Türkiyənin keçmiş prezident Abdullah Gül və keçmiş baş nazir Əhməd Davudoğlu İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsinə dair Ali Seçki Komissiyasının qərarını sərt tənqid edib.
Baki-xeber.com xəbər verir ki, hakim AKP-də müxalif cəbhənin liderləri sayılan Gül və Davudoğlu məsələ ilə bağlı sosial mediada açıqlama yayıblar.
“2007-ci ildə Konstitusiya Məhkəməsinin haqsız “367” qərarı qarşısında nə hiss etmişdimsə, başqa bir qurum Ali Seçki Komissiyasının 6 may tarixli qərarını eşitdikdə eyni hissləri yaşadım” - Gül deyib
Keçmiş prezident ardınca yazır: "Yazıq, bir arpa boyda da irəli gedə bilməmişik”.
Əhməd Davudoğlu da seçkinin nəticələrinin ləğv edilməsini sərt tənqid edib. Bildirib ki, İstanbul seçkisindən sonra baş verənlər və seçki nəticələrinin ləğvi Türkiyə demokratiyasının təməl dəyərlərinə ciddi ziyan vurub. Sabiq baş nazir bu qərarının beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
Qeyd edək ki, hakimiyyəti tənqid edən və hələ də hakim AKP-nin üzvləri olan Abdullah Gül və Əhməd Davudoğlunun yeni partiya yaradacağı bildirilir.