İşğalçı Ermənistanın yaşadığı ən böyük problemlərdən biri, əvvəlki kimi, bu ölkədən köçüb gedənlərin sayının davamlı olaraq artması ilə bağlıdır. Ölkədə məlum hakimiyyət dəyişikliyindən sonra bu istiqamətdə vəziyyətin düzələcəyinə dair vədlər verilsə də, real vəziyyət yenə bunun tamam əksini göstərir.
Məsələ ilə bağlı “armenianreport” saytı da yazır ki, Nikol Paşinyan iqtidarı miqrasiya ilə bağlı durumda hansısa yenilik edə bilməyib: “Ötənilki “məxməri inqilab” erməni cəmiyyətində yeni hakimiyyətdən müəyyən gözləntilər doğurmuşdu. Bu tamamailə təbii idi, iki onillikdən çox bir zaman içərisində biz yoxsulluqdan və hüquqsuzluqdan yorulmuşduq. Küçələrə axışıb Paşinyana dəstək verən insanlar həyat səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə səbəb olacaq daha effektli və ədalətli dövlət strukturunun yaradılmasını gözləyirdilər. Amma budur, inqilabdan bir il keçib, fərəhləndirici heç nə baş verməyib. Əksinə, insanlar gələcəyə olan-qalan ümidlərini də itiriblər. Xüsusilə, cəmiyyətin yaralı yeri olan ölkədən işçi axını daha da güclənib.
Ermənistan Milli Statistika Komitəsinin bu il aprelin 1-nə olan məlumatına görə, ötən ilin analoji dövrünə nisbətdə əhalinin sayı yenə azalıb. İl ərzində Ermənistanda əhalinin 11 min nəfər azalması baş verib. Məxməri inqilabın qələbəsinə və Köçəryan-Sarkisyan cütıüyünün cinayətkar-oliqarx və klan rejiminin getməsinə baxmayaraq, insanlar ölkəni niyə tərk edir? Cavab birmənalıdır – inqilabdan sonra onları bürüyən məyusluqdan. Axı, inqilabdan keçən bir il ərzində insanların həyatında yaxşıya doğru heç nə dəyişməyib. Çətin ki, yaxın vaxtlarda da nə isə dəyişsin, bunun heç bir işartısı yoxdur. Heç olmasa, gələcəkdə də. Ancaq Paşinyanı və onun dəstəsinin üzvlərini danışdırsan, bildirəcəklər ki, Ermənistanı postsovet məkanında inkişaf etmiş qabaqcıl ölkələrdən birinə çevirəcək iqtisadi inqilab artıq başlayıb. Ola bilsin, baş nazirin rezidensiyasının pəncərəsindən baxanda hansısa müsbət dəyişikliklər nəzərə çarpır, amma biz - sadə adamlar onu zəif hiss edirik. Axı, onları necə hiss edək ki, işsizlik nəinki azalıb, əksinə hökumətin düşünülməmiş qərarları ucbatından daha da artıb. “Köhnə” və “təzə” işsizlər çıxılmaz vəziyyətə görə ölkəni tərk edir, qastarbayterə çevrilirlər”.
Bununla yanaşı ona da diqqət çəkilir ki, xaricdən, əsas etibarı ilə Suriyadan köçürülüb gətirilən ermənilər hesabına da vəziyyəti dəyişmək mümkün olmayıb. Qeyd olunur ki, Suriya erməniləri həm Ermənistandan, həm də köçrüldükləri Dağlıq Qarabağdan qaçırlar. Bildirilir ki, Ermənistan hökuməti suriyalı soydaşlar üçün imtiyazlı şəraitlər yaratmağa çalışsa da, bu artıq heç bir nəticə vermir. Suriyada yaşanan müharibə üzündən ölkəni tərk edərək Ermənistana üz tutan ermənilərin çoxsaylı problemləri hələ də həllini tapmır. Hazırda ölkədən qaçan Suriya ermənilərinin əksəriyyəti xarici ölkələrdə miqrant kimi yaşayır. Ermənistan qaçqınları aldadaraq böyük nəvazişlə qarşılasa da, suriyalı ermənilər sonradan aldandıqlarını başa düşürlər. Əhalisinin üçdə biri yoxsulluq həddində yaşayan bir ölkədə onların həyatı ağır sınağa çevrilir.
Digər tərəfdən belə görünür ki, yerli ermənilərin Suryiadan gələnlərə münasibəti getdikcə pisləşdyindən də sonuncular ölkəni tərk etməyə üstünlük verir. Yeri gəlmişkən qeyd edək ki, təkcə Suriya erməniləri yox, Azərbaycandan köçüb gedən ermənilər də üzləşdikləri vəziyyətdən narazılıq edir. Məsələn, Dağlıq Qarabağ müharibəsinin aktiv olduğu illərdə Azərbaycandan Ermənistana köçən erməni qadınlardan biri ölkədə onlara qarşı kəskin nifrət və ayrıseçkilik, ağır iqtisadi-sosial şərait barədə danışarkən mediaya açıqlamasında deyib: “Mən Ermənistana gələndə heç də xoş olmadı, çünki özümün və ailəmin ünvanına xoşagəlməz ittihamlar səsləndirildi. Oğlumu dəfələrlə döyüb, onun Azərbaycan ermənisi olduğunu dedilər. Azərbaycan ermənisi olanda nə olar? Onlara dünyada yermi yoxdur? Mən bunu deməkdən utanmıram, özüm də erməniyəm, lakin onlar bizi sevmir və heç vaxt da sevməyib. Ermənistanda buna görə çox qala bilmədim. Moskvaya getmək və oradan ABŞ-a miqrasiya üçün müraciət etmək qərarına gəldim. Ərim işləmirdi, iş tapmırdı. Moskvaya getdiyim üçün məni satqın adlandırdılar. Mən satqınam, çünki 16 yaşlı oğlumu ərimlə birlikdə döyüşməyə göndərmədim. Hə, mən buraxmadım, qan və ölüm istəmədim. Mənə dedilər ki, sənin nəvə-nəticələrin sağ qalacaq. Bəs savaşmaq nəyə lazımdır? Əgər oğlum və ya ərim ölsə, nəvələrimi harada görəcəyəm?”.
Ümumiyyətlə, Azərbaycandan Ermənistana köçən ermənilərin acınacaqlı vəziyyətdə yaşaması artıq heç kimə sirr deyil. Belə ki, yataqxanada yaşayanlar heç bir şəraitin olmaması, hökumətin laqeydliyi, büdcədən və beynəlxalq təşkilatlardan ayrılan pulların mənimsənilməsi kimi hallardan danışıblar. Erməni qadınlardan birinin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandan gələnlərin yaşadığı yataqxananın təmiri üçün ayırdığı 5 milyon mənimsənilib və nəticədə heç bir yardım göstərilməyib. Erməni qadın, həmçinin, ölkə rəhbərliyinin Azərbaycandan gələnlərin ölkəni tərk etməsinə qadağa qoyduğunu bildirib. Belə ki, bu barədə hökumət bütün səfirliklərə müvafiq göstəriş verib. Bunun səbəbi isə Azərbaycandan gələn ermənilərə görə verilən humanitar yardımların mənimsənilməsidir. Erməni qadın son cümlələrində isə öz xalqı ilə azərbaycanlıları müqayisə edib: “Biz erməni olsaq da, özgəyik. Yerli və gəlmə ermənilər iki fərqli xalqdır. Burda çox yalan danışırlar. Mən həyatım boyu burdakılara etibar etmərəm. Çox qəribə ermənilərdir. Hərçənd, Suriyadan gələn ermənilər də heç vaxt düzgün insan deyillər, ancaq yerli ermənilərdən daha çox onlarla aramızda bir yaxınlıq var. Onlar yerli ermənilərlə birlikdə yaşaya bilməzlər. Aci bir həqiqət var. Gəlin sizə onu da deyim. Nə Azərbaycandan, nə də Suriyadan gələnlər heç vaxt burada yaşamayacaqlar. Çünki burda insanlar qəddardırlar. Mən sonradan başa düşdüm ki, yerli ermənilərə problemlərini danışmaq olmaz. Azərbaycanlıya öz problemini danışsan, deyəcək “sənə necə kömək edə bilərəm?” və kömək də edəcək. Yox, problemini erməniyə desən, o bundan istifadə etməyə və səni tapdalamağa çalışacaq”.
Məhz belə vəziyyət erməni cəmiyyətində qütbləşmənin sürətlə dərinləşdiyini göstərir.
Tahir TAĞIYEV