Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər. Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Əli Həsənovun sözlərinə görə, Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var: “Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür. Misal üçün, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasətləri, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə də hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir”.
PA-nın şöbə müdiri onu da vurğulayıb ki, bu gün dünyada islam dininə qarşı çirkin kampaniya aparılır: “İslam dövlətləri, müsəlman xalqları terrorla eyniləşdirilir. Onların mədəniyyətləri və dəyərləri inkar olunur”.
Türk dövlətləri dünyada böyük coğrafi arealı əhatə edir. Sözügedən dövlətlər Dağlıq Qarabağla bağlı informasiya dəstəyi versələr, bu, Ermənistanın işğalçılıq siyasətinin dünyada ifşası baxımından faydalı ola bilər. Ümumilikdə, türk dövlətlərinin bu yöndə fəaliyyəti yetərlidirmi? Bunun nə kimi əhəmiyyəti var?
Azər Həsrət: “Bu addımın ciddi bir şəkildə həyata vəsiqə qazanması üçün həm bizim dövlət, həm də digər türk dövlətləri ciddi fəaliyyət göstərməlidirlər”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət buna bir neçə rakursdan yanaşdı: “Türkdilli dövlətlərin informasiya dəstəyi verməsi çox önəmlidir. Ona görə ki, türk dövlətlərində həm də erməni diaspor təşkilatları fəaliyyət göstərir. Çünki ermənilər yaşadıqları ölkələrdə boş dayanmırlar. Azərbaycana qarşı, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmin ölkələrin cəmiyyətlərini, ictimaiyyətlərini yanlış məlumatlandırmağa cəhd göstərirlər. Əsasən də biz bunu Orta Asiyadaki türk dövlətlərində müşahidə edirik. Eyni zamanda, Rusiyanın tərkibində olan türk muxtariyyətlərində də analoji hallar yaşanır. Yəni bizim olmadığımız yerdə ermənilər fəal şəkildə Azərbaycana qarşı təbliğat aparırlar. Hətta bizim digər türk qardaşlarımızı belə bizə qarşı çevirməyə cəhd göstərirlər. Nəticə də göz qabağındadır. Özbəkistanda bizim dostlarımızdan biri olan Şöhrət Salamov erməni məsələsi ilə bağlı ciddi fəaliyyət göstərir. Bir müddət əvvəl ermənilər ona qarşı bir “akademiki” ortaya salmışdılar. Faktiki olaraq ermənilərin cərgəsində yer tutaraq özbəklərə, bizə qarşı çıxış edirdi. Bütün bunlar da təsadüfi deyil. Deməyim odur ki, bizim olmadığımız yerdə onlar öz işlərini görürlər. Ona görə də televiziya, qarşılıqlı informasiya mübadiləsi, informasiya dəstəyi sahəsində işləri türkdilli dövlətlər vaxtında həyata keçirsəydilər, bütün bunlar baş verməzdi. Dağlıq Qarabağ həqiqətləri ilə bağlı türkdilli dövlətlərin informasiya dəstəyini hələlik yetərli hesab etmək olmaz. Yalnız Türkiyənin bu yöndə fəaliyyəti qənaətbəxşdir. Yaxşı olardı ki, digər türkdilli dövlətlər də bu işdə fəal olsunlar”.
A.Həsrətin fikrincə, bu sahədə Azərbaycandan asılı olan nə varsa, dövlət bunu edir: “Sadəcə olaraq digər türkdilli dövlətlərin də bu məsələdə aktiv rol alması lazımdır. Bax ona görə də PA rəsmisi Əli Həsənov məlum toplantıda çıxışında sözügedən məsələni vurğuladı. Çox sevindiricidir ki, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar həmin məsələdə öz dəstəklərini ifadə etdilər. Faktiki olaraq, ümumi informasiya məkanının formalaşdırılması üçün ilkin addımın atıldığını deyə bilərik. Bu addımın ciddi bir şəkildə həyata vəsiqə qazanması üçün həm bizim dövlət, həm də digər türk dövlətləri ciddi fəaliyyət göstərməlidirlər. Nəticə etibarilə biz buna nail ola biləcəyik ki, təkcə Dağlıq Qarabağ məsələsi ilə bağlı deyil, ümumiyyətlə, türk dövlətlərinin qarşılıqlı şəkildə maraqlarına uyğun bir çox məsələ barədə ortaq mövqedən çıxış edək. Hesab edirəm ki, informasiya dəstəyi olsa, bunun əhəmiyyətli nəticəsi olacaq”.
Vidadi ORDAHALLI