Elxan Şahinoğlu: "Ukrayna düşünür ki, təhlükəsizlik təminatı almadan atəşkəs ölkənin zərərinə olacaq"
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun və Böyük Britaniyanın baş naziri Keir Starmerin Ukraynadakı müharibəni dayandırmaq üçün “heç nə etmədiklərini” deyib.
Bu ittiham hər iki liderin Ağ Evə səfəri ərəfəsində Donald Trampın “Fox News” telekanalına müsahibəsində səsləndirilib. Bununla belə, tənqidlərə baxmayaraq, Tramp Makronu “dost” hesab etdiyini bildirib və Starmeri “çox yaxşı oğlan” adlandırıb.
Qeyd edək ki, Makron Vaşinqtona gələn bazar ertəsi, Starmer isə gələn cümə günü gedəcək.
Doğrudanmı Makronun və Starmerin müharibənin qarşısını almaq və ya başlayandan sonra onu dayandırmaq imkanları olub və onlar bu imkandan istifadə edə bilməyib?
Baki-xeber.com-a açıqlamasında Elxan Şahinoğlu bildirdi ki, Avropa liderlərinin mövqeyi Amerika prezidenti Donald Trampı o qədər də maraqlandırmır: "Ukrayna məsələsində heç Tramp Avropa liderləri ilə hesablaşmır. Əslində Səudiyyə Ərəbistanındakı danışıqlar da bunun göstəricilərindən biridir. Tramp o fikirdədir ki, Ukrayna müharibəsinin başlanmasına görə ən böyük səhvlərdən birini Avropa edib, indi də müharibəyə görə yükü "Köhnə qitə" daşımalıdır. Onsuz da Fransa prezidenti və Böyük Britaniya baş nazirinin Trampla görüşü ABŞ prezidentinin mövqeini dəyişməyəcək. Düzdür, indi Makron yekə-yekə deyir ki, Trampa Ukraynaya dəstəyin davam etməsini izah edə biləcək. Amma Trampın mövqeyi artıq bəllidir. Lakin Trampın mövqeyini nə Ukrayna, nə də Avropa qəbul edir. Ukrayna isə indiki şərtləri qəbul etsə, bu, Rusiya qarşısında məğlubiyyət demək olardı. Çunki Tramp deyir ki, Ukrayna Krımı unutmalı, şərq torpaqlarının itirilməsi ilə barışmalı və NATO üzvlüyündən vaz keçməlidir. Bütün bunlar isə Ukraynanın maraqlatına tamamilə ziddir.
Makron və Starmer son şanslarından istifadə etmək məqsədilə Trampla görüşmək qərarına gəliblər. Düsünürlər ki, Trampın mövqeyində dəyişiklik edə bilərlər. Amma bu olmasa, aydındır ki, Avropa öz yolu ilə, Amerika da öz yolu ilə gedəcək. Amerika Rusiya-Ukrayna müharibəsində qısa müddətdə atəşkəs rejiminə nail olmaq istəyir. Amma bu məsələdə Avropanın mövqeyi fərqlidir, onlar müharibəni davam etdirərək Rusiyanı çökdürmək istəyir. Ukrayna da düşünür ki, təhlükəsizlik təminatı almadan atəşkəsə gedilməsi ölkənin zərərinə olacaq".
Dəniz NƏSİRLİ