Mübariz Göyüşlü: “Cənab Prezidentin baş verən hadisəyə sərt reaksiyası olmasaydı İran tərəfindən də bu cür yanaşma olmayacaqdı, onlar bu məsələni araşırmayıb yayınmağa çalışacaqdılar”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib ki, İranın xarici işlər naziri hadisənin araşdırılacağına söz verib. C.Bayramov vurğulayıb: “Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni ciddi müzakirə etdik. İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik".
Qeyd edək ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
İranın Naxçıvan aeroportunu vurmasına Prezident İlham Əliyevin ilk kəskin reaksiyası olmasaydı, İran hadisənin ciddi araşdırılacağını vəd etməzdi. İran tərəf əvvəlcə bunu təkzib etsə də, İranın xarici işlər naziri Abbas Əraqçı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində hadisəni araşdıracaqlarına söz verib.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a təəssüflə bildirdi ki, bu İranın xüsusən də Azərbaycana qarşı növbəti çox yanlış siyasətinin nəticəsidir. M.Göyüşlü qeyd etdi ki, Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu, ardınca verdikləri absurd açıqlamalar, atdıqları addımlar növbəti yanlışlığın göstəricisi oldu. “Hesab etmirəm ki, burada İranın iştirakı yoxdur. Bu terror hadisəsinin baş verməsinə kimin göstəriş verdiyi mütləq araşdırılmalıdır. Amma bu hücum İran ərazisindən gerçəkləşdirilibdir. Burada SEPAH-ın, yaxud başqa qurumun əli olduğu araşdırılmalı, müəyyən edilməlidir. Buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Çünki baş verənlər qəbul olunan və anlaşılan deyil. Biz bunu nə qəbul edirik, nə anlayırıq, nə də onunla razılaşırıq”.
M.Göyüşlünün sözlərinə görə, İran tərəf məsələni dərindən araşdırmalı və günahkarları tutduqları vəzifədən aslı olmayaraq cəzalandırmalıdır. “Çünki Azərbaycan buna dözmür, dözməyəcək də. İran bunu dolayı yollarla inkar edə bilməz. Cənab Prezidentin baş verən hadisəyə sərt reaksiyası olmasaydı İran tərəfindən də bu cür yanaşma olmayacaqdı, onlar bu məsələni araşırmayıb yayınmağa çalışacaqdılar. İlk açıqlamalarından da gördük ki, İran tərəfin niyyəti bunu ört-basdır etmək, yayınmaq idi. Amma artıq Prezident İlham Əliyevin reaksiyasını gördükdən də sonra İran baş verənləri araşdıracağını vəd edib.
Biz eyni zamanda analoji yanaşmanı səfirliyimizə terror hücumu zamanı da görmüşdük. Azərbaycanın sərt reaksiyasından sonra onlar üzr istədilər və günahkar da cəzasını aldı”-deyə M.Göyüşlü vurğuladı.
İradə SARIYEVA