Fevralın 3-də başa çatan Azərbaycan-BƏƏ birgə təlimində yeni pilotsuz hava və quru sistemləri nümayiş etdirilib. Bu haqda "Janes" nəşri yazır.
Azərbaycan və BƏƏ müdafiə nazirliklərinin yaydığı videolarda ən azı beş dördayaqlı robot görünür. Onlardan ikisinin ayaqlarında təkərlər və işıq məsafəölçmə (LIDAR) sensorları var. Bu robotlar Əbu-Dabidəki Əl-Həmra Döyüş Təlimi Mərkəzində hərbçilərə binaların təmizlənməsində kömək edir. Bu robotlar "Unitree" Çin şirkətinin B2 modelinə tam bənzəyib, həmin model də ayaqlarını təkərlərlə əvəzləyə bilir. "Unitree" bildirir ki, B2 20 kq yüklə 15 km məsafəni dörd saat fasiləsiz gedə, 40 sm hündürlüyündə maneəni aşa, 120 sm-ə qədər tullana bilir. "Janes" təlimdə ikivintli azı iki pilotsuz helikopterin də iştirak etdiyini yazır. Onlardan biri xilasetmə xərəyi ilə şərti yaralının təxliyəsində istifadə olunub, digəri yük kapsulu ilə eniş edib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilib. Məqsəd dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, yaralıların təxliyəsi və s. olub. "Sülh Qalxanı – 2026" təlimi fevralın 2-3-də Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Təlimi Azərbaycan prezidenti İlham Əliyev və BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan izləyiblər. hesab olunur ki, Azərbaycan artıq yalnız Avropa və türk dövlətləri ilə deyil, eyni zamanda, Yaxın Şərqin aparıcı gücləri ilə də strateji tərəfdaşlıq münasibətləri qurur. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin dinamik inkişafı xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin BƏƏ-yə son işgüzar səfəri Azərbaycanın Körfəz regionu ilə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə çıxararaq siyasi etimad, enerji təhlükəsizliyi və müdafiə əməkdaşlığı üzrə keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Səfər, eyni zamanda, Azərbaycanın regional sabitlik və təhlükəsizlik təşəbbüslərində rolunun artdığını, Körfəz ölkələri ilə uzunmüddətli strateji sinerjinin əsaslarının qoyulduğunu təsdiqlədi. Ramil QULİYEV