Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ölkədə Milli Azlıqlar Şurası yaradılıb. Erməni mətbuatının yazdığına görə, sözügedən qərarda qeyd olunur ki, şura milli azlıq təşkilatlarının nümayəndələrindən ibarət olan məsləhət orqanıdır.
Hər bir etnik qrupdan 2 nəfər yeni yaradılan qurumda təmsil olunacaq. O da qeyd olunur ki, guya yaradılan bu qurum milli azlıqların hüquqlarının, milli kimliyinin qorunması və mədəniyyətlərinin inkişafı məqsədilə yaradılıb. Şurada Ermənistanın milli azlıqları ilə bağlı əsas məsələlər müzakirə ediləcək. Həmçinin, milli azlıqlara verilən dövlət yardımının paylanmasına dair müvafiq təkliflər hazırlanır.
Rəsmi məlumatlara görə, guya milli azlıqlar Ermənistan əhalisinin 2,5 faizini təşkil edir. Yezidilər Ermənistanda ən böyük etnik azlıq sayılır. Onların sayı 42 min nəfərdir. Rusların sayı təxminən 14 min nəfərdir. Yerdə qalanlar isə malakanlar, assuriyalılar, yunanlar və digərləridir.
Onu da qeyd edək ki, Paşinyan Baş nazir olandan sonra özü də bilmir nə edir. Bir ara islahatlar keçirdiyini bəyan etdi. Onun bu addımı sosial qarşıdurmalara səbəb oldu. Bir müddət əvvəl ölkədə demoqrafik vəziyyətlə bağlı qurum yaratdı. Guya ki, sözügedən qurum ölkədəki acınacaqlı demoqrafik vəziyyəti yoluna qoyacaq. Daha sonra kilsə-dövlət münasibətlərinin tənzimlənməsinə dair işçi qrupunun yaradılmasına qərar verib. İndi də milli azlıqlarla bağlı qurum yaradıb. Sanki Ermənistanda milli azlıqlar var. Əslində, ölkədən digər millətlər qovulub. Yəni etnik təmizləməyə məruz qalıblar. O baxımdan, Ermənistanda bununla bağlı yaradılan orqanı ekspertlər necə şərh edirlər?
Seyid Camal Əzimbəyli: “Bütün bunlar təbliğat xarakterlidir və əsaslı nəyəsə söykənmir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ermənistanda belə bir qurumun yaradılması sırf təbliğat məqsədi güdür: “Əvvəla Ermənistan monoetnik dövlətdir. Bu ölkə poloetnik ölkə olsaydı, hardasa onların bu addımını başa düşmək olardı. Ölkə əhalisinin 99 faizindən çoxu ermənilərdir. Ermənistanda milli azlıq var ki? Ermənistandan yüz minlərlə soydaşımız 30 il əvvəl qovulub. Ruslar SSRİ çökəndən sonra bu ölkəni tərk etdilər. Yezidilər sıxışdırıldı. Həmçinin, digər etniklər ayrıseçkiliyə məruz qaldılar. O baxımdan da guya milli azlıqların ölkə əhalisinin 2,5 faizini təşkil etdiyi barədə deyilənlər tamamilə şişirdilmiş rəqəmlərdir və reallığı əks etdirmir. Bununla onlar Ermənistan barəsində belə bir rəy yaratmaq istəyirlər ki, guya bu ölkədə milli azlıqların hüququ qorunur. Ancaq, əslində, Ermənistanda elə bir etnik azlıq yoxdur. Bununla həm də Ermənistan rəhbərliyi istəyir ki, ölkə barədə tolerant imic formalaşdırsın. Bütün bunlar təbliğat xarakterlidir və əsaslı nəyəsə söykənmir. Həm də Paşinyan müxtəlif dövlət qurumları yaratmaqla ermənilərin başını aldadır. Guya ki, nəsə edir”.
Vidadi ORDAHALLI