Son günlərdə dünya gündəmində ən çox müzakirə predmetinə çevrilən əsas məsələlərdən biri də ABŞ və İran arasında gərginləşən münasibətlər, bunun savaşa yol açıb-açmayacağıdır. Belə görünür ki, ümumiyyətlə, İran mövzusunu birdəfəlik qapamaq üçün ABŞ hərbi gücdən istifadədə maraqlıdır. Bu məsələdə İsrailin də ABŞ-la fəal təmasda olduğu aydın müşahidə edilir.
Məhz belə bir vaxtda İsrailin baş naziri Benyamin Netanyahu maraqlı bir açıqlama ilə çıxış edib. O qeyd edib ki, ölkəsi İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək: “İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İrana nüvə silahına yiyələnməyə imkan verməyəcəyik”. O bildirib ki, İsrail yəhudi dövlətinin varlığını təhdid edənlərə qarşı mübarizəni davam etdirəcək.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani mayın 8-də ölkəsinin nüvə razılaşmasından qismən çıxacağını bildirib. Belə vəziyyət ABŞ və İsrailin İrana qarşı aktiv hərbi əməliyyata keçməsinə imkan yaradır. Bunu məhşur “The Daily Beast” nəşri də təsdiq edir. Baş vernələrlə bağlı nəşr yazır: “Ötən bazar günü Milli Təhlükəsizlik Şurası bəyan edib ki, ABŞ Fars körfəzinə bir aviadaşıyıcı gəmi və bombardmançı təyyarələr qrupu göndərir və bu, İranın “narahatedici eskalasiya” xəbərdarlıqlarına – Tehranla potensial hərbi qarşıdurmaya cavab olaraq atılan addımdır. Anonim hökumət rəsmiləri hərəkətlərini əsaslandıraraq, İranın Yəmən sahillərindən və İraqdakı proksi qüvvələrlə ABŞ qoşunlarına hücum planlaşdırıldığını ifadə edən kəşfiyyat məlumatlarına istinad ediblər. Milli təhlükəsizlik məsləhətçisi Con Bolton da kəşfiyyat məlumatlarını istinad olaraq göstərib. Beləliklə, ağız birliyi ortaya çıxıb: İran müharibəyə hazırlaşır.
Vəziyyətlə yaxından tanış olan bir çox qaynaq “The Daily Beast”ə bildirib ki, əslində, administrasiya kəşfiyyat xidmətinin hesabatlarına diqqət yetirmək yerinə, onun hesabatlarına qeyri-adekvat təpki verir. Digər bir qaynaq Tramp administrasiyasının təpkisinin “həddindən artıq həssas” olması qənaətinə gəlib, lakin təhlükənin olduğunu danmayıb. Bu qaynağın sözlərinə görə, “Qüds” qüvvələrinin başçısı Qasim Süleymani İraqdakı tərəfdarlara bildirib ki, tezliklə ABŞ-la münaqişə olacaq. “Hazırkı vəziyyəti hər iki tərəfin mümkün qarşıdurmaya hazırlıq dövrü kimi xarakterizə edəcəyəm, – deyə ABŞ hökumətinin rəsmi nümayəndəsi olan ikinci mənbə bildirib. – Amma təhdid təsvir olunduğu kimi labüd olmaya bilər”. Mənbənin sözlərinə görə, administrasiyanın addımları Birləşmiş Ştatların İran hökumətinə hərəkətləri üçün məsuliyyət daşıyacağını bildirmək yoludur.
Vəziyyətlə tanış olan üçüncü hökumət rəsmisi administrasiyanın bu şəkildə cavabını belə izah edib: “Bu, aydın bir mesaj göndərmək və gərgin vəziyyətdə qeyri-müəyyənliyi aradan qaldırmaq üçündür. Biz bölgədəki böyük imkanları nümayiş etdiririk”. İranın xüsusi niyyətləri müzakirə predmeti ola bilər, amma “Qüds” qüvvələrinin İraq müharibəsi dövründə ölümcül səmərəlilik nümayiş etdirdiyi məlumdur, o, ABŞ qüvvələrinə nəzartində olan qruplar vasitəsilə zərbə vurmaq qabiliyyətinə malikdir. Dövlət Departamentinin verdiyi məlumata görə, İraqdakı İran dəstəkli döyüşçülər 2003-2011-ci illərdə təxminən 603 ABŞ əsgərini öldürüblər. Onların bir çoxu “Qüds” tərəfindən təchiz edilmiş zirehdeşən mərmilərdən həlak olub.
Prezident Tramp hələ vəzifəyə gəlməzdən əvvəl İrana qaşı sərt xətt tutub. Seçki kampaniyasında Tramp “İranın qlobal terror şəbəkəsini tamamilə silmək” vədi verib və onun ilk milli təhlükəsizlik məsləhətçisi olan Maykl Flinn mətbuat brifinqlərinin birində Tehranın “xəbərdarlıq” mərhələsində olduğunu bildirib. Flinnin varisi Makmaster İslam Respublikasına qarşı qətiyyətsiz rəftarına görə prezidentlə əlaqələrini qırıb, amma Con Boltonun təyinatı ilə “quzğunlar”a meydan açılıb. 2018-ci ilin sentyabr ayında ABŞ-ın Bağdaddakı diplomatik missiyası minaatanlardan atəşə tutulduqda, ABŞ personalı yaralayan istənilən hücuma görə “Tehran rejiminin məsuliyyət daşıyacağını” açıqlayan bəyanat verib. Dövlət katibi Mayk Pompeo da İraqdakı diplomatların köçürülməsini elan edərkən “İraqdakı işçilərinə və qurumlarına hücum etmək üçün xüsusi təhdidlər”dən söz açıb.
“Wall Street Journal” qəzetinin yazdığına görə, Bolton Müdafiə Nazirliyi rəsmilərindən - hərbi planlaşdırıcılardan, hadisəyə cavab olaraq, İrana hücum ehtimalına dair variantları təqdim etmələrini istəyib. Bundan sonra hücumlar baş verməyib, amma ABŞ nüvə razılaşmasından uzaqlaşdıqdan sonra Tramp administrasiyası və İran arasında gərginlik artıb. Son həftələrdə administrasiya İslam Respublikasına qarşı sanksiyaları daha da sərtləşdirib, bir sıra ölkələrin İran xam neftini ABŞ sanksiyalarına məruz qalmadan almasına qadağa qoyub və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) xarici terror təşkilatı kimi tanıyıb. Mənbələr “The Daily Beast”-ə bildiriblər ki, aprel ayında SEPAH-ın xarici terror təşkilatı kimi tanınma qərarının qəbul edilməsi, böyük ehtimalla, həftəsonu baş vermiş hadisələrə, növbəti gərginliyə səbəb olub.
İran rəsmiləri yaxın vaxtlarda nüvə silahının istehsalında zəruri olan əsas komponentin – uran yanacağının zənginləşdirilməsini məhdudlaşdırmaq üçün nüvə razılaşması ilə bağlı öhdəliklərdən uzaqlaşacaqlarına eyham vurublar. ABŞ dövlət katibi Pompeo belə bir vaxtda İraqa sürpriz səfər edib. Pompeo İran təhdidi ilə əlaqədar kəşfiyyat mövzusunda ətraflı məlumat verməyib: “Bu, İraq hökumətinə inanılmaz dərəcədə vacib olan İŞİD əleyhinə kampaniyanı davam etdirən amerikalı qüvvələri geri çəkmə cəhdidir”.
İran və SEPAH üzvü, ekspert Afşon Ostovar deyib ki, iranlı liderlər gözləmə mövqeyi tutub, lakin Ağ Evin təzyiq kampaniyası bəzi daxili siasi dalğalanmalara gətirib çıxarır: “Məncə, İranda bəziləri, xüsusən SEPAH-ın bəzi üzvləri indi geri çəkilmək istəyir. Ancaq İran liderləri səbrli olmağa davam edir. Bununla belə, İrana təzyiq hər zaman əlavə sanksiya, ritorika və ya poz vermə ilə artdıqda, mən İran liderlərinin səbrinə və onların ABŞ-a qarşı həddi keçmə tərəfdarlarının əl-qolunu bağlama qabiliyyətinə şübhə edirəm”. Bu yazıda, qeyd olunanlardan göründüyü kimi, ABŞ və İran arasında savaş an məsəlisidir.
Nahid SALAYEV