Əli Orucov: "Ermənistan sülh sazişinin yekun imzalanması üçün siyasi iradə ortaya qoymalıdır"
Ermənistan mediasında yer alan məqalədə bildirilir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin yaxın aylarda imzalanacağına ümid var. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 28-də AŞPA-da çıxışı zamanı deyib. O əlavə edib ki, sənəd kommunikasiya xətlərinin açılması və tranzit sahəsində əməkdaşlığı da əhatə edəcək. Mirzoyan tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların davam etdiyini vurğulayıb.
Mirzoyan seçkidən qabaq sazişin imzalanmasını mümkün sayırmı?
Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında politoloq Əli Orucov bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində xeyli məsafə qət olunub və bu prosesin reallaşmasına çox az qalıb. Onun sözlərinə görə, ötən ilin 8 avqustunda Ağ Evdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” 17 maddədən ibarət saziş layihəsinin paraflanması bu prosesi xeyli yaxınlaşdırıb və geniş imkanlar açıb.
Politoloq qeyd edib ki, Bakı ilə İrəvan arasında əlaqələrin bərpası istiqamətində praktik işlər də görülür. Artıq Azərbaycan üzərindən Ermənistana dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirilir, qarşılıqlı ticarət əlaqələri qurulur və onların genişləndirilməsi, şaxələndirilməsi ilə bağlı müzakirələr aparılır. Beynəlxalq platformalarda liderlər arasında dialoq mühiti mövcuddur. Cənubi Qafqazda inteqrasiyanın və davamlı təhlükəsizliyin əldə olunması üçün Bakı fəal diplomatik səylər göstərir.
Bununla belə, Əli Orucov vurğulayıb ki, Ermənistan sülh sazişinin yekun imzalanması üçün siyasi iradə ortaya qoymalıdır. O, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasının vacibliyini qeyd edib. Politoloqun fikrincə, Bakı sülh və normallaşma istiqamətində ardıcıl təşəbbüslər irəli sürür və addımlar atır, Ermənistan isə bunları düzgün qiymətləndirməli və adekvat cavab verməlidir.
Əli Orucov Ermənistanın xarici işlər nazirinin sülh sazişinin yaxın aylarda imzalanacağı ilə bağlı nikbin bəyanatının nəyə əsaslandığını dəqiq deməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, bu, İrəvanın beynəlxalq ictimaiyyət qarşısında saxta müsbət imic formalaşdırmaq cəhdi də ola bilər. Politoloq vurğulayıb ki, Azərbaycanın mövqeyi dəyişməzdir və bu mövqe şərt deyil, beynəlxalq hüquqdan və hamılıqla qəbul edilmiş prinsiplərdən irəli gələn haqq və hüquqlara əsaslanır. Sülh yalnız Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi və BMT Nizamnaməsi çərçivəsində davranış nümayiş etdirdiyi halda mümkün olacaq.
Akif NƏSİRLİ