Mənzil qərargahı Berlində olan və uzun müddətdir Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedən çıxış edən “Meydan TV” adlı media resursu ətrafında maraqlı proseslər yaşanır. Əvvəlcə layihənin başında duran Emin Milli istefa verdiyini bəyan etdi. Ancaq bir sıra media ekspertləri Emin Millinin media resursuna təsir imkanlarının qaldığı qənaətindədirlər.
Emin Millinin özü son günlər “Facebook”da paylaşdığı postlarda, demək olar ki, hakimiyyətin mövqeyini dəstəkləyən mövqe ortaya qoyur. Bunun ardınca isə həmin qurumla əmkdaşlıq edən dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb. Qeyd edək ki, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi. Jurnalist Natiq Cavadlı deyib ki, onları idarə rəisi Eldar Əhmədov qəbul edib: “Özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”.
Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” üçün materiallar hazırlamış ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.
Qeyd edək ki, ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi. Hər halda, ortada tərəflərin bir-birinə müsbət mənada jestlər etdiyi nəzərə çarpır. Bu onu deməyə əsas verirmi ki, “Meydan TV”nin üzərində olan xarici təsirlər tam zəifləyib?
Yadigar Məmmədli: “Bu proseslərin gedişi hamımızın ürəyincədir və sonda dövlətimizin güclənməsinə gətirib çıxaracaq”
Media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin mediaya xarici təsirlərin hansı səviyyədə olduğu barədə dəqiq informasiyaya malik deyil: “Amma üzdə olan faktlar həmin media qurumu ilə bağlı yeni yanaşmanın ortaya çıxdığını aydın büruzə verir. Mən Emini həbsə düşən dövrdən tanıyıram. Çox vətənpərvər insan kimi xarakterizə edərdim. Bilirsiniz ki, həmin vaxt bizim Demokratik Jurnlaistlər Liqası onların hüquqlarının qorunması ilə bağlı müəyyən işlər görürdü. Bizim təşkilatımız həmin vaxtlar bir neçə başqa təşkilatla birlikdə həmin istiqamətdə fəallıq edirdi. Çox sevindiricidir ki, Emin Milli obyektiv yazılar yayımlayır. Jurnalistika müxalif olmalıdır, buna bizim sözümüz ola bilməz. Amma qərəzdən uzaq durmalıdır. Bizim iradımız həmin qərəzli mövqeyə olub hər zaman. Hər şeyi qara rəngdə görmək jurnalistikanın prinsiplərinə ziddir. Bəli, Emin Millinin son fikirlərində ölkədə görülən bütün müsbət işlər təqdir edilir. Tənqidlə yanaşı, pozitiv məqamları da görüb dəyərləndirmək yaxşıdır. Jurnalistlərin ölkədən çıxışı ilə bağlı qadağanın götürülməsi də çox pozitiv haldır. Jurnalist müstəqil və sərbəst olmalıdır. İstərdik ki, hər bir jurnalist də xaricə çıxanda ölkənin milli, dövləti maraqlarını daha öndə tutsun, hansısa xarici təsir altına düşməsin. Bütün hallarda, yaxşı və alqışlanası vəziyyətdir. Bu proseslərin gedişi hamımızın ürəyincədir və sonda dövlətimizin güclənməsinə gətirib çıxaracaq”.
Məhəmmədəli QƏRİBLİ