Mübariz Göyüşlü: “İctimai rəy sayəsində BMT Ermənistana itkin düşmüş şəxslərlə bağlı təzyiq edə bilər, belə olan halda…”
Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşüb. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksəksəviyyəli İclasında məlum məsələyə toxunub: “Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəmində tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq".
Görəsən, itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın çağırışından sonra BMT ölkəmizlə əməkdaşlıq edəcəkmi?
“... ictimai rəyin formalaşdırılması baxımından bu addım əhəmiyyətlidir”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistanın məlum əməkdaşlıqdan imtina etməsi yanlış siyasətdir: “Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində problem kimi görünən məsələlərdən biri də məhz budur. Ölkəmiz itkin düşmüş şəxslərlə bağlı BMT-ni əməkdaşlığa çağırır. Şəxsən mən BMT-nin məlum məsələ ilə bağlı müsbət reaksiya verəcəyini inanmıram. 30 il ərzində BMT-nin 4 qətnaməni necə icra etdiyini görmüşük. Ümumiyyətlə, bu istiqamətlə görüləb işlər müsbət dəyərləndirilməlidir. Çünki bu kimi addımlar ictimai rəyə təsir edir. Nəzərə almaq lazımdır ki, Ermənistan beynəlxalq tribunalarda bizim əleyhimizə kampaniyalar aparır”.
Siyasi şərhçi hesab edir ki, itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın çağırışına müsbət reaksiya olmasa ictimai rəyin formalaşdırılması baxımından bu addım əhəmiyyətlidir: “İctimai rəy sayəsində BMT Ermənistana itkin düşmüş şəxslərlə bağlı təzyiq edə bilər. Belə olan halda Ermənistan itkin düşmüş şəxslər haqqında doğru-dürüst məlumatı ölkəmizlə paylaşar”.
Günel CƏLİLOVA