Ramil Hüseynov: “Paşinyan parlament seçkilərində qalib gələrsə, əsas işi İranla sərhədi nəzarətə götürmək olacaq”
“Ermənistanın bütün sərhədləri Sərhəd Qoşunlarının məsuliyyəti altında olmalıdır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaranması günü münasibətilə çıxışında deyib.
O bildirib ki, sərhəd xidməti sülhün ən vacib simvoludur.
“Sərhəd Qoşunlarının yerləşdiyi yerdə təhlükəsizliyə daha çox inam olur. Məhz bu inam sayəsində dövlət sərhədin bu və ya digər hissəsini sərhəd mühafizəçilərinin xidmətinə təhvil vermək qərarına gəlib”, - Paşinyan qeyd edib.
Məlumat üçün qeyd edək ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri ikitərəfli razılaşma əsasında Rusiyanın Sərhəd Qoşunları tərəfindən mühafizə olunur. Paşinyan “bütün sərhədləri Sərhəd Qoşunlarının məsuliyyəti altında olmalıdır” deməklə əslində topu Rusiyaya atır. Yəni onlar oradan çıxarılmalıdır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov prinsipcə, bunu istisna etmədi: “Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması zaman məsələsidir. Ermənistan əvvəl rus sərhədçilərini paytaxt İrəvanda yerləşən “Zvartnots” beynəlxalq hava limanından çıxardı. O vaxta qədər Ermənistana xaricdən gələnləri Rusiya sərhədçiləri yoxlayırdı. Daha sonra Paşinyan İranla sərhəddə yerləşən keçid məntəqəsindən Rusiyanın Sərhəd Qoşunlarını çıxardı. Düzdür, İranla sərhədi ruslar qoruyur, amma sərhəddəki keçid məntəqəsinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət edir. Ermənistan İranla təxminən 43 kilometrlik sərhədə malikdir. Bu da elə də uzun məsafə deyil. Bu baxımdan istisna etmirəm ki, Paşinyan 7 iyun parlament seçkilərində qalib gələrsə, əsas işi İranla sərhədi nəzarətə götürmək olacaq. Çünki Zəngəzur dəhlizi layihəsini ABŞ-la birlikdə icra etdiyi halda, rusların İranla sərhəddə olması potensial riskdir. Rusiya heç vaxt istəməz ki, onun təsir sferasında olan ölkədə Birləşmiş Ştatlar sərbəst fəaliyyət göstərsin və üstəlik önəmli bir nəqliyyat dəhlizi layihəsində yer alsın. İstənilən an həmin ərazidə təxribat törədib bunu İranla əlaqələndirə bilərlər. Onsuz da İran ABŞ-ın bu layihədə yer almasına qarşıdır. Bu baxımdan hesab edirəm ki, Paşinyanın “bütün sərhədləri Sərhəd Qoşunlarının məsuliyyəti altında olmalıdır” fikri məhz Rusiyaya qarşı ünvanlanıb. İrandan sonra Türkiyə ilə sərhəddə yerləşən rus sərhədçilərin çıxarılması gündəmə gətiriləcək. Bu baxımdan hər şey qarşıdakı seçkilərin nəticələrindən asılı olacaq”.
Vidadi ORDAHALLI