ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri Corc Kent Ermənistana gedib. Səfər zamanı ABŞ rəsmisi orada bir sıra görüşlər keçirib.
ABŞ nümayəndə heyətini Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan qəbul edib.
Erməni mətubatı Kentin İrəvana səfərini Ermənistan-ABŞ strateji dialoqu kimi təqdim edir. Bunu onunla əsaslandırmağa çalışırlar ki, guya 2018-ci ilin aprel-may hadisələrindən bir il sonra bu görüş baş tutub. ABŞ və Ermənistan arasında iqtisadi artımın dəstəklənməsini və səmərəli idarəetmə məqsədilə 16 milyon ABŞ dolları həcmində maliyyələşməni nəzərdə tutan yardım razılaşmaları imzalanıb. Həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi cari il üçün 6 milyon dollar maliyyələşmə nəzərdə tutulan 2-3 il müddətinə yeni təşəbbüs barədə məlumat verib. Bundan vəcdə gələn erməni mətbuatı Kentin səfərini iki ölkə arasında strateji dialoqun göstəricisi kimi qələmə verməyə çalışır.
Onu da qeyd edək ki, Mnatsakanyan görüş zamanı Ermənistan-ABŞ münasibətlərinin kifayət qədər möhkəm olduğunu deyib. İddia edib ki, guya Ermənistan ikitərəfli gündəliyin daha da möhkəmləndirilməsi üçün addımlar atmağı planlaşdırır.
Ermənistanın forpost ölkə olması, hansısa strateji önəmə malik olmaması ortadadır. Ermənistanın hansısa önəmi olsaydı, o zaman Paşinyan ötən bir ildə ölkə iqtisadiyyatının dirçəldilməsi üçün ABŞ-dan böyük maliyyə yardımı cəlb edərdi. Dilənçi payı kimi az miqdarda qrantlar verilməzdi.
Bütün hallarda, Kentin səfərinin Ermənistan-ABŞ strateji dialoqu kimi qələmə verilməsi nə dərəcədə doğrudur?
Arzuxan Əlizadə: “Bütün bunlar erməni mətbuatının şişirtməsidir və təbliğat məqsədi daşıyır”
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Kentin səfərini iki ölkənin dialoqu kimi təqdim etməyin əsası yoxdur. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Məsələ ondadır ki, bir il əvvəl Ermənistanda hakimiyyət dəyişsə də, ölkənin strateji hədəfləri dəyişməyib. ABŞ-ın əsas moderatoru olduğu NATO blokuna və digər təsisatlara yönəlik Paşinyan hakimiyyəti hansısa siyasi addımlar atmayıb. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Bu təşkilatların hər ikisi Rusiyanın maraqlarına xidmət edir. Ermənistan əsgərləri Rusiyanın egidası altında Suriyada fəaliyyət göstərirlər. Belə olan halda, hansı Ermənistan-ABŞ strateji dialoqundan söhbət gedə bilər?! Təbii ki, bütün bunlar erməni mətbuatının şişirtməsidir və təbliğat məqsədi daşıyır. Bəzi müstəqil erməni ekspertləri də bu məsələdə fərqli düşünürlər. Bir müddət əvvəl Amerikanın Taftsi Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin elmi işçisi Suren Sarqsyan bəyan etdi ki, ABŞ üçün Azərbaycan və Gürcüstan strateji əhəmiyyət kəsb edir. Ermənistan yalnız prioritet bir dövlət statusu daşıyır. Onun fikrincə, bu münasibətlər Ermənistana İran və Rusiyanın təsirləri səbəbindən çox yaxşı ola bilməz. Ona görə də mövcud reallıqlardan çıxış etmək lazımdır. Mövcud reallıq da ondan ibarətdir ki, Ermənistanda hakimiyyətin dəyişməsi bu ölkəni Rusiyanın forpostu olmasından xilas edə bilməyib. Bu səbəbdən erməni mətbuatında səslənən fikirlər reallığı əks etdirmir. Çünki məlum yanaşma reallıqdan uzaqdır”.
Vidadi ORDAHALLI