Əli Mustafa: “Paşinyan Naxçıvana maneəsiz gedişi təmin etməyə hazırıq deməklə, ictimai rəyi buna hazırlayır”
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Naxçıvanla maneəsiz əlaqəni təmin etməyə hazırıq:
“Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istərdim: razılaşdırılmış şərtlər çərçivəsində biz bu istiqamətdə, o cümlədən dəfələrlə bəyan etdiyimiz prinsiplərə uyğun olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etmək istəyinə və mütləq irəliləyəməyə hazırıq. Biz Ermənistanda münaqişə məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə doğru getməliyik”.
Maraqlıdır, parlament seçkilərindən əvvəl Paşinyan buna gedə bilərmi? Söhbət avtomobil yolunun açılmasından gedir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Əli Mustafa hesab edir ki, Azərbaycanın son vaxtlar atdığı addımlar Bakı-İrəvan münasibətlərinin yaxşılaşması, sağlamlaşması istiqamətində kifayət qədər ciddi addımlardır: “Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə yüklərin daşınması, neft məhsullarının verilməsi və digər məsələlər kifayət qədər ciddi jestlərdir. Yəqin ki, bu, erməni cəmiyyətinin ovqatına da təsir edir. Eyni zamanda Paşinyan üçün də əlavə arqumentlər yaradır ki, o, həm sülh prosesinə sadiqlik baxımından, həm də Azərbaycanın bu jestlərinə adekvat cavab vermək baxımından rahat davranış sərgiləyə bilsin. O üzdən, hesab edirəm ki, Naxçıvana yolun açılması məsələsində problem olmamalıdır. Düzdür, seçkilər, ictimai rəy və s. var. Ancaq hər halda bunu əsaslandırıb inandırmalıdırlar. Nəzərə almalıdırlar ki, Azərbaycan son 3 ay ərzində ard-arda bir sıra addımlar atıb. Zəngəzur üzərindən yol açılsa, həm də Naxçıvan vasitəsi ilə İrəvana yükdaşımalar həyata keçirmək mümkün olacaq. Azərbaycan və Türkiyə vasitəsi ilə Ermənistanın dünya ticarət şəbəkələrinə çıxmaq imkanı olacaq. Bu baxımdan Paşinyan öz üzərinə düşən işləri görməlidir və praktiki addımlar atmalıdır. Otuz ildən çox blokadada qalan Naxçıvana yol verməlidir. Hesab edirəm ki, burada bir problem yoxdur. Sadəcə olaraq Ermənistan ərazisində bu yolların hazır olub-olmaması məsələsi var. Araz sahili ilə gedən bu yollar hələlik işlək vəziyyətində deyil. Fikrimcə, Paşinyan Naxçıvana maneəsiz gedişi təmin etməyə hazırıq deməklə, ictimai rəyi buna hazırlayır. Bu, doğru yanaşmadır. Çünki regiona sülh gəlməlidir. Baxmayaraq ki, ən çox zərər görən tərəf bizik. Lakin daim düşmən olmaq olmaz. Biz bir sıra məsələləri nəzərə alırıqsa, onlar da almalıdır”.
Vidadi ORDAHALLI