Hərbi sahədə gücünü davamlı olaraq artıran Azərbaycan üçün prioritet məsələlərdən biri ordusunu ən müasir silah və texnika ilə təmin etməkdir. Bu istiqamətdə atılan addımlar öz müsbət nəticəsini verib və belə vəziyyətdə Azərbaycan işğalçı Ermənistan üzərində artıq əzici hərbi üstünlüyə malikdir.
Proseslərin gedişi göstərir ki, Azərbaycan qarşıdakı dövr ərzində də yeni hərbi texnika alışını davam etdirəcək və işğalçı Erpmənistanda narahatlıq yaradan ən böyük məqamlardan biri də məhz bununla bağlıdır. Məsələn, dünyada müasir hərbi texnikanın istehsalı baxımından ön sıralarda dayanan İsraildən Azərbaycanın silah alışı Ermənistanda kifayət qədər böyük narahatlıq və qorxu ilə qarşılanır. Bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsrailin Azərbaycana silah satışına dair məsələyə münasibəti də aydın göstərir.
Erməni nazir qeyd edir ki, Azərbaycanla işbirliyi zamanı İsrail üçün ticarət predmeti olan şey erməni xalqı üçün ölüm silahıdır: “Bizim İsrail silahları ucbatından itkilərimiz var. İsrail bilir ki, biz buna necə yanaşırıq”. Xatırladaq ki, bundan əvvəl də İrəvan İsrailin Azərbaycana silah satışına etirazını bildirib. Amma Təl-Əviv bu narazılıqların əhəmiyyətsiz olduğunu bildirərək, Azərbaycanla silah ticarətinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Ermənistanın özünə isə İsrail silah satmır. Bunun əsas səbəblərindən biri İsrailin Azərbaycanla münasibətləri, digəri isə İrəvanın bahalı İsrail texnikasını almaq üçün pulunun olmamasıdır. Məhz belə vəziyyətdə Azərbaycan-İsrail hərbi əməkdaşlığının genişlənməsi Ermənistanda böyük qorxu ilə qarşılanır. İsrail müdafiə nazirinin keçmiş müavini Efraim Snenin belə bir vaxtda “Stmegi.com” saytına açıqlamasında səsləndirdiyi fikirlər isə İrəvanın təlaşının daha da artacağını deməyə əsas verir. Onun sözlərinə görə, İsrail Ermənistanın onunla münasibətlərini düzəltmək istəməsinə hazırdır, amma bir şeyi anlamaq lazımdır ki, İsrail Azərbaycanın düşməninə bir güllə ilə belə kömək etməyəcək: “İsrail Azərbaycan əleyhinə istifadə oluna biləcək hər hansı bir şeyi Ermənistana tədarük edə bilməz. Bizim mövqeyimiz budur. Əminəm ki, hökumətimizdə heç kim o qədər də axmaq deyil ki, bunu anlamasın. İsrail, hətta Azərbaycanın düşməninə, milliqram da olsun, kömək etməyəcək. Biz müttəfiqik, biz qardaşıq”.
“İsrail hansı müasir silahları Azərbaycana təklif edəcək” sualına Sne Təl-Əvivin belə məsələləri müzakirəyə çıxaracaq qədər axmaq olmadığı cavabını verib: “Mən silahlardan yox, yalnız ikitərəfli münasibətlərdən danışa bilərəm. Mən ikitərəfli münasibətləri yaxşı kimi dəyərləndirirəm, amma bu münasibətlər daha da yaxşılaşmalıdır. Biz gərək dostluğumuzu və əməkdaşlığımızı mədəniyyət və elm sahəsində də genişləndirək, yalnız müdafiə sferası ilə məhdudlaşmamalıyıq. Siz bilirsiniz ki, Azərbaycanı hər il çoxlu sayda İsraildən olan turist ziyarət edir. İsrail turistləri Azərbaycanı ziyarət edərkən onun irs və mədəniyyətinin nə qədər zəngin olduğunu görürlər. Mən universitetlər arasında akademik mübadilə proqramlarının reallaşdırılmasını təklif edirəm. Təkliflər çoxdur. Biz Azərbaycanla dostluğu qiymətləndiririk. O, bizə çox lazımdır”.
Qeyd edək ki, hələ məlum aprel döyüşləri zamanı Azərbaycan İsraildən aldığı silahlardan tank əleyhinə “Spike” raketini və “Harop” pilotsuz uçan döyüş sistemini tətbiq edib. Həmin vaxt bu silahlar vasitəsilə ermənilərin xeyli canlı qüvvəsi məhv edilib. Məhz o vaxtdan Azərbaycanın İsraildən aldığı bu və digər silahlar Ermənistan üçün əsl kabusdur. Elə indinin özündə də İrəvanı ciddi narahat edən əsas məqamlardan biri İsrailin tutduğu mövqe fonunda Azərbaycana silah satışını davam etdirməsi və həmin silahların yeni Qarabağ savaşında tətbiq edilə biləcəyi ilə bağlıdır. Belə silahlardan biri isə Azərbaycanın malik olduğu “LORA” operativ-taktiki raket kompleksləridir. Yayılan məlumata görə, Azərbaycan tezliklə bu raketlərin yeni partiyasını da ala bilər.
Xatırladaq ki, “LORA” kompleksləri İsrailin istehsal etdiyi ən müasir operativ-taktiki raketlərdir. Bu raketlərin işlənib hazırlanmasını “İsrael Aircraft İndustries” korporasiyası həyata keçirib, istehsalçı isə “İsrael Aerospace İndustries” korporasiyasıdır. Raketlər hermetik bağlı nəqliyyat-buraxılış konteynerlərində yerləşdirilir və səhra şəraitində saxlama müddəti 7-10 ildir. Kompleks dörd buraxılış-nəqliyyat konteynerindən ibarət paket halında daşınır. Həm təkərli şassilər üzərində, həm də gəmilərdə quraşdırmaq mümkündür. Bu raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını və digərlərini yüksək dəqiqliklə məhv etmək üçündür. Raketin döyüş başlığı 570 kiloqramdır. Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərilə eyni sinif raketlər hesab edilir. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilir.
“LORA” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır və onlar hədəfi 10 metr dəqiqliklə vurur. Raketlər hazırlıqsız döyüş mövqelərindən də buraxıla bilər. Yeri məlum olan istənilən obyekt hücum barədə qərar veriləndən 10 saniyə sonra “LORA” tərəfindən vurulur. “LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsraildən 150 kilometr mənzilli “Extra” operativ-taktiki raketlərini alıb. Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır.
Bununla yanaşı, artıq o da məlumdur ki, İsrailin “Rafael” şirkəti Azərbaycanın döyüş helikopterlərini modernizə edilmiş “Spike” raketləri ilə silahlandırır. Şirkətin regional direktoru Şimon Naymen bu xüsusda qeyd edib: “Biz Azərbaycanda hərbi helikopterlərdə modernizə edilmiş “Spike” raketlərinin quraşdırılmasını həyata keçiririk. Bu raketlərin fəaliyyət radiusu 30 kilometrdir. Bu isə o deməkdir ki, modernizə edilmiş “Spike” raketi ilə silahlanmış hərbi vertolyot düşmən üçün əlçatmaz olacaq. Başqa sözlə, vertolyotlar Azərbaycanın nəzarətində olan ərazilərdən düşmənin nəzarəti altında olan ərazilərə dəqiq zərbə endirəcək, bu zaman özü atəş altına düşməyəcək”.
Bundan başqa, məlumdur ki, İsrail Azərbaycana “Barak-8” sistemləri də satıb. Bu kompleksləri İsrailin “Rafael” və İAİ hərbi-sənaye şirkətləri birgə istehsal edir. “Barak-8”in iki versiyası, yəni dəniz və quru versiyası mövcuddur. Buraxılış qurğusu 8 raketlə və nəqliyyat-buraxılış konteyneri, habelə radiolokasiya stansiyaları ilə təchiz olunub. Bu, dünyada ən mükəmməl hava və raket hücumundan müdafiə kompleksi hesab olunur. “Barak-8”in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. Raket buraxılandan sonra inersial naviqasiya sistemindən istifadə edir, hədəfə yaxınlaşanda isə raketi hədəfə yönləndirən aktiv radilokasiya sistemi işə düşür. Döyüş başlığının ağırlığı 25 kiloqramdır. Raketi havada başqa hədəfə yönləndirmək və trayektoriyasını dəyişmək də mümkündür. “Barak-8” İsraildən başqa dünyanın cəmi 4 ölkəsinin silahlanmasında mövcuddur və belə ölkələrdən biri Azərbaycandır. Digər tərəfdən, yayılan məlumatlara əsasən, Azərbaycan İsraildən bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə kompleksi alıb. “Dəmir günbəz” idarəolunmayan, 4 kilometrdən 70 kilometrə qədər radiuslu taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulub. İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. Bir “Dəmir günbəz” batareyası 150 kvadratkilometr ərazinin müdafiəsini təmin edir. Sistem düşmən taktiki raketlərini aşkarlayan, uçuş trayektoriyasını müəyyən edən ELM-2084 radarından, atəşin idarəedilməsi mərkəzindən və hərəsində 20 raket olmaqla 3 “Tamir” raket-tutucu komleksindən ibarətdir.
Azərbaycan, bunlarla yanaşı, İsraildən digər çoxsaylı silahlar da alır, eyni zamanda tərəflər birgə silah istehsalını da həyata keçirir. Bütün bunlar o vaxt baş verir ki, Qarabağ savaşının yenilənmə ehtimalı artır. Belə ki, Ermənistan mediası cəbhədə Azərbaycan ordusunun fəallaşdığını, irihəcmli mühəndislik işlərinin aparıldığını iddia edir. Müşahidələr də göstərir ki, hazırda cəbhədə vəziyyət müharibə həddinə çatıb və işğalçı tərəf Düşənbə razılığına əməl etmək niyyətində deyil. Erməni politoloq Robert Qevondyan bildirib ki, Azərbaycan Düşənbə razılaşmasına əməl edilmədiyini və atəşkəsin zaman-zaman pozulduğunu görəndən sonra aktivləşib: “Bakı gözləyirdi ki, Ermənistanda siyasi dəyişiklik Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da dəyişikliyə səbəb olacaq, lakin İrəvan hərbi ritorikanı dayandırmadı və daha sərt mövqe sərgilədi. Buna görə də təmas xəttində aktivləşmə başlandı. Bu, cəbhədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”, - deyə o bildirib. Politoloq Levon Şirinyan isə qeyd edib ki, baş verənlər regionda Ermənistanın gələcəyi üçün ciddi təhlükədir. O, Azərbaycanın hərbi cəhətdən xeyli gücləndiyini də vurğulayıb. Hesab edilir ki, yaxın tezlikdə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün müvafiq addımlar atmasa, düşmən cəbhədə kifayət qədər sərt hərbi zərbələr alacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.