22/08/2019 20:39
728 x 90

Paşinyan hakimiyyəti Ermənistan - qondarma “DQR” ziddiyyətləri barədə informasiyalardan niyə bu qədər narahatdır...

“Paşinyanın belə məlumatlardan narahat olmasının başlıca səbəbi hakimiyyəti itirmək qorxusudur”

img

Ermənistan hakimiyyəti ilə Azərbaycanın işğal altında olan ərazilərindəki qondarma rejimin liderləri arasında uçurum getdikcə dərinləşir. Get-gedə tərəflər arasında qarşıdurmalar barədə daha çox informasiya yayılır. Ancaq görünən odur ki, Paşinyan hakimiyyəti bu informasiyalardan bərk narahatdır. Belə informasiyalar yayılan kimi, tez onu təkzib etməyə çalışırlar.

Bu günlərdə Paşinyan hökumətinin qondarma “DQR”ə maliyyə yardımını kəsməsi barədə xəbər yayılıb. Məlumata görə, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi” general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib, istefa verməyi istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Lakin son anda Saakyan istəyinə nail olub. Belə ki, Balasanyan 11 iyunda istefa ərizəsini yazıb. Paşinyan hakimiyyəti hər vasitə ilə maliyyə sanksiyasi ilə bağlı məlumatları təkzib edir.

Bəzi erməni mətbuatı bütün bunları Ermənistan tərəfdən Dağlıq Qarabağa tətbiq edilmiş sanksiya kimi qiymətləndirir. Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın “rəhbərliyini”, o cümlədən, Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verməyi” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırırlar.

Bu arada separatçı qurum “rəhbərliyində” təmsil olunan digər yüksək vəzifəli məmur Artur Aqabekyan da postundan kənarlaşdırılıb. O, “DQR” "prezidenti"nin müşaviri idi. Bundan öncə isə separatçıların “hərbi rəhbərlərindən” biri olub. A.Aqabekyan da Paşinyan hökumətini kəskin tənqid edib. O, qarabağlıları mitinqlərə çıxaraq Ermənistanın yeni hakimiyyətinin “xəyanətkar siyasəti”nə etiraz etməyə çağırıb. Bəzi KİV-in məlumatına görə, N.Paşinyan həmin şəxslərin, həmçinin, “prezidentin köməkçisi” David Babayanın vəzifədən çıxarılmasını şərt kimi qoyub.

Bütün hallarda, Ermənistanla Dağlıq Qarabağ arasında münasibətlərin kəskinləşməsi göz önündədir. Tərəflərin bir-birinə inamsızlığının artması fonunda yaxın vaxtlarda vəziyyətin daha da pisləşəcəyini gözləmək olar.

Maraqlıdır, Paşinyan hakimiyyəti iki qruplaşma arasında dərinləşən ziddiyyətlərlə bağlı yayılan məlumatlardan niyə bu qədər narahatdır?

  • Əli Orucov: “Hər an Kreml separatçı “Qarabağ klanı”na stavka edib onun hakimiyyətini devirə bilər”

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov bunu bir sıra amillərlə əlaqələndirdi: “Ona görə narahatdırlar ki, bu, ziddiyyətlərin olmasının açıq etiraf edilməsi anlamına gəlir. Bu da Paşinyan hakimiyyəti üçün yaxşı perspektiv vəd etmir. O mənada ki, bu, ermənilərin birliyinə zərbə vurmaq anlamına gəlir. Paşinyan qorxur ki, cəmiyyət onu buna görə ittiham edər. Ancaq Paşinyanın belə məlumatlardan narahat olmasının başlıca səbəbi hakimiyyəti itirmək qorxusudur. Klanlararası konfrantasiyanın dərinləşməsi Ermənistanda hərbi çevrilişə belə gətirib çıxara bilər. Paşinyan yaxşı bilir ki, Rusiya hakimiyyətinin ona qarşı münasibəti yaxşı deyil. O fikirləşir ki, hər an Kreml separatçı “Qarabağ klanı”na stavka edib onun hakimiyyətini devirə bilər. Bu səbəbdən iki qruplaşma arasında yaşanan ziddiyyətlərlə bağlı yayılan informasiyalardan bu qədər narahatdırlar”.

Vidadi ORDAHALLI

Son xəbərlər