Ortaq mədəniyyəti, dili, tarixi paylaşdığımız digər türkdilli xalqlarla əlaqələrimizin daha geniş şəkildə inkişaf etdirilməsi günümüzün ən zəruri məsələlərindən birinə çevrilib. Heç şübhəsiz ki, indiyə qədər dövlət səviyyəsində bu istiqamətdə bir sıra addımlar atılıb.
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov maraqlı və böyük tarixi əhəmiyyətə malik olan təklif verib. Ə.Həsənov bildirib ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın Dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın”.
O, həmçinin, vurğulayıb ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunur: “Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi masa üzərindədir”.
Türkdilli dövlətlərdə mövcud olan telekanallardan birinin bazasında türkdilli dövlətlərin vahid televiziya kanalının yaradılması, yaxud tamamilə yeni bir telekanal açılmasının vacib olduğunu deyən ekspertlər hesab edirlər ki, bu məsələnin reallaşması üçün türkdilli dövlətlər tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Buludxan Xəlilov: “Türkdilli dövlətlərin vahid televiziya kanalı elə Azərbaycanda yaradılsa, daha məqsədəuyğun olar, çünki bizim bu sahədə təcrübəmiz var”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilovun fikrincə, hazırda türkdilli dövlətlərin vahid televiziya kanalının yaradılması zərurətə çevrilib. B.Xəlilovun sözlərinə görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov belə aktual məsələni gündəmə gətirməsi ilə Azərbaycan dövlətinin iradəsini və bu məsələdə maraqlı olduğunu ortaya qoyur. “Bu gün gerçəkdən də türkdilli dövlətlərin vahid televiziyasının yaradılmasına ciddi zərurət var. Bu televiziya mövcud telekanallardan birinin bazasında da yaradıla, yaxud tamamilə yeni bir telekanal da açıla bilər. Artıq bununla bağlı Azərbaycan dövləti ortaya iradə qoyub və belə bir telekanalın yaradılmasında maraqlı olduğunu qeyd edib. Bu gün xalqların dilinin, mədəniyyətinin, iqtisadiyyatının bir-birinə inteqrasiyası çox aktual bir məsələdir. Bu inteqarsiyanı isə yalnız rəsmi sənədlərlə, yazışmalarla reallaşdırmaq mümkün deyil. Bu istiqamətdə praktik işlər görülməlidir. Fikrimcə, o praktik işlərdən biri də türkdilli dövlətlərin vahid televiziya kanalıın yaradılmasıdır. Vaxtilə İctimai Televiziyada türkdilli xalqlarla bağlı “Körpü” proqramı yayımlanırdı. Bu verilişə bütün türkdilli xalqların təmsilçiləri qoşulurdu, qardaş türk xalqlarının mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, rəqsləri, inancları, həyat tərzləri haqqında maraqlı təqdimatlar olurdu. Mən özüm də həmin proqramda dəfələrlə iştirak etmişəm. Sonra, nədənsə, İctimai Televiziyada həmin proqram yığışdırıldı. İndi yeni televiziyanın yaradılması ideyası gerçəkləşərsə, bu, türkdilli xalqların bir-birini daha yaxından anlaması, onlar arasında daha sıx əlaqələrin qurulması baxımından çox əhəmiyyətli olacaq. Son illər ortaq türk dilindən çox danışırıq, ortaq türk dilini işlətməsək, bu problemi necə həll edə bilərik? Ortaq türk dilini formalaşdırmağın əsas yolu da türkdilli dövlətlərin vahid televiziya kanalının yaradılmasından keçir. Bu kanalın yaradılmasına ciddi ehtiyac var və bu televiziya gələcəkdə ortaq mətbuat orqanlarının da yaranmasına gətirib çıxaracaq. Bu televiziyanın hansı ölkədə açılmasına gəlincə, açıq demək lazımdır ki, bu gün Türkiyə türk dünyasının düşünən beyni, Azərbaycan isə döyünən ürəyidir. Bu televiziyanın açılmasında düşünən beyinlə döyünən ürəyin vəhdəti əsas rol oynamalıdır. Mənə elə gəlir ki, bu televiziya Türkiyənin və Azərbaycanın koordinasiyası əsasında ya Türkiyədə, ya da Azərbaycanda mövcud telekanallardan birinin bazasında, yaxud da ayrıca televiziya şəklində yaradılmaldır. Azərbaycanda türkdilli xalqların dilinin, mədəniyyətinin, tarixinin öyrənilməsi sahəsində böyük ənənə var, eyni zamanda da bizdə “Körpü” verilişi bu məsələyə həsr edilirdi. Düşünürəm ki, türkdilli dövlətlərin vahid televiziya kanalı elə Azərbaycanda yaradılsa, daha məqsədəuyğun olar, çünki bizim bu sahədə təcrübəmiz var. Bu kanal Azərbaycandan bütün türkdilli dövlətlərə yayılar. Bu televiziya kanalının çox uğurlu perspektivi olacaq. Gələcəkdə bir türk xalqları institutu və universiteti də yaradıla bilər. Bizim türkdilli dövlətlərlə əlaqələrimizi genişləndirmək üçün Türk dünyası üçün kadrlar hazırlamalıyıq” - deyə B.Xəlilov qeyd etdi.
Azər Həsrət: “Bu gün türkdilli dövlətlərin vahid televiziya kanalının yaradılması olduqca vacibdir”
Əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrət də “Bakı-Xəbər”ə bildirdi ki, türkdilli ölkələrin vahid televiziyasının yaradılması böyük hadisə olardı. “Əslinə qalanda, Abdulla Gül Türkiyə Prezidenti olduğu dövrdə bununla bağlı təşəbbüs oldu. Bunun da nəticəsində “TRT Avaz” kanalı fəaliyyətə başladı. Həmin kanal bu gün də efirdədir. Təəssüflər olsun ki, açıq efirdə yayımlanmır, ancaq kabel və peyk üzərindən yayımı həyata keçirilir. Bu kanal ayrı-ayrı türkdilli xalqların dillərində, ləhcələrində proqramlar təqdim edir. Bunu da tərcüməsiz efirə verirlər. Əlbəttə ki, bu gün türkdilli dövlətlərin vahid televiziya kanalının yaradılması olduqca vacibdir. Bu baxımdan, düşünürəm ki, yeni televiziya kanalı yaradılana qədər ilkin mərhələdə “TRT Avaz”ın bir platforma kimi götürülməsi işimizə yararlı olardı”.
A.Həsrət qeyd etdi ki, türkdilli xalqların vahid televiziyasının yaradılması istiqamətində dövlət addımlar atır, bu istiqamətdə də özəl təşəbbüslər olarsa, müsbət qarşılanar.
İradə SARIYEVA