Mayın 6-da TASS agentliyi Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın baş verməsi haqqında xəbər yayıb. Məlumata görə, Moskvanın mərkəzində yerləşən səfirlik binasında yanğının söndürülməsinə bir neçə yanğınsöndürən briqada cəlb edilib.
Ancaq Rusiya KİV-inin diplomatik korpusun binasında yanğınla bağlı yaydığı xəbər dezinformasiyadır. Bu xəbəri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təkzib edib. O, media nümayəndələrinə açıqlamasında səfirliyin binasında yanğının baş vermədiyini dilə gətirib: “Səfirlik binasının yanması barədə xəbərlər Rusiya KİV-inin dezinformasiyasından başqa bir şey deyil”.
Maraqlıdır, nə səbəbdən bu tip həqiqətə uyğun olmayan xəbərlər yayılır? KİV-in yanlış məlumat yaymaqda xüsusi məqsədi varmı?
Müşfiq Ələsgərli: “Son bir il ərzində yayımlanan məlumatların intensivliyinə nəzər salsaq, bu, sıradan bir informasiya mənbəyinin xətası deyil”
Məsələ ilə bağlı fikir bildirən media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzən KİV-də dəqiqləşdirilməmiş materiallar yayımlanır. Bu bir xətadır. Ancaq Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğının baş verməsi haqqında yanlış məlumatın yayılması təsadüfi xəta kimi qeyd oluna bilməz: “Son bir il ərzində Rusiya mediasında Azərbaycan əleyhinə çoxlu sayda informasiya verilib. Həmin informasiyalar sayəsində diaspor təşkilatları arasında qarşıdurma yaradılır. Gah səfirliklə, gah da hansısa fərdlərlə bağlı dəqiqləşdirilməmiş material yayımlanır. Bu cür materiallar dəfələrlə yayılır. Sanki kimlərsə münasibətlərin pozulması, qarşılıqlı ittihamların qızışdırılması üçün addımlar atır. Son bir il ərzində yayımlanan məlumatların intensivliyinə nəzər salsaq, bu, sıradan bir informasiya mənbəyinin xətası deyil”.
Həmsöhbətimiz hesab edir ki, ictimaiyyət bu cür xəbərlərə qarşı diqqətli olmalıdır: “Hüquq-mühafizə orqanları yanlış xəbəri yayan mənbələri və hansı məqsədə xidmət etdiyini müəyyənləşdirməlidirlər. Sevindirici haldır ki, dövlət qurumları Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın baş verməsi haqqında xəbərə dərhal reaksiya verib, məlumatın yanlış olduğunu bəyan etdilər”.
Günel CƏLİLOVA