17/07/2019 09:22
728 x 90

Qarabağda müharibə risqi və Xəzərin iqtisadi potensialları üzərində düşünən dövlətlərə mesaj...

“Ermənilərin məhz Xəzərdə törətdikləri terror aktları yaddan çıxmayıb”

img

Türkmənistan xarici işlər naziri Rəşid Mərədov bildirib ki, Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlıq işlərinə başlanıb. O, ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Xəzərsahili Ölkələri Sammitində imzalanan müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər arasında Türkmənistanda VI Xəzər Sammitinin, 2019-cu ildə isə I Xəzər İqtisadi Forumunun keçirilməsi barədə sənədin olduğunu xatırladıb.

Nazir bununla bağlı yaradılan təşkilat komitəsinin birinci iclasında forumun Xəzər Günü - avqustun 12-də Avazə Milli Turizm Bölgəsində keçirilməsilə bağlı təkliflər irəli sürüldüyünü diqqətə çatdırıb. Məlumdur ki, sözügedən tədbirdə əsasən Xəzərin resurslarından səmərəli istifadə ətrafında müzakirələr aparılır. Xüsusilə də Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyadan sonra dənizin resurslarından istifadə və bu işə başqa ölkələri də cəlb etməklə bağlı yaxşı şərait yaranıb. Ancaq başqa bir problem bundan ibarətdir ki, region və xüsusilə də Xəzər hövzəsi üçün potensial təhklükə mənbəyi sayılan Dağlıq Qarabağ problemi öz həllini hələ də tapmayıb. Belə olan təqdirdə, Xəzərin iqtisadi potensialının tam üzə çıxarılması və ondan davamlı şəkildə istifadə nə dərəcədə mümkündür?

  • Elşən Həsənov: “Azərbaycan nümayəndə heyəti Türkmənistandakı toplantıda bu məsələni xüsusilə ciddi qabartmalıdır”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş, yəni konservləşmiş şəkildə saxlanması bütün regionun təhlükəsizliyi üçün təhdiddir: “Biz bunu dəfələrlə demişik. Xəzərin resurslarının istismarı böyük layihələrin icrası nəticəsində mümkün ola bilər. Bu cür qlobal layihələrin həyata keçirilməsi üçün isə təbii ki, bir sıra şərtlərin olması önəmlidir. Onlardan ən birincisi təhlükəsizlikdir. Bu amil olmasa, hər hansı bir iqtisadi uğurdan, ciddi işlərin həyata keçirilməsindən danışmaq olmaz. Aktauda Xəzəryanı ölkələrin liderlərinin sammiti çərçivəsində imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyadan sonra bu məsələ daha aktuallıq kəsb etməyə başladı. Təbii, ilk önə çıxan məsələ Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlıdır. Yəqin ki, ermənilərin  məhz Xəzərdə törətdikləri terror aktları yaddan çıxmayıb. İllər əvvəl Türkmənistandan Azərbaycana sərnişinləri daşıyan mülki bərədə erməni terror aktlarını da, Xəzər dənizi regionunda digər təhdidləri də xatırlayırıq. Təbii ki, dondurulmuş şəkildə saxlanan Qarabağ münaqişəsi inteqrasiya proseslərinin inkişafı üçün maneədir. Heç kim zəmanət verə bilməz ki, işğalçı Ermənistanın həmin layihələri də sıradan çıxarmaq, onlarla bağlı diversiyalar törətmək kimi planları ola bilməz. Bu səbəbdən də beş Xəzəryanı ölkə Xəzər regionunda təhlükəsizliyin qorunmasında xüsusi maraqlı olmalıdır. Bu, iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirən vacib faktordur. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti Türkmənistandakı toplantıda bu məsələni xüsusilə ciddi qabartmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər