Xaqani Cəfərli: “Volodimir Zelenski bu təşəbbüsü ilə iki ciddi siyasi nəticə əldə edilməsini hədəfləyir”
Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski bunu Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. “Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - Zelenski qeyd edib.
İstanbul və İsveçrədən sonra görüşün Bakıda keçirilməsi nəyi dəyişə bilər?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsini təklifi bütövlükdə danışıqlarla bağlı ciddi dəyişiklik yarada bilməz. “Qənaətimcə Ukrayna Prezidenti Volodimir Zelenski bu təşəbbüsü ilə iki ciddi siyasi nəticə əldə edilməsini hədəfləyir. Birincisi, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının Azərbaycanda keçirilməsi Kiyevin və Bakının marağına cavab verərək üç keçmiş sovet respublikası arasında bərabərlik işarəsi qoyur. Yəni, Ukrayna və Azərbaycan daha imperiyanın əyaləti deyil, bərabər hüquqlu dövlətidir. Bu yanaşma Bakı və Kiyevin maraqlarının ifadəsidir.
İkinci məqam isə onunla bağlıdır, Ukrayna prezidenti müttəfiqi olduğu Azərbaycanın siyasi gücünün və imicinin yüksəlişində maraqlıdır. Danışqıların Bakıda keçirilməsi Azərbaycanın siyasi gücünü artırar, imicini yüksəldər. Bu həm də Ukrayna prezidentinin Azərbaycan prezidenti İlham Əliyevə minətdarlıq addını kimi də dəyərləndirilə bilər”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA