Təbriz Musayev: “Rusiyanın Zəngəzur dəhlizində hansısa formada iştirakı ciddi təhdiddir”
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu – Zəngəzur Dəhlizi) layihəsinə qoşula bilməsi ehtimalını şərh edib.
Simonyan belə imkanı təsdiqləyə bilməyəcəyini deyib və bəyan edib ki, Rusiyanın TRİPP-də iştirakı absurddur: “Çünki TRIPP ilk növbədə erməni-amerikan təşəbbüsüdür. Əgər biz marşrut və ya yolun açılmasından danışırıqsa, o zaman, mənim fikrimcə, bu, ayrıca təşəbbüs kimi çərçivəyə salınmalıdır. TRIPP çərçivəsində bu, bir qədər absurd görünür. Çünki bu, mahiyyət etibarilə TRIPP-nin işləməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək demək olardı”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bununla rəsmi İrəvan ən yüksək səviyyədə bəyan edir ki, Rusiyanın TRIPP layihəsində iştirakı mümkünsüzdür: “Çünki regionda illər ərzində həyata keçirilən meqa layihələrin fəlsəfəsi o olub ki, neft-qaz kəmərləri, nəqliyyat yolları Rusiyadan yan keçsin. Rusiyadan olan asılılıq, bu ölkənin yarada biləcəyi təhdidlər minimuma endirilsin. Bu layihələrin də uzun illər benifisiarı məhz Azərbaycan olub. Çünki Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilib. Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib. Nəticədə Şərqdən Qərbə və əks istiqamətdə daşımalarda Rusiyadan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Bəli, 2008-ci ildə Ermənistan dəmir yolları Rusiyanın idarəçiliyinə verilib. Müqaviləyə görə Rusiya Ermənistan dəmir yollarının yenilənməsinə, infrastruktura 300 milyon dollar sərmayə qoymalı idi. Ancaq Rusiya ötən 20 ildə bunu etmədi. Ancaq Zəngəzurdan keçən dəmir yolu bura daxil deyil. Rusiyanın üzərinə düşən öhdəlik Qazax-İcevan, Arazdəyən-İrəvan dəmir yolunu təmir etməkdir. Paşinyan məhz bununla bağlı tələblərlə çıxış edir ki, Rusiya öhdəliklərini yerinə yetirsin. Rusiyanın Zəngəzur dəhlizində iştirakından söhbət getmir. Çünki buna ehtiyac yoxdur. ABŞ Zəngəzur dəhlizinin tikilməsinə ilkin olaraq 145 milyon dollar ayırıb, dəhlizin idarəçiliyində iştirak edir. Əgər Ermənistan Rusiyanın iştirakında maraqlı olsaydı, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın 9-cu bəndindən çıxış edərək buna gedərdi də. Ermənistan doğru olaraq buna getmədi. Çünki Rusiyanın məqsədi Cənubi Qafqazda dayanıqlı sülh yaratmaq yox, regionu gərginlikdə saxlamaq və bundan öz məqsədləri üçün istifadə etməkdir. O üzdən, Rusiyanın Zəngəzur dəhlizində hansısa formada iştirakı ciddi təhdiddir. Bu, həm də ABŞ-ın maraqlarına ziddir”.
Vidadi ORDAHALLI