Ramil Məmmədli: “Bunların arasında müəyyən əlaqənin olması istisna deyil”
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsi tərəfindən keçirilən birgə əməliyyat zamanı İran kəşfiyyat xidmətləri üçün siyasi və hərbi casusluqda şübhəli bilinən altı nəfər saxlanılıb.
Əməliyyatlar eyni vaxtda Ankara, İstanbul, Van, Samsun və Yalovadakı ünvanlarda keçirilib. Saxlanılan şəxslərin SEPAH-ın kəşfiyyat xidmətləri ilə əlaqəli olduqları ehtimal edilir. Şübhəlilərin Türkiyədə, o cümlədən xaricdə yerləşən hərbi bazalar və strateji əhəmiyyətli obyektlər haqqında məlumat topladıqları aşkar edilib. “Saxlanılan şəxslər Adanadakı “İncirlik” Hava Bazasının müşahidəsini təşkil edərək, toplanmış kəşfiyyat və logistika məlumatlarını İran kəşfiyyatına ötürüblər. Şübhəlilər, həmçinin Türkiyə üzərindən üçüncü ölkələrə pilotsuz uçuş aparatlarının ötürülməsini də izləyiblər” - deyə Türkiyə mediası yazır.
Bu hadisə ilə bu günlərdə Bakıda səfirliyə hücum planlaşdıran 3 şəxsin tutulması arasında bir bağlılıq ola bilərmi? Yəni ehtimal etmək olarmı ki, 1-ci gün Bakıda baş vermiş həmin hadisədə söhbət Türkiyə səfirliyindən gedir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, prinsipcə hər şey mümkündür: “Bunların arasında müəyyən əlaqənin olması istisna deyil. Çünki Bakıda keçirilən uğurlu əməliyyatdan sonra Türkiyədə də bənzər əməliyyatın keçirilməsi təsadüfü deyil. Bu, o qənaətə gəlməyə əsas verir ki, hər iki ölkənin təhlükəsizlik qurumları belə cəhdlərin olacağı ilə bağlı siqnallar alıb. Ona görə də koordinasiyalı hərəkət etmələri istisna olunmur. Çünki bu kimi situasiyalarda təhlükəsizlik orqanlarının koordinasiyalı fəaliyyət göstərməsi, məlumat mübadiləsi və çevik hərəkət daha çox səmərə verir. Ancaq birmənalı olaraq demək çətindir ki, Bakıda məhz Türkiyə səfirliyi hədəf seçilib. Bunu birmənalı olaraq iddia etmək doğru olmaz. İsrail səfirliyinin də hədəf seçildiyini ehtimal etmək olar. Düzdür, Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Müvafiq orqanlar arasında sistemli koordinasiya mövcuddur. Xüsusən də Bakıda fəaliyyət göstərən diplomatik korpusların mühafizə edilməsinə böyük diqqət göstərilir. Belə cəhdlərin qarşısı vaxtında alınır. Hesab edirəm ki, İran ətrafında məlum gərginlik artığı üçün diplomatik korpusların, digər vacib obyektlərin mühafizə edilməsi daha da gücləndiriləcək”.
Vidadi ORDAHALLI