TRIPP layihəsi daha geniş strateji əhəmiyyətə malikdir və yalnız materik Azərbaycanı Naxçıvanla birləşdirməklə məhdudlaşmır. Bu fikri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dünya Siyasət Konfransında TRIPP layihəsinin və Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsi zamanı səsləndirib.
Kostanyan qeyd edib ki, "TRIPP layihəsinə dəstək" termini tam reallığı əks etdirmir: "TRIPP layihəsinə dəstək, bəlkə də, Vaşinqtonda əldə edilən razılaşmaların ən dəqiq təsviri deyil, çünki birincisi, TRIPP Ermənistanın tam mülkiyyət hüquqlarına malik olduğu bir layihədir və ikincisi, biz özümüz regionda kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq". Onun sözlərinə görə, layihənin daha geniş strateji əhəmiyyəti var: "TRIPP yalnız materik Azərbaycanı Naxçıvanla birləşdirmir ,bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək üçün daha böyük strateji layihədir, eləcə də qarşılıqlı fayda əldə etmək öhdəliklərinin anlaşılmasıdır". O, blokadanın aradan qaldırılması nəticəsində layihənin Ermənistanın ərazisinin müxtəlif hissələrini birləşdirə biləcəyini vurğulayıb: “Bu, həm də praktikada Cənubi Ermənistanın Naxçıvandan keçən dəmir yolu vasitəsilə Şimali Ermənistanla əlaqə qura biləcəyi deməkdir”. Erməni rəsmi əlavə edib ki, bu proses təkcə Şərqi Qərblə deyil, həm də Fars körfəzini Qara dənizlə birləşdirəcək.
Kostanyanın sözlərinə görə, Ermənistan layihənin həyata keçirilməsində maraqlıdır və bunu Amerika tərəfi ilə fəal şəkildə müzakirə edir: “Biz amerikalı həmkarlarımızla Ermənistanda Ermənistan-Amerika birgə müəssisəsi yaratmağı planlaşdırdığımız barədə fəal danışıqlar aparırıq”.
O, həmçinin regional əməkdaşlığın praktik nümunələrinin artıq mövcud olduğunu vurğulayıb: “Biz artıq təkcə texniki-iqtisadi əsaslandırmaya deyil, həm də regionda kommunikasiyaların faktiki açılmasına başlamışıq, çünki 8 avqustdan sonra, məsələn, Qazaxıstandan Azərbaycan və Gürcüstan dəmir yollarından istifadə edərək taxıl idxal etmək kimi bir presedentimiz var”. Kostanyan qeyd edib və bunu əməkdaşlığın effektiv nümunəsi adlandırıb. Ermənistan-Azərbaycan münasibətlərinə toxunan Kostanyan qeyd edib ki, iki tərəf sülhün bərqərar olması barədə danışır: “Hər iki ölkənin liderləri dəfələrlə qeyd ediblər ki, Ermənistan və Azərbaycan arasında sülh artıq bərqərar olub və biz hazırda davam edən prosesləri “sülhün institusionalizasiyası” adlandırmağa üstünlük veririk”. Kostanyan əlavə edib ki, bu prosesin bir hissəsi olaraq iqtisadi və digər addımlar atılır: "Biz artıq birbaşa ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan benzin idxal etmişik və ümid edirik ki, bu, yaxın gələcəkdə də davam edəcək - biz artıq Ermənistandan Azərbaycana nə ixrac edəcəyimizi müəyyən etmişik". O əlavə edib ki, insanlararası təmaslar üzərində də işlər aparılır: "Vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər təşkil olunur". O, bu görüşlərin həm xaricdə, həm də birbaşa Ermənistan və Azərbaycanda keçirildiyini vurğulayıb. Kostanyan həmçinin regional əməkdaşlıq üçün yeni formatların vacibliyini qeyd edib: "Biz həmçinin gürcü həmkarlarımızla Xarici İşlər nazirlikləri arasında üçtərəfli məsləhətləşmələr şəklində çox vacib bir format yaratmışıq". Nazir müavininin sözlərinə görə, regionda əməkdaşlıq perspektivləri çox genişdir: "Biz təkcə Ermənistan, Gürcüstan və Azərbaycan arasında deyil, həm də daha geniş qonşularımızla regional əməkdaşlıq üçün böyük potensial görürük".
Samirə SƏFƏROVA