Əli Mustafa: “Ermənilər öz gələcəyini Avropa İttifaqında görür, arzulayır və bunu Rusiya dayandıra bilməz”
Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib. Keçirilən danışıqlar zamanı Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyündən faydalandığı halda Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək.
İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Aİ-nin Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq: “Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür”.
Görünən odur ki, Avropa İttifaqı, yoxsa Aİİ məsələsi Rusiya ilə Ermənistan arasında kəskin mübahisə predmetinə çevrilir. Digər tərəfdən, Lavrov Cənubi Qafqazda vəziyyətin mürəkkəbliyindən dəm vurur. Regionda vəziyyətin nəyi mürəkkəbdir ki? Tam əksinə Cənubi Qafqazda mürəkkəb vəziyyət arxada qalıb, sülh səyləri artıb və sülh sazişinin imzalanması gündəmdədir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafa hesab edir ki, Cənubi Qafqazda vəziyyətin gərgin olduğunu iddia edən Lavrov məsələni başqa istiqamətlərə doğru yönəltmək istəyir: “Çünki Rusiya hələ Cənubi Qafqazdan tam çıxmayıb. Türkiyə, Birləşmiş Ştatlar, Avropa İttifaqı, Çin isə Cənubi Qafqaza tədricən daxil olur. Lavrov bu baxımdan çox narahatdır. Çünki uzun illər bu bölgədə əsasən Rusiya at oynadıb. Artıq o imkanlar bu gün mövcud deyil. Rusiyanın bölgədə rolu zəiflədikcə, regiondakı dövlətlərin mövqeyi güclənir. Digər oyunçuların da regiona gəlişi bölgə dövlətlərində özünə inamı artırır. Nəticədə burada Rusiyanın ənənəvi imperiya oyunları zəifləyir. Məhz bütün bunları görə Lavrov Cənubi Qafqazdakı vəziyyəti gərgin hesab edir. Yoxsa başqa gərginlik yoxdur. Hər keçən gün Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad artır. Bu isə sülh sazişinin imzalanma vaxtını yaxınlaşdırır. Zaman Rusiyanın əleyhinə işlədiyi üçün bunlar Lavrovu əsəbləşdirir. Lavrov həm də erməni kökənli olduğu üçün onun üzərinə müəyyən məsuliyyət düşür. Çox güman Kremldə ona deyirlər ki, get erməniləri başa sal. Yəni imkan vermə ki, Ermənistan Rusiyadan üz çevirib Avropa İttifaqına doğru getsin. Ermənistanda isə nəinki Paşinyan hakimiyyəti, erməni cəmiyyəti də başa düşür ki, Rusiya ilə bu ölkənin perspektivi yoxdur. Rusiya ilə Ermənistanın gələcəyi, iqtisadi inkişafı görünmür. Ermənilər öz gələcəyini Avropa İttifaqında görür, arzulayır və bunu Rusiya dayandıra bilməz. Bu isə o deməkdir ki, Ermənistanın Aİİ-dən çıxması qaçılmazdır. Sadəcə, indi bunun hələ vaxtı deyil. Rusiya hakimiyyəti də bütün bunların fərqindədir”.
Vidadi ORDAHALLI