Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun təmsilçisi, siyasi şərhçi David Stepanyan "Noyan Tapan TV. Xüsusi Proqramlar" "YouTube" kanalının qonağı olub. Aparıcı Qayane Arakelyan qonağı ilə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin ortaq məxrəc əldə edildiyi bir nöqtəyə çatdığını və "birlikdə işləməyin onlar üçün faydalı olduğu" təəssüratını bölüşüb. Stepanyan buna belə cavab verib: "Həmişə belə olub. Birlikdə işləmək həmişə bizim üçün faydalı olub. Amma biz son vaxtlara qədər birlikdə işləmədik, çünki hakim elitaların ilk növbədə, Rusiya ilə bağlı başqa maraqları var idi və bu hakim elitalar müxtəlif dərəcələrdə Moskvaya tabe və ya əlaqəli idilər.
Əlaqələr Rusiya üçün faydalı deyildi, açıq şəkildə Rusiyanın təbəəsi olan prezident Robert Köçəryan üçün faydalı deyildi. Robert Köçəryan heç vaxt heç yerdə - nə Qarabağda, nə də Ermənistanda seçilməmiş bir insandır; o, həmişə təyin olunurdu. O, təyin olunmuş prezident idi və buna görə də onu təyin edənlərin maraqlarını təmin edirdi. O, bu planlara fəal şəkildə qarşı çıxan insanlardan biridir. Bill Klinton və Vladimir Putin arasında 2000-ci ildə aparılan danışıqların bu yaxınlarda açıqlanmış transkriptini oxuyun. Klinton orada deyir: "Ki Uest bizim üçün uğurlu olmadı, amma bəlkə də Cənubi Qafqazda kommunikasiyaları blokdan çıxarmağın başqa bir yolu haqqında düşünməliyik. Bəlkə də bu problemi həll etmək üçün bunu başqa bir şəkildə etməyə çalışmalıyıq". Putin isə deyir ki, “Mən buna qarşı deyiləm, Robert Köçəryan əleyhinədir!” Mən Robert Köçəryanla danışdım və o, bu problemi gələcəyə buraxmalıyıq deyə düşünür. Robert Köçəryan problemi gələcəyə “saxladı”... Hər şey açıqdır, hər şey məlumdur, biz hər şeyi bilirik. Köçəryanın imtina etdiyini deyəndə Putinin yalan danışıb-yalan danışmadığını bilmirəm”.
Stepanyan Ermənistanın ikinci prezidentinin həqiqətən də yalan danışdığını və bu vəziyyətin ona fayda verdiyini istisna etmir: “Onun xarici işlər naziri Oskanyan deyirdi ki, biz qapalı sərhədlər altında inkişaf edirik. Evrika! Biz “təkəri icad etmişik! ” Dünyada heç bir ölkə qapalı sərhədlər altında inkişaf etmir, amma biz inkişaf etdik?. Bu, Köçəryan və komandasının iç üzünü ifşa edir”.
Samirə SƏFƏROVA