İlham Şaban: “SOCAR Trading SA” artıq bir neçə ildir ki, Qətər qazının eksklüziv olaraq Pakistan bazarına çatdırılmasını təmin edir"
Fevralın 24-də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
İmzalanan sənədlər arasında neft və neft məhsullarının, mayeləşdirilmiş qazın Pakustana ixrac edilməsi ilə bağlı xeyli sənədlər imzalanıb. Azərbaycanın Pakistana neft və neft məhsulları, o cümlədən də qaz ixracının hansı perspektivlər ola bilər? Yəni Pakistan üzərindən başqa hansı ölkələrə çıxış imkanları yarana bilər?
Baki-xeber.com-a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, Pakistanla Azərbaycan arasında imzalanan dövlətlərarası müqavilələrdə neft-qaz və neft məhsullarının ixracı da nəzərdə tutulur: "Azərbaycan dost ölkə kimi Pakistanla öz iqtisadi əlaqələrini genişləndirməkdə və dərınləşdirməkdə maraqlıdır. Bu maraqların bir hissəsi də enerji sektoruna aiddir. “SOCAR Trading SA” artıq bir neçə ildir ki, Qətər qazının eksklüziv olaraq Pakistan bazarına çatdırılmasını təmin edir. Ölkələrimiz arasındakı dostluq münasibətinə görə “SOCAR Trading SA” digər şirkətlərə nisbətən Qətərin maye qazını Pakistan bazarına daha ucuz qiymətə daşıyır. Bu da rəsmi Bakı ilə İslamabad aradında olan sıx münasibətlərdən irəli gəlir. İndi daha üç il müddətinə maye qazın tankerlərlə daşınması xidmətinin göstərilməsı üçün müqavilə imzalandı.
Azərbaycanla Pakistan arasında quru sərhəd olmadığından və loqistika əlaqələri çox mürəkkəb olduğundan bu cür əlaqələrin genişləndirilməsi arzulanan olsa da, amma bir qədər çətindir, hətta bəzi məsələlərdə bu mümkünsüz olur. Bu səbəbdən digər sahələr də araşdırılacaq, imkanlar dəyərləndiriləcək və bundan sonra iqtisadi əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müəyyənləşdiriləcək. Çunki Pakistan bizə doğma bir ölkədir".
Onu da qeyd edək ki, Pakistandan Azərbaycana idxal olunan düyünün rüsumlardan azad edilməsi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Pakistan şirkətləri arasındakı əlaqələr, ticari sahədə müxtəlif təşəbbüslər iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib.
2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 48 min dollar olub. Bu, əvvəlki illərin göstəricilərinə əsasən, iki dəfədən çox artımın əldə olunması deməkdir. Ancaq aydındır ki, bu rəqəm ölkələrimiz arasındakı ticari potensialı əks etdirmir.
Dəniz NƏSİRLİ