədə sabitliyi bərpa edə bildi, hətta bir sıra aparıcı ölkələrlə münasibətləri yoluna qoydu. O cümlədən, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini bərpa edib inkişaf etdirdi. Çünki siyasətdə aparıcı qonşu dövlətlərin maraqları ilə hesablaşmamaq olmaz. Biz dünya səviyyəsinə çıxmaq istəyiriksə, bəzi məqamlar qonşu dövlətlərin atdığı siyasi addımlardan asılıdır. Ona görə də Rusiya və İranla ikitərəfli müqavilələr bağlandı. Partnyorluq haqqında sazişlər imzalandı, qarşılıqlı səfərlər baş tutdu. Biz, faktiki olaraq, özümüzü müxtəlif problemlərdən, risqlərdən sığortaladıq. Bütün bunlardan sonra inkişaf dövrü başladı. Aparılan balanslı siyasət böyük və qonşu dövlətlərlə münasibətlərin qurulmasında öz töhfəsini verdi. Bir sıra addımlarımızı atdıq, xarici siyasətdə prioritetlər, istiqamətlər meydana gəldi. Bütün bunlardan istifadə edərək, öz maraqlarımızı qoruduq. Dünya birliyi, beynəlxalq strukturlar, digər aparıcı strukturlar Azərbaycanla hesablaşdılar. Nəticədə bir sıra sazişlərə imza atdılar. Beləliklə, bütün bunlar Azərbaycanın uğurlarını təmin etdi”.

Vidadi ORDAHALLI

Son xəbərlər